Basindən keçən 3 nömrəni xatırlayırsızmı?

Basindən keçən 3 nömrəni xatırlayırsızmı?
 

Basindən (indiki Füzuli küçəsi) keçən 3 nömrəni xatırlayırsızmı?
 
Bəs Riqa Vaqon Zavodunun “PB3-6” tramvaylarını?
Nə qədər sınıx-salxaq olsalar da çıxardığı səslər, zınqırova bənzəyən siqnalı çox doğma idi, xatırlamayan varmı?
 
İstanbulun modern tramvaylarına minəndə çox vaxt yanağımı pəncərəyə dayayıb, vaqonun sağa ya da sola burulmasını gözləyirəm ki, bizim köhnə-köşkül tramvayların qıcırtısını eşidim. Ancaq nə gəzir burda o səslər?
Nə konduktoru var Münəvvər kimi, nə də Baləli kimi idealist maşinisti…
 
Sirkeci və ya Lalelide tramvaydan enəndə hər dəfə arxasınca baxıram.
Baxıram ki, bəlkə heç olmasa PB3-lər kimi ləngər vura vaqonlar.
Allahın ləngərini də vurammırlar zalımlar.
Noolsun, “zato” bizim tramvaylar “sarı-qırmızılı” Galatasaray rənglərində idilər.
İdilər…
 
Evə dönmək üçün Kabataş istiqamətinə gedən tramvaya minirəm. Rahat oturacaqda “Münəvvər və Baləli” məqaləm düşür yadıma.
Və o məqaləmdəki xalq şairi Qabil və onun kultlaşmış “Tramvay parka gedir” şeiri –
 
Parka, yəni çıxmaza gedən gecə tramvayının çıqqıldayan təkərləri, şimşək kimi çaxaraq od qopardan “buynuzu”, qaçıb gedən illər, hər dayanacaqda tək-tək itirdiklərimiz keçir yüyənsiz xəyalımdan…
 
Relslərin calağında çıqqıldayır təkərlər.
Elə bil bir nəhəngin dişlərini tökürlər…
Məftillərdən od qopur şimşək çaxan sayağı.
Məftillər fışıldayır qızıl ilan sayağı…
 

Rauf Canibekov, Yağışdan sonra Basin küçəsi”
 Paralel.az

0.017729997634888