Zərif adlananlar...

Zərif adlananlar...
 

Məhrumiyyətdən güc alar...

 Dünyaya insan kimi yaşamaq üçün gələnlərin əksəriyyəti bundan məhrum olduğunu özünü dərk edəndən anladı.

Bəli, ətrafımızda elə insanlar çoxdur. Diqqət etsək, əsl insanların adına, mahiyyətinə uyğun yaşamaqdansa, zillət içində olduğunu görərik.

Bugünlərdə deyil, lap çox əvvəldən onların həyatını müşahidə edərkən, elə indicə dediyim qənaətə gəlmişdim.

Keçmiş özlüyündə olduğu kimi qalır, bugünü təsvir edəcəyəm, gələcəyin necə, təhər olacağını da heç birimiz deyil, Allah bilir...

Uzağa getmirəm, hamının tədris ilində gündəlik olmasa da, həftənin beş-altı günü mütləq çıxdığı məktəb yollarına baxaq. Ordan keçənləri, əksəriyyəti analar olan valideynləri qadın deyil, vahid bir ad birləşdirir - əzabkeşlər!

Məktəblərin həyətində az qala eyni formada, eyni paltarda, ayaqqabıda, duruşda, baxışda olan analar sanki yüzlərlə, minlərlə şagirdin deyil, təkcə bir uşağın valideynidir. Çünki onların hamısını eyni qayğı, eyni problem, eyni qarğaşalar, əziyyətlər birləşdirir, eyniləşdirir.

Diqqət etmisinizsə, məktəbli anaları əl çantası götürmür, onlar övladlarının mənasız, lazımsız, əhəmiyyətsiz vəsaitlərlə, əlavə kitablarla, daha nələrlə doldurulmuş ağır çantalarını daşıyır...

Hər biri azyaşlı, yaxud, yuxarı yaşlı şagirdlərin çəkisinə qeyri-mütənasib olan çantalar, məgər sizi analarınzərifçiyinlərinin vaxtından əvvəl sıradan çıxması, qəddinin əyilməsi üçünmü istehsal edirlər?

Analar olmasa, övladlar çəkəcək bu zülmü, əziyyəti. Nəticə sonda deyil, elə indidən göz qabağındadır - belləri, kürəyi əyri uşaqları vaxtadək həkimlərə daşıyasıdır biçarə valideynlər?

Unun qiymətinin bahalaşması çörəkdən sonra məktəb bufetlərində satılan müxtəlif adlı məhsulların qiymətindəzühuredib. İndi valideyn ol uşağa başa sal ki, dünən 30 qəpiyə aldığın bulkanı, smiti bu gün 60 qəpiyə ala bilmirsən. Axı hər evdən məktəbə yalnız bircə uşaq getmir ki.

60 qəpikdən başlayan qiymətlər məhsulun çəkisinə, çeşidinə, tərkibinə uyğun neçə manatadək yüksəlincə, valideyn adlanan şəxs bilmir evə çörək, yoxsa övladına məktəbdə yeyəcək alsın...

Analar məktəb həyətini müzakirə yerinə-məkanına çevirsələr , müsbət nəticə hasil olmur. Çünki qiymətləri artıranda onların, ümumiyyətlə, kimsənin rəyini soruşmayıblar. Maraqlı olan işin bu tərəfi olmayıb. Elə olan da əzabkeş, biçarə təbəqəyə olub...

Böyüyün kiçilmiş məktəbli formasını evin daha balacasına geyindrməklə ailə büdcəsinə qənaət edən valideyn-analar...

İsrafçılığın günahdan savayı, yaşam şərtlərinə tam zidd olduğunu anlayan insanlar...

Keçənilki onlayn dərslərdən qalma dəftərin boş qalan vərəqlərindən yeni dəftər düzəldən analar...

Yonulmaqdan kiçilmiş, övladının barmaqlarından sıçrayıb çıxan karandaşı rənglərinə görəgöyqurşağı kimi gözəldir, rəngarəngdirdeyə, balalarına təqdim edən əlacsızlar...

Yağışda uşaq çətirlərinə həsrətlə baxan övladlarına gələn il mütləq ondan alacağına söz verən, hər il bu sözəxəyanətedən qadınlar...

Deməyə söz çox. Lakin valideyn-analardan gələn o sözləri rahatlıqla qarşılamaq çox çətin...

Bir belə çətinlik, problem varkən, qiymətləri qaldırmaqla görəsən, nəyə nail olundu?

İnsanın qiymətinin ona xidmət etməlilərdən daha baha olduğunu anlayan varmı, əcəba?

Zərif adlandırılan qadın gözlənilməz həyat situasiyasına uyğun mütləq şir kimi döyüşkən, canavar kimi yırtıcı, yaxud, dovşan kimi qorxaq olmalıydımı acımasız, mümkünsüz həyat şərtlərinin qarşısında?

...Onların konkret adını çəkmədim, çünki qeyd etdiyim kimi, bu gün hamısının qadınlıqdan yan keçərək vahid bir adı var - əzabkeşlər!

Onların dediyinin hamısını da söyləmədim, deyiləni, yaşananı sadəcə, sözə çevirməyə çətinlik çəkdim...

Qadın, zərif cins olaraq dünyaya gələnlərin məhrumiyyətdən güc almasını, adından məhrum olmasını seyr etmək, görmək necə acı...

 Nigar Orucova   Paralel.az

0.011947870254517