Nəsildən-nəslə beynimizə yeridilmiş özünənifrətin acı nəticələri

Nəsildən-nəslə beynimizə yeridilmiş özünənifrətin acı nəticələri
 
Ölkədə hansı dərmanı dindirirsən, italyanca, ispanca, hollandca, portuqalca, hətta ərəbcə, hindcə, urduca və sairəcə danışır. Üstünə elə bəzək-düzək vururlar ki, gəl, görəsən. Üçüncü dünya ölkələrinə sırınan bu reklamı bol, keyfiyyətsiz dərmanları biz naəlaclar psixoloji təsirə və təlqinə məruz qalaraq içə-içə xəyalən Romadan vurub Lissabondan çıxır, Amsterdamdan girib, Parisi fırlanıb Madriddə cövlan edirik. Daldığımız röyalar aləmində alman, ispan, portuqal, fransız bizə baş əyir, "xoşgəldin" edir. Biz də sanki ərköyünlənirik, başımız gicəllənir, gözümüz qaralır, ürəyimiz qalxır. Sən demə, Eyfel qülləsinin çox yuxarısına çıxmışıq. Qulağımızda gah Motsartın, gah Bethovenin bəstələri səslənir, qəflətən Çelentano peyda olur, Xulio İqlesyas "Nostalji" deyib nərə çəkir, Mirey Matyö "Je suis une femme amoureuse" (Mən aşiq bir qadınam) deyib qulağımızın dibində qışqırır...
Bələkdə ikən təlqin edilmiş özünənifrətlə, iflic edilmiş ağlımızla, uzaq ellərə və özgələrə məhəbbət eyforiyası ilə alçaldıqca alçalır, özümüzün qiymətini bilmədən  heyran olduqlarımızın zibil tərkibli dava-dərmanlarını nuşi-canlıqla içir, məhv olmağımızın fərqinə varmadan səadəti də elə bizə üçüncü sort kimi baxan o istismarçılara qısılmaqda axtarırıq. Son qəpiyimizi onlara yedizdirmək üçün bir-birimizi qırır, öz qardaşımıza nifrət edir, didir-dağıdır, soyub-talayır, nəticədə ağlımızı itirib dəli oluruq. Dəlinin isə köləliklə azadlığı, adam kimi yaşamaqla heyvan kimi yaşamağı fərqləndirmək imkanı olmur.     
PS. Allahın laktulozasını baha qiymətə idxal edirik. Bakıda  istehsal olunan, xeyli ucuz başa gələn və keyfiyyəti heç də Niderlandın "Düfalak"ının keyfiyyətindən geri qalmayan laktuloza tərkibli "Normalak"ı yoxa çıxardılar. Niyə? Siyahını dəhşətli dərəcədə genişləndirmək olar. Hələ idxal olunan ot tərkibli keyfiyyətsiz və qanı qiymətinə dərman məhsullarını demirəm. Halbuki o otların ən şəfalısı bizdə. Emal edib sağlamlığımızı təmin etməyə ağlımız,  taqətimiz və həvəsimiz yoxdur. Amma məmur-oliqarx qismində ölkəni talayıb Avropanın küçələrində təqib olunaraq rüsvay olmağımızı belə dərk etmir, ölkəmizdə sivil bir cəmiyyət qura bilmirik, çünki ağılsızıq və bu ağılsızlığımızdan ağıllı xalqlar "demokratiya", "söz azadlığı", "insan haqları" və s. adı altında yaxşıca istifadə edir, olub-qalanımızı da əlimizdən alır, başımıza hərdənbir sığal çəkib bizi acı taleyimizlə barışmağa razı salırlar. 
İdris Abbasov
Paralel.az
0.01146388053894