“Gecəqondu”lara görə məhv edilən yaşıllıqlar...

 

“Gecəqondu”lara görə məhv edilən yaşıllıqlar... 
 

 

 

2019-cu ilin sonlarına qədər, yəni Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi dəyişənədək kütləvi informasiya vasitələrində, habelə aidiyyatı dövlət qurumlarında ekoloji problemlərlə əlaqədar ən çox şikayət xarakterli məktub və ərizələrin daxil olduğu paytaxt rayonlarından biri Xətai rayonu idi. Daha dəqiq desək bu müraciətlərdə ekoloji problemlərdən çox rayonun ekologiyasına vurulan ziyandan, bu xüsusda törədilən qanun pozuntularından məlumatlar təqdim olunurdu. Rayon ərazisində müxtəlif ünvünlarda davamlı olaraq ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi ilə bağlı açıqlamalar verilirdi.

Sonralar sakinlərdə əminlik yaranmışdı ki, artıq bu problem öz həllini tapacaq. Lakin cərəyan edən hadisələr göstərir ki, bu gözləntilər hələ də özünü doğrultmayıb. Bəzi mənbələrin rəyinə görə Xətai rayonu ağacların qanunsuz kəsilməsinə görə paytaxt rayonları arasında arzuolunmaz birinciliyi hələ də özündə saxlayır.

Bu gün Xətai rayonu ərazisində fundamental tikililər üçün böyük sahələrdə yaşıllıqların qırılması təcrübəsi bir qədər səngisə də, eyni prosesin daha kiçik miqyaslarda, lakin daha böyük intensivliklə həyata keçirildiyi müşahidə olunur. Məsələ bundadır ki, hazırda bu rayonda fəaliyyət göstərən bir çox dırnaqarası “iş adamları” biznes fəaliyyətlərini həyata keçirmək üçün xalq arasında “gecəqondu” adlandırılan obyektlərə üstünlük verirlər. Bir zamanlar bu ifadə ilə qanunsuz tikilmiş həyət evlərinə işarə edərdilər. Çünki bu evlər son dərəcə yığcam həcmdə olmaqla bir və ya iki gecə ərzində tikilib hazır olurdular. Amma bu gün Xətai rayonu ərazisində bir gecə ərzində peyd olan ticarət obyektləri kənarda, hansısa ixtisaslaşmış müəssisə və ya sexlərdə plastik (və yaxud da alüminium) karkas əsasında yığılıb hazır edilir və sonradan gətirilərək müəyyən edilmiş ərazidə quraşdırılırlar. Əlbəttə ki, bu obyektin yerləşdirilməsi üçün rayon ərazisində boş yerlər artıq çoxdan tükənib. Buna görə də hər növbət belə “gecəqondu”ya yer ayırmaq üçün bir neçə ağac kəsilir. Sakinlərin də gördükləri bu olur ki, dünən yanından ötüb keçdikləri yaşıllıq sahəsinin yerində bu gün artıq yeni bir “gecəqondu” obyekti fəaliyyət göstərir. Məsələn, son quraşdırılmış belə obyektlərdən biri də bu günlərdə rayonun Məhəmməd Hadi küçəsində fəaliyyətə başlayıb...

Görəsən sakinlərin gördükləri bu mənzərəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və ən nəhayət Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları niyə görmürlər? Bəlkə sakinlər arasında “qarabasma” sindromu yayılıb? Amma yox, mən hardasa oxumuşam ki, “qarabasmalar” kütləvi şəkildə baş vermir. Onda belə çıxır ki, qarşı tərəfin gözlərini nə iləsə bağlayıblar..?

Röyal, Paralel.az

0.019800901412964