Yollar

Yollar
 


(Pritça)

Qalib Arif yol üstündə yazıb:

“Yollar sizi seçmir, siz yolları seçirsiz.”

Osman dağlar qoynunda doğulmuşdu. Onların kəndi dağın döşündə yerləşirdi. Elə bil, hansısa əfsanəvi nəhəng kəndin evlərini ovcuna doldurmuş, dağın başından aşağı buraxmışdı. Ağac budaqlarından hörülmüş, sarı palçıqla şirlənmiş yöndəmsiz daxmalar orda-burda, yuxarılarda ilişib qalmış, çiy kərpicdən tikilmiş böyük evlər isə aşağı sürüşmüş, dağın hər iki tərəfindəki dərələrdən axıb kəndin ayağında birləşən iki kiçik çayın sahillərinə qədər gəlib çatmışdı.

  O, artıq böyük oğlandı, balaca bacısı da vardı. Atası ilə meşəyə gedir, odun doğrayır, atın belində kəndə gətirirdi. Onlara odun yalnız qışda lazım olmurdu, atası dəmirçi idi. Yay-qış ocağı yanır, kürəsi işləyidi. Kənd camaatının dediyi kimi, atasının əlləri qızıl idi, adi at nalından tutmuş polad tiyəli xəncərə kimi düzəldirdi. Ətraf kəndlərdə də məhşur idi. Başqa-başqa yerlərdən gəlib düzəltdiklərini pulla alırdılar, taxılla, qozla, balla dəyişirdilər. Onun dəniz haqqında maraqlı söhbətlərinə diqqət kəsilirdilər…

 Atası gənc yaşlarında dəmir-dümür almaq adı ilə evdən çıxmış, axtardıqlarını tapınca neçə gün, neçə gecə yol getmiş, böyük dəryanın kənarında yerləşən böyük şəhərə çatmışdı. Burda 3-4 at qoşulmuş arabaların hərəkət etdiyi geniş küçələr, dağlar kimi hündür evlər vardı. Bazarda quş südündən can dərmanına kimi hər şey satılırdı. Burda yerdən ağ neft çıxırdı, lampaya tökəndə yağ kimi yanırdı, gecələr küçələr, evlər işıqlanırdı. Qadınlar ot daşımırdı, inək sağmırdı, uşaqlar işləmidi, oxumaq, yazmaq öyrənirdi. Amma dəmirçini heyrətlərə qərq edən ucu-bucağı görünməyən dərya - dəniz idi. Gün batanda dənizdən batırdı, gün çıxanda dənizdən çıxırdı, dənizin üfüqləri qan rənginə boyanırdı. Dənizdə gəmi adlanan, hündür dirəklərindən ağ yelkənlər sallanan böyük taxta qayıqlar üzürdü. Bu gəmilərə bir kəndin camaatı minirdi, hara istəsə gedirdi.

  Osman bütün bunları atasından eşidirdi. Artıq bığ yeri tərləmişdi, atası kimi yaxşı dəmirçi idi. Amma kənddə qalmaq, atasının sənətinə, yurduna sahib olmaq istəmirdi. Arzularının dənizini görmək istəyirdi, xəyalların qanadlarında uçmaq, göylərə qalxmaq, dünyaya baxmaq istəyirdi. Hörmətli oxucu, siz onu qınamayın, o, gənc idi. Gəncliyin arzuları isə bir kəndin dağlarına, düzlərinə sığmır, dəniz qədər sonsuz, dəniz qədər coşqun olur…

Atası yaşlaşırdı, artıq başı fırlanır, əlləri sözünə baxmırdı. Günlərin bir günü kürənin başında gözləri qaraldı, yanan odun üstünə yıxıldı. Qohum-qardaş yığışdı, ailəsinə səbr dilədilər, Allahdan rəhmət istədilər, dəmirçini son mənzilə yola saldılar. Oğlan atasının ehsanını, qırxını verdi, satasını satdı, alasını aldı. Anasını, bacısını kənd camaatına, kənd camaatını Allaha tapşırdı. Xurcununu çiyninə atdı, dəmi-dümür almaq bəhanəsi, əslində isə dənizi görmək həvəsi ilə sübh tezdən evdən çıxdı. Kəndin ayağında, iki çayın qovşağında ayaq saxladı, əyilib doğma sulardan içdi. Sonra körpünü əvəz edən fısdıq kötüyünün üstündən keçdi. Dönüb bir də atasının yatdığı dogma dağlara baxdı…

O, bütün günü yol getdi. Axşam üstü gəlib dördyol ayrıcına çıxdı. Yolun biri sola dönüb dağlara tərəf qalxırdı. O biri aşağı, dərələrə döğru gedirdi, üçüncüsü düzənliklərə istiqamətlənirdi (dördüncüsü də onun gəldiyi yol idi). Bulaqda əl-üzünü yudu, xurcununu açıb pendir-çörəyini yedi. Elə burda, bulağın başında yolçular üçün hansısa xeyirxah insanların qurduğu talvarda gecələdi. Sübh tezdən yola düşdü. O, dağlarda doğulmuşdu, dağlarda isə dəniz yox idi. Atasının dediyinə görə, dəniz düzənlərdə olmalı idi. Ona görə də düzənlərə gedən yolu seçdi. Nağıllarda olduğu kimi, yeddi gün, yeddi gecə yol getdi. Doğrudur, dənizi görmədi, amma böyük, abad bir şəhərə gəldi. Burda 3-4 at qoşulmuş arabaların hərəkət etdiyi enli küçələr, dağlar kimi hündür evlər vardı. Burda qadınlar ağır iş görmür, uşaqlar işləmirdi, evin bütün yükünü kişi çəkirdi. O, qollarını çirmədi, işə girişdi. Düz üç il bu şəhərdə dəmirçi işlədi, kişi kimi işlədi, kişi kimi də pul qazandı.

  Günlərin bir günü kəndlərindən bir nəfərə rast gəldi.

Xoş-beş etdilər, yerlisi dedi ki, bəs bacına elçi düşüb, cehizi yoxdur deyə anan toy edə bilmir, səni gözləyir. Osman satdığını satdı, aldığını aldı, xurcununu çiyninə atıb doğma yurda yol aldı. İki çayın qovşağında ayaq saxladı, əyilib doğma sulardan içdi. Atasının qəbrini, anasının ocağını ziyarət etdi. Bacısına yaxşı cehiz aldı, üç gün, üç gecə toy çaldırdı. Bir azdan darıxmağa başladı. Dənizi görmək arzusu onu başdan çıxardı…

  Yenə dördyol ayrıcı, ana qoxusu hopmuş pendir-çörəyin ağız ləzzəti, keçmişin həsrəti, gələcəyin ümidləri… O, bu dəfə dərələrə gedən yolu seçdi. Nağıllarda deyildiyi kimi, beş gün, beş gecə yol getdi. Doğrudur, dənizi tapmadı, amma abad, kiçik bir şəhərə çatdı. Burda küçələr təmiz, evlər səliqəli idi, daşdan tikilmişdi. Dağlar kimi hündür binalar yox idi, amma dəmirçiyə ehtiyac çox idi. O, burda dəmirçi dukanı açdı. Dəmir-dümür alıb işinə başladı. Qollarını çırmayıb düz beş il burda işlədi, yaxşı pul, hörmət qazandı.

  Günlərin bir günü bir həmkəndlisinə rast gəldi, oturub bir qismət çörək yedilər. Söhbət arası həmkəndlisi dedi ki, anan yaman xəstədir, ona baş çəkməyin məsləhətdir. Osman yenə satdığını satdı, aldığını aldı, xurcununu çiyninə atıb yollara sarıldı. Heç iki çayın qovşağında da dayanmadı, doğma sulara da əyilmədi. Yalnız anasının yatağı önündə diz çökdü, doğma, qabarlı əllərdən öpdükcə-öpdü. Gözləri qapıda, pəncərədə qalan, oğlunu görüb qəlbi rahat olan ana onun başını tumarladı, lap uşaqlıqda olduğu kimi… Sonra gözləri yumuldu - əbədi…

  O, atasının, anasının qəbrini kənd camaatına, kənd camaatını Allaha tapşırdı. Bacısı, qohumları ilə halallaşdı, dənizi görmək arzusu ilə üçüncü yola çıxdı. Dağlar oğlu bu dəfə dağlara tərəf yollandı. Üç gün, üç gecə dayanmadı. Doğrudur, yenə də dənizi tapmadı, amma kiçik, qəşəng bir şəhərə gəldi. Bu şəhər də onların kəndi kimi dağların qoynunda yerləşirdi, odur ki, ona doğma idi. Burda da sənətə, zəhmətə qiymət var idi. O, yaxşı bir dəmirçi dükanı açdı, qollarını çırmayıb işə başladı. Yeddi il sərasər işlədi. Qızıl tərlər axıtdı, qızıl pullar qazandı. Könlünün istədiyini də bu şəhərdə tapdı, sevdi, sevildi. Evləndi, bir oğlu, bir qızı oldu. Amma qəlbi sakitləşmədi, dənizi görmək istəyirdi...

  Osman sübh tezdən oyanmışdı, dağlara qalxırdı. Yaş öz işini görürdü, ayaqları tez yorulur, nəfəsi daralırdı. Mənzil başına çatınca yolda bir neçə dəfə dayandı. O, dağın qarlı zirvəsinə qalxdı, bir ciyər dolusu nəfəs alıb aşağılara baxdı… Dağın ətəklərindən yavaş-yavaş duman qalxırdı. O, dağın kəlləsində durmuşdu, bütün dünya onun ayaqları altında idi. Əlini uzatsa, buludlara çatardı. Hətta qartal, məğrur dağ qartalı ondan aşağıda süzürdü. O, zirvədə idi, amma xoşbəxt deyildi. Dəhşət içində arzularının zirvəsinə - dənizə baxırdı… Axşam düşürdü, gün dənizdən batırdı, dənizin üfüqləri qan rənginə boyanmışdı. Osman daş heykəl kimi dayanmışdı, gözləri heyrətdən bərəlmişdi. Burdan, dağın başından dördyol ayrıcı, onun seçdiyi yollar aydın görünürdü. Və bu yolların üçü də, dənizə aparırdı. Amma o, bu yolların heç birini axıra kimi getməmişdi, iradəsi, ya gücü çatmamışdı, yarı yolda dayanmışdı… «Deməli, qismət, tale belədir», -deyə o, özünə təsəlli verdi.

  Bəli, hörmətli oxucu, hər şeyi taleyin üstünə atmaq, özünü sığortalamaq zəiflərin, arzularının zirvəsini fəth edə bilməyənlərin nəsibidir. Güclülərin taleyi isə öz əlindədir, seçdiyi yolda, bu yolu axıra kimi getməyindədir…

Paralel.az

0.026345014572144