Türkiyəli məşhur aktyorun atası azərbaycanlı imiş - VİDEO
“Kızılcık Şerbeti” serialında Fatih obrazını canlandıran Doğukan Güngör “Ali ile aramızda” proqramında qonaq olub.
27 yaşlı aktyor verilişdə atasının azərbaycanlı olduğunu açıqlayıb.
“Atam azərbaycanlıdır. Biz Iğdırdanıq, atam Hacettepe Universitetində təhsil alıb. Parlamentdə müşavir vəzifəsində çalışıb. Sonra Almaniyada yaşadı. Mən 7 yaşında olanda valideynlərim ayrıldı. Anamla İzmirə getdim. İlin 3-4 ayını Almaniyada atamla keçirirdim. Məktəb bitən kimi təyyarəyə minib yanına gedərdim. Atam intellektual biri idi. Anam isə Saloniki köçmənidir, Atatürkçüdürlər. Ata tərəfim azərbaycanlı olduğu üçün daha mühafizəkardır”.
O, rol aldığı serialda epizodlardan birini real həyatda da yaşadığını deyib. Belə ki, serialda namaz qılınan evdə it saxlamağın düzgün olmadığını bildirən səhnə olub. Güngör də ata tərəfinin şiə məzhəbli olduğu üçün bu cür qadağaya şahid olduğunu bildirib: “Eşidəndə mənə qəribə gəlmişdi. Amma o, gerçəkdir. Ata tərəfim şiədir. O məzhəb də belədir. Kənddə olanda iti sığallayacaqdım. Bütün ailə “murdardır” deyib ayağa durdu. “Namazın, dəstəmazın qəbul olunmaz” dedilər. Qollarımda döymə var, amma istidə uzunqolda gəzirdim. Təbii ki, bu, məcburi deyildi, hörmət üçün belə edirdim”. ("Qafqazinfo")