Təhsildə testlərin tətbiqi: qızınmadıq istisinə, kor olduq tüstüsünə - Dos.
İlham Əhmədov

Təhsildə testlərin tətbiqi: qızınmadıq istisinə, kor olduq tüstüsünə - Dos.İlham Əhmədov
 

Bu yaxınlarda sosial şəbəkələrdə son illərdə beynəlxalq riyaziyyat olimpiadalarında alınan qızıl medallara görə ölkələrin reytinqləri dərc edilmişdi. Bu nəticələr ölkə ictimaiyyətini şoka saldı.
Əslində təhsilin son 30 ildə davamlı tənəzzülünü hamımız görürdük. Belə yarışlardan yüksək nəticələr də gözləmirik, amma bu sonuncu nəticə hamımızı məyus etdi. Çinin 180, ABŞ-ın 141, Cənubi Koreyanın 89, Almaniyanın 59 qızıl medalla yüksək nəticələri gözlənilən idisə, Macarstanın 85, Rumuniyanın 80, Vyetnamın 67, Bolqariyanın 56 medalla yüksək nətcələr göstərməsi gözlənilməz oldu. İsrail və Türkiyə 19 medalla 25-26-cı yerlərdə, Hindistan, Qazaxstan, Belorusiya 16 medalla 26-29-cu yerlər tutublar. Hətta Ermənitan və Gürcüstan 1 qızıl medal qazana biliblər.
Qardaş Türkiyənin nailiyyətləri bizi çox sevindirir. Amma öz problemlərimizi də dilə gətirməli və ciddi düşünməliyik. Bizim ölkədə güclü riyaziyyat məktəbi olanda, bir çox ölkələrdə riyaziyyat üzrə elmi məktəb yox idi. 20-ci əsrdə Türkiyədə riyaziyyat üzrə tanınmış alimlər az idi. Qardaş ölkədə riyaziyyat elmi və riyaziyyat tədrisinin inkişafında vaxtı ilə Azərbaycandan ora gedən alimlərimizin xüsusi xidmətləri olmuşdu.
Bu məyusedici nəticənin səbəblərini axtarmalıyıq. Bir zamanlar dünya və SSRİ səviyyəsində ad qazanmış Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Qoşqar Əhmədov, Mirabbas Qasımov, Arif Babayev, Calal Allahverdiyev, Məcid Rəsulov, Maqsud Cavadov, Qara Bəhram və s. kimi alimlərimiz olub. Hanı onların yaratdığı riyaziyyat məktəbinin davamçıları? Riyaziyyatsız heç bir inkişaf ola bilməz!
Bu durumun səbəbi məktəb təhsilindədir. Olimpiada hərəkatı kütləvi olmalıdır.
1,5 milyon şagirddən heç olmasa 100 nəfər istedadlı uşaq seçilib, xüsusi hazırlanmalıdır ki, heç olmasa 1-2 qızıl medal qazana bilək.
Məktəb təhsilimiz son 30 ildə repetitor ümidinə qaldığı üçün təhsilimizdə hələ çox itkilərimiz olacaqdır. Bu isə öz mənfi təsirini iqtisadiyyatda əks etdirəcəkdir.
Məktəbin tənəzzülü 2 amilə bağlıdır:
1. Uğursuz təhsil islahatları;
2. Qəbul imtahanlarının test sisteminə keçidi və bunun əks sədası kimi məktəbdə repetitorluğun kütləviləşməsi.
Test sistemi və onun törəməsi olan repetitorluğu, bunların nəticəsi kimi təhsil sisteminin tənəzzülü, aşağı keyfiyyət, qəbul imtahanlarında aşağı balların olması, təhsil sisteminin pozulmuş fəaliyyət mexanizmi, PİSA qiymətləndirilməsində PİS nəticələr, fənn olimpiadalarında zəif nəticə bizləri düşünməyə və hərəkətə sövq etməlidir.
Testdən sistematik, kütləvi şəkildə istifadə artıq 20-ci əsrdə qalmışdır. Dünya təhsil praktikasında test sistemi öz zəmanəsini çoxdan tamamlayıb. Bir çox ölkələrdə təhsil sistemində testdən imtina edilib, ya da epizodik istifadə edilir.
2009-cu ildə Barak Obama ABŞ prezidenti olanda 1 milyard dollar vəsait ayırdı ki, Amerika təhsil sistemindən test sistemi tamamilə çıxartsınlar. Test fasiləsiz təhsil sistemində epizodik olaraq tətbiq edilə bilər. Kütləvi və fasiləsiz testləşmə təhsilə çox ziyanlıdır.
RF-da bu proses Vahid Dövlət İmtahanı (EQE) formatında aparılır. RF təhsil ekspertləri və ziyalılar ilk gündən bunun əleyhinə idilər. RF-da EQE-nin təhsilə vurduğu dağıdıcı zərbə bir çox tədqiqatlarda araşdırılmış, konkret fikirlər bəyan edilmişdir. Bizdə təhsilə dair sistemli tədqiqatlar heç vaxt aparılmadığı üçün, TN belə sifarişlər vermədiyi üçün test sisteminin uzunmüddətli vədədə təhsilə vurduğu zərbələr araşdırılmamış, sanki, kölgədə qalmışdır. Bu səbəbdən məqalədə əsasən rus mənbələrinə istinad edəcəyik.
RF-da mətbuat yazırdı ki, “Rusiya Qərb ölkələri tərəfindən artıq rədd edilən bir sistemi israrla tətbiq edir... Məktəblilərimizin Vahid Dövlət İmtahanı vermək üçün istifadə etdiyi test sistemi xarici ölkələrin təcrübəsindən götürülmüşdür. Xarici ölkələrdə uzun müddət istifadə olunan bu sistem nəticə etibarı ilə özünü pis tərəfdən göstərmişdir. Dünyanın bir çox ölkələrində biliklərə belə nəzarətedilmə sisteminə qarşı hərəkat var. İspaniyada testlərdən artıq imtina edilib”.
RF-nın alimləri, ziyalıları bu məsələ barədə qəti şəkildə öz narazılıqlarını daim bildirir, testləşmənin təhsili məhv etdiyini qeyd edirdilər. Rusiyada hətta rəsmilər də buna etiraz edirdilər. Federasiya Şurasının sədri Sergey Mironov 2009-cu ildə vurğulayırdı: "İndiyə qədər Rusiyada heç kim EQE tətbiqi ilə bağlı eksperimentin rəsmi yekun nəticələrini görməmişdir. Niyə bunu uğurlu yenilik kimi qəbul etməliyik ki?”.
RF digər ictimai xadimləri qeyd edirdilər ki, EQE təhsildə korrupsiyanın qarşısını almaq əvəzinə bunu daha da artırdı. Sibir Federal Dairəsinin Universitet Rektorları Şurasının o vaxtki sədri Nikolay Pustovoy qeyd edirdi: "İndi bütün universitetlər 1-ci və 2-ci kurslarda əlavə dərslər keçirirlər. Məqsəd EQE ilə qəbul edilən tələbələrin səviyyəsini bir az qaldırmaqdır, çünki, onlar ali məktəb proqramlarını mənimsəyə bilmirlər". Lomonosov adına MDU rektoru Viktor Sadovniçi dəfələrlə açıq şəkildə bəyan edib ki, EQE nəticələri abituriyentlərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün qəbuledilməzdir.
Bəzi fənlər üzrə biliyin qiymətləndirilməsində testlərin tətbiqi məqbul hesab edilə bilər, lakin fizika və riyaziyyat fənləri üçün yox. Müəllimlər bunun canlı düşüncəni öldürdüyünü iddia edirlər. Lomonosov adına MDU -nin riyaziyyatçı professoru, uzun müddət orda dekan işləmiş V. Suxomlin deyir: “EQE elit təhsilə, milli elitanın hazırlanmasına, ölkənin aparıcı universitetləri üçün istedadların inkişafı sisteminə ciddi zərbədir. Mən EQE ilə bağlı problemi bu aspektdə nəzərdən keçirirəm, çünki onun mənfi təsirini minlərlə universitet müəllimi və təhsil mütəxəssisləri artıq az vaxtda hiss ediblər. A. N. Kolmoqorov adına internat məktəbdə uşaqların təlimi və inkişafı sisteminə, onilliklər ərzində işlənib hazırlanmış və öz səmərəliyini göstərən mükəmməl elit təhsilə, istedadların inkişafına EQE ciddi ziyan vurur. Bugünkü Rusiyaya gələcəkdə Kolmoqorovlar və Keldışlar lazım deyil?”
Əvvəllər mövcud olmuş sovet orta təhsil sistemində aparılan islahatları təhlil edən akademik Vladimir Arnold məyusedici nəticəyə gəlir: "bu layihə Rusiyanın ənənəvi yüksək təhsil və mədəni səviyyəsinə qarşı təhlükəli cinayətdir. Bunun həyata keçirilməsi uzunmüddətli və çətin “təmirə səbəb olacaq” bir islahatdır. Bu ölkənin hərbi potensialına, intellektual, sənaye və texnologiji inkişafına, yəni müdafiə qüdrətinə zərbədir, bu islahat bizim gələcək nəslimizi bədbəxt edəcək”.
EQE məktəb məzunlarının hazırlığı keyfiyyətinin qiymətləndirilməsi vasitəsi kimi informasiya cəmiyyətində insan kapitalına verilən tələblərnə cavab vermir. Əvvəllər mövcud olan normal məktəb təhsilini EQE çox geri atdı. Bu vəziyyəti başa düşmək üçün orta məktəb məzunlarının qiymətləndirilməsində EQE strukturu və bu məqsədə çatmaq üçün zəruri olan imtahanın məzmunu üzərində daha ətraflı dayanmaq lazımdır. Təcrübə göstərir ki, bu məzmunun mənimsənilməsi orta məktəb məzunlarının gələcək taleyinə, onların gələcək mütəxəssis kimi formalaşmasına mənfi təsir göstərir.
EQE tələblərinə cavab vermək üçün orta şagirdlərin təhsil fəaliyyətini təhsil yox, məşq prosesi adlandırmaq olar. Standart testləri həll etmək zehni fəaliyyət tələb etmir, əksinə bu onu öldürür. Burada lazım olan düşüncə deyil, yaxşı yaddaşdır. Müəyyən fənlər üzrə EQE imtahanını keçən tələbə, mənimsənilməsi zehni qabiliyyətlər tələb etməyən, faktiki yaddaşa malik bir insandır. Böyük həcmdə faktiki materialı mənimsəmək üçün şagirdləri məktəbdə, kurslarda, repetitorla, evdə çox zəhmət çəkməli olurlar, bu da artıq yüklənməyə və stressə səbəb olur.
Orta məktəbdə şagirdlərin bu cür fəaliyyəti onlarda mənfi şəxsi keyfiyyətlər- formalizm, doqmatizm, pedantizmi inkişaf etdirə bilər. Belə təlim üçün qədim yunan filosofu Heraklitin “Çox bilik zəka öyrətmir” ifadəsi çox aktualdır. Səpələnmiş məlumatları mənimsəməyə qadir olan insanlar universitetə daxil olur, müstəqil düşünə bilənlər, kreativ potensiala sahib olanlar isə daxil olmur. Məhz kreativ gənclər universitetlərdə əmək bazarı üçün zəruri olan mütəxəssis kimi yetişə bilər.
Sovet dönəmində qəbul imtahanlarında 12 ball yığan abituriyent bu gün 600- 700 ball yığan abituriyentdən daha savadlı idi. Kütləvi repetitorluğun və testlərin təhsilimizə vurduğu ziyan, sovet dönəminin qəbul imtahanlarında rüşvətin təhsilə vurduğu ziyandandan daha ağır oldu.
Son zamanlar test imtahanlarında açıq suallardan istifadə edilməyə başlayıb. Bu standart alternativ cavablı testlərdən daha mütərəqqi olsa da, ümumi problemi həll etmir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev qeyd edir:
“COVID-19 pandemiyası təhsili azı 2 il geri salıb. Biz indi 2-3 il əvvəl müşahidə etməli olduğumuz nəticəni müşahidə edirik. Bildiyiniz kimi, buraxılış imtahanlarının formatı 2018–2019-cu illərdən başlayaraq dəyişdi, açıq suallara keçdik. O dövrdə bu dəyişikliklər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı, geniş müzakirələr oldu. İstənilən dəyişiklik belə olur. Amma bu gün biz görürük ki, dəyişikliklər cəmiyyət tərəfindən yaxşı mənada həzm olunub. Bu haqda statistik məlumatlar həmkarımız Dövlət İmtahan Mərkəzi tərəfindən daha geniş formada ictimaiyyətə açıqlanacaq. Amma istər açıq, istər analitik düşüncəni üzə çıxaran suallarda, istərsə də yazı tapşırıqlarına verilən düzgün cavabların faiz göstəricisi baxımından biz 2017–2018-ci illərlə müqayisədə əsaslı şəkildə irəli getmişik, yəni daha çox uşaq hazırda açıq suallara doğru cavab verir. Təhsil sistemindəki dəyişikliklər 1 ilə özünü göstərmir, buna zaman lazımdır. Biz 5-6 ildən sonra daha müsbət nəticələr görəcəyik. Qeyd edək ki, ölkədə ali məktəblərə qəbul imtahanı uzun illərdir ki, test üsulu ilə həyata keçirilir. Qəbul prosesində testin tətbiqi bir sıra neqativ halların aradan qaldırılmasında mühüm rol oynayıb. Ancaq tədricən açıq sualların tətbiqinə keçilməsi fikri ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır".
Bir çox ölkələrdə təhsil sistemində testdən epizodik istifadə edilir. Testdən sistematik, kütləvi şəkildə istifadə artıq 20-ci əsrdə qalmışdır. 2009-cu ildə Barak Obama ABŞ prezidenti olanda 1 milyard dollar vəsait ayırdı ki, Amerika təhsil sistemindən test sistemi tamamilə çıxartsınlar. Bizim təhsildə 90-cı illərin əvvəllərində testin tətbiqi başadüşülən idi, çünki onda ali məktəblərə qəbul imtahanlarında kütləvi rüşvətxorluq vardı.
O vaxt bunun qarşısını az vaxtda başqa yolla almaq mümkün deyildi. Həmən illərdə, mən bu addımı müdafiə edirdim, testin tətbiqinin fəal təbliğatçılarından biri idim. Hələ 80-ci illərdə mənim riyaziyyat tədrisində testlərdən istifadəyə dair 2 kitabım dərc edilmişdi. Düzdür, o vaxt test terminindən istifadə edilmirdi, amma eyni mənalı “proqramlaşdırılmış təlim” terminindən istifadə edirdilər.
60-80-cı illərdə SSRİ-də proqramlaşdırılmış təlimə dair xeyli tədqiqatlar aparılmış, maraqlı əsərlər yazılmışdı. Proqramlaşdırılmış təlimdə əsas məqsəd biliklərə nəzarət etmək deyildi. Burda əsas məqsəd şagirdlərin müstəqil təliminin təşkili idi, bilik yoxlanması isə bu prosesdə bir element idi. Proqramlaşdırılmış təlimi tənqid edənlər də vardı, deyirdilər ki, bu təlim kreativliyi inkiaf etdirmir, standart məsələlərin həllində uğurlu ola bilər.
Proqramlaşdırılmış təlimdə tədris materialları düzgün tərtib edildikdə, problemli təlim elementlərindən düzgün istifadə edildikdə, şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirmək mümkün idi. 80-cı illərin əvvəllərində yazdığım və 1986-cı ildə Kiyevdə müdafiə etdiyim dissertasiya işim bu məsələlərə həsr edilmişdi. Bu səbəblərdən 90-cı illərdə testlərin tətbiqi məsələsi gündəmə gələndə, mən həm psixoloji, həm də elmi-metodik cəhətdən testlərin təhsil sistemimizdə tətbiqinə tam hazır idim.
1992-ci ildə ölkədə, az vaxt ərzində biz təhsil tariximizdə ilk dəfə olaraq elektron-test sınaq imtahanlarını təşkil etdik (ADPU-da). Az vaxtda minlərlə məktəbli, abituriyent gəlib ADPU-da test nümunələri ilə tanış olur, öz bilik səviyyələrini bu sistemlə qiymətləndirə bilirdilər. Lakin bir neçə ildən sonra (3-5 il) biz bu problemi, yəni təhsildə testlərin kütləvi tətbiqi problemini hansısa formada həll edə bilərdik. Bunun üçün ali təhsil müəssisələrində ciddi qayda-qanun yaratmaq, qəbul imtahanlarında obyektivliyi və qanunun aliliyini təmin etmək, rəhbər vəzifələrdəki təhsil məmurlarını və rektor korpusunu doğru-düzgün təyin etməklə prosesləri optimal həll edə bilərdik.
Bu addımları ata bilsəydik, qəbul imtahanlarında test sistemini ləğv etmək mümkün olardı. Təbii ki, alternativ səmərəli model təklif etməklə. Təəssüf ki, bunlar olmadı. Əksinə, testlərin təhsilimizə gəlməsi və geniş tətbiqi repetitorluğa təkan verdi, sonralar isə bu proses kütləviləşdi. Məktəbi iflic hala saldı. Nəticədə test sistemi bizim təhsilimizi tamamilə dağıtdı”.
Beş yaşdan 25 yaşa qədər, sonra magistratura, dövlət qulluğuna qəbula, MİQ-ə (Müəllimlərin işə qəbulu) qədər təhsildə bütün sınaq və monitorinqlərin test üzərində köklənməsi savadsız, kreativ düşüncəsi, dünyagörüşü məhdud olan yeni bir nəsil formalaşdırdı.
Zamanla TV-lər, internet, sosial şəbəkələr də bu prosesi sürətləndirdi. 30-40 il bundan əvvəlki və indiki gəncliyi müqayisə etdikdə, o vaxtki gənclik xeyli savadlı görünür. İndi 11-ci sinfin əksər məzunları sovet məktəbinin 6-cı sinif şagirdlərindən zəifdirlər. Bu tək mənim qənaətim deyil.
Düzdür, bizdə bu məsələlərə dair ciddi tədqiqatkar heç vaxt aparılmayıb, amma Rusiya Federasiyasında (RF) aparılan tədqiqatlar göstərir ki, EQE (test sistemi ilə aparılan vahid dövlət buraxılış imtahanları) rus təhsilini bərbad hala salıb. 30 il ərzində orda təhsilin keyfiyyəti 6 dəfədən çox aşağı düşüb.
Cüzi nailiyyətlər varsa da, o da valideynlərin uşaqlarına daha yaxşı repetitor tutması hesabınadır. RF təhsil sistemini təhlil edən çinli alimlər test imtahan sistemini (EQE) Rusiyanın inkişafı üçün əsas təhlükə adlandırıblar.
Belə ki, Çin Xalq Respublikasında fəaliyyət göstərən Mao Tszedun adına Xalq Universitetinin professoru, Çin Xalq Respublikası Elmlər Akademiyasının müxbir üzvü Jin Syzhan Bauman adına Moskva Dövlət Texniki Universitetində keçirilən "Elm və təhsilin müasir problemləri" adlı konfransında çıxışı zamanı deyib ki, “vahid dövlət imtahanını RF-da texnologiyanın inkişafı üçün əsas təhlükədir. Bu RF-na qarşı Qərbin ən böyük təxribatıdır”.
Soyuq birləşmə reaktorunun yaradılmasına rəhbərlik edən bu alim son 30 ildə 43 ölkənin təhsil səviyyəsində olan dəyişikliklərlə bağlı məlumatları təhlil edib. Akademikin təqdim etdiyi hesabatdan görünür ki, orta məktəb imtahanlarını ənənəvi qaydada aparan ölkələrdə məzunların hazırlıq səviyyəsində hər il orta hesabla 3 % davamlı artım müşahidə olunur.
Bu ölkələrdə 30 ildə orada təhsilin keyfiyyəti demək olar ki, iki dəfə artıb. Eyni zamanda, vahid dövlət imtahanını (EQE) formatında tələbələrin biliyinin sınaq qiymətləndirilməsini tətbiq edən ölkələrdə məzunların səviyyəsində əvvəlcə az, sonralar isə sürətli çöküş baş verir.
Hesabata görə, Rusiyada son 10 ildə təhsilin keyfiyyətinin aşağı düşməsi 61 %-dən çox olub. Eyni dövrdə EQE tətbiq olunmayan Çin məktəblərində bu göstəricidə 39 % artım olmuşdur. Akademik qeyd edir: “Bu, artıq fəlakət deyil, bu, təhsili və ölkəni məhvə aparan yoldur”.
Sovet vaxtı RF-da dünyanın ən yaxşı təhsil sistemi, eləcə də tələbə qəbulu imtahan sistemi vardı. İndi Qərb ölkələri Rusiyada biliyi məhv edən, qul və biorobotlar hazırlayan fəlakətli EQE sistemini tətbiq etməklə, RF-na qarşı ən böyük təxribatı həyata keçirdilər (ruslar bunu 30 il sonra dərk etdilər). Şübhəsiz ki, bu imtahan Rusiyada texnologiyanın inkişafı üçün əsas təhlükədir. Çinli alim qeyd edir ki, “dünya bütünlükdə irəliləyərkən, sizin təhsiliniz və bunun nəticəsi olaraq tələbələriniz deqradasiya və əbədi geriliyə məhkumdurlar”.
Akademikin dediklərinə əlavə olaraq demək istəyirəm ki, bu təxribat elə planlanıb ki, vahid dövlət imtahanı özü ilə paralel kütləvi repetitorluğa da rəvac verir. Bu halda təhsilin keyfiyyəti məhv edilməklə yanaşı dövlətin rəsmi təhsil sistemi də dağılır. Bu faciəli vəziyyət təkcə Rusiya təhsilində deyil, bəzi qonşu ölkələrdə də müşahidə edilir. EQE imtahanı barədə mötəbər alimlərin, o cümlədən MDU rektoru prof. V. Sadovniçiyin də məqalələri var.
Qeyd edək ki, RF-da EQE imtahanları A. Fursenko və D. Livanov təhsil naziri olduqları illərdə geniş tətbiq edilməyə başlandı, bu gün də davam edir. Maraqlısı budur ki, hər iki nazir əvvəllər bir neçə il ABŞ-da professor olaraq işləmişdilər. Bəzi rus siyasiləri hesab edir ki, təhsil nazirləri bu addımı ABŞ-ın təsiri ilə atıblar.
Açıq suallarla bağlı nazirin fikirlərinə gəldikdə isə, bəli, açıq suallar hökmən olmalıdır. Ona görə ki, test heç bir kreativlin inkişafına, mürəkkəb tapşırıqların həllinin yoxlanılmasına imkan vermir, uşaqlarda düşünmə qabiliyyəti yaratmır. Beləliklə də, uşaq əzbərçiliyə meyil edir və bu yolla da imtahana hazırlaşıb suallara cavab verir.
Məktəbdə şagirdlərə açıq test suallarını cavablandırmaq yolları öyrədilməlidir. Əgər uşaqlar bu gün açıq suallara yaxşı cavablar veribsə, burada məktəbin və ETN-nin elə bir xidməti olmayıb, bu valideyn və repetitorların xidmətidir.
Əgər ETN təhsili inkişaf etdirmək istəyirsə, ilk növbədə ölkədə repetitorluğun qarşısı alınmalıdır. Bunun yolları var və mən bunu dəfələrlə təklif eləmişəm. Ancaq nazir hər dəfə deyir ki, biz repetitorluğu ləğv etmək istəmirik, ya da başqa ölkələri nümunə gətirir. Nazirlik deyir ki, “repetitorluq xarıci ölkələrdə də var”. Bəli, başqa ölkələrdə də var, ancaq heç yerdə bu bizdəki kimi kütləvi deyil. Digər tərəfdən o ölkələrin dərslikləri, proqramları normaldır, müəllimləri mütəmadi olaraq keyfiyyətli təkmilləşdirmə kursları keçirlər, onların məktəblərində tədris prosesi dağılmayıb, kölgə təhsili rəsmi təhsili kölgədə saxlamır.
Test sistemi və onun törəməsi olan repetitorluğu, bunların nəticəsi kimi təhsil sisteminin tənəzzülü, aşağı keyfiyyət, qəbul imtahanlarında aşağı ballar, təhsil sisteminin pozulmuş fəaliyyət mexanizmi, PİSA qiymətləndirilməsində, fənn olimpiadalarında zəif nəticə (ən mühüm fənn olan riyaziyyat üzrə isə biarçı nəticələr) bizləri hərəkətə gətirməli, ciddi təhsil tədqiqatlarına nəhayət ki, meydan verilməlidir. Elmsiz təhsil və təhsil islahatları mümkün deyil. Nəhayət, ETN ilə TN-nin hansısa fərqi olmalıdırmı?

Paralel.az 

0.027313947677612