Telekanallara reytinq lazımdır, yoxsa pul?
Paralel.az xəbər verir ki, ölkəmizdə Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Azərbaycanda telekanalların reytinqinin ölçülməsi sisteminin tətbiqinə həsr olunmuş tədbir kecirilib. Deyilənlərə görə, bu tədbirin kecirilməsində məqsəd, ölkəmizdə fəaliyyət göstərən telekanalların real reytinqini müəyyən etməklə, peşəkarlığını artırmaqdır. Alınacaqmı? Bugünkü reallıqdan baxanda inanılası deyil. Cünki istər telekanalların və radionun, istərsə də qəzet və jurnalların reytinqi onların tamaşaçıya, dinləyiciyə və oxuyucuya təqdim etdiyi məhsuldan asılıdır. Azərbaycanda isə real rəqabət mühiti olmadığından media qurumlarının, eləcə də telekanalların reytinqini doğru-dürüst müəyyən etmək çox çətin məsələdir. Məhz bu səbəbdən də, hazırda telekanallarda şou-biznes nümayəndələrini və insanların sağlamlığını pul mənbəyinə çevirən həkim və klinikalardan başqa heç nə görə bilmirik. Bu səbəbdən də, yeni yaradılacaq sistemin bu sahədə uğur qazana biləcəyinə də ümid azdır. Ümumiyyətlə, Azərbaycan tele-media məkanında real rəqabət mühiti olmadığı təqdirdə, nə peşəkarlıqdan, nə azad sözün dəyərindən, bunların olmadığı yerdə isə reytinqdən danışmaq mümkün deyil. Kimlərinsə haram yolla qazandığı pullar hesabına yaşayan media və telekanallar- kim pul verir, o da musiqi sifariş edir- prinsipinə əməl etmək məcburiyyətindədir. Bunu bilmək üçün, nə yenidən Amerikanı kəşf etməyə, nə də «Tarix-Nadir» i oxumağa ehtiyac yoxdur. Azərbaycan reallıqları göz qabağındadır. Bunu görməyənlərin, demək ki, problemləri var.
Yusif Seyid