Dinimiz bu haqda nə deyir?
Dini mövzular hər zaman aktual olub. Vaxtaşırı, istər sosial mediada, istərsə də qəzet və jurnallarda dini mövzularla bağlı dərc edilmiş məqalələrlə rastlaşırıq. Bu gün, keçmişdən fərqli, dini mövzularda danışanların, yazanların sayı günü-gündən çoxalır, kimsə dini inancına və fikirinə, mənəvi yazılarına görə incidilmir, müxtəlif təzyiqlərə məruz qalmır.
Amma bunlarla yanaşı, insanı təəssüfləndirən məqamlar da var, dinimizin mahiyyəti və onun nə olduğunu düzgün tərzdə dərk etməyən məlum şəxslərin dini mövzulara girişib, İslam dini və şəriətin buyurduğu ehtiva etdiyi hökmlər barədə fikir yürütməsi məsələsi.
Təkcə məmləkətimizdə deyil, çox ölkələrində ilahi dinin mahiyyətini başa düşməyənlər çəkinmədən din barədə, şəriət hökmləri barədə əsassız fikir söyləyirlər! Bu da, yeni deyil. Bütün dönəmlərdə səlahiyyətindən kənar danışanlar olub, var, olacaq da.
Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri islamda qızların erkən (9) yaşda ailə qurması fikirini qəbul etmədiyini, Quranda konkret olaraq evlilik yaşı olmadığını dedi. Lakin, bu gün təəssüflər olsun ki, bu 9 yaş məsələsinə haqq qazandıranlar var.
İlahiyyatçı qeyd etdi ki, Quranda Təlaq surəsinin 4-cü ayəsini misal gətirilər. Ayələrdə- Ləm Yəhidnə - heyz görməmiş qadınlardan söhbət gedərkən bunu qız uşaqları ilə əlaqələndirirlər. Amma Nisa surəsinin 6-cı ayəsində şükürlər olsun ki, Azərbaycan dlindəki tərcümələrində çox gözəl izah veriblər bu məsələyə.
“Mən öz tərcüməmlə deyil, Azərbaycan dilində ən məşhur olan tərcümələrdən misal gətirirəm, orada belə bir ifadə yazılıb: yetimləri nigah yaşına çatana qədər sınayın. Əgər ağıla, kamala dolduqlarını hiss etsəniz mallarını özlərinə verin. Onları sınağa çəkmək, malları idarə edə bilməyəcəkləri ilə bağlı olan rüşt dediyimiz yetkinlik dövrüdür, həddi-buluğ dövrü deyil. Həddi-buluğ dövrü hər bir şəxsə görə, mühitə görə dəyişə bilər. Yəni fərdi məsələdir. Biri 9 yaşında həddi buluğa çata bilər, biri 12. Ancaq kəbin, nigah çağı deyilən bir dövr var- burda insanların ailəni dolandıra biləcək, namusunu qoruya biləcək yetkinlik dövründən söhbət gedir. Ona görə də konkret olaraq deyə bilərik ki, bəli, Qurani-Kərimdə 9 yaş məsələsi yoxdur”.
İlahiyyətçi yetkinlik dövrü anlayışına izah verərək, insanın anladığına görə də cavabdehlik daşıdığını qeyd etdi. Yetkinlik dövrü onların sınanma dövrü, yəni ailəni, malı idarə edə biləcək, bilməyəcək halıdır. Bununla bağlı konkret yaş yoxdur.
“Azərbaycanda əvvəllər Konstitusiyada qızların 17, oğlanların isə 18 yaşında ailə qurmalarına icazə verilirdi. Bu gün gender bərabərliyinə görə oğlanın da, qızın da yaşını 18-ə qaldırdılar, ailə qurmaları üçün. Amma yenə də bəzi istisna hallarda, 17 yaşa icazə verilir, təəssüflər olsun ki.
Məsələyə başqa aspektdən yanaşaq. Aişə anamız 6 yaşında Peyğəmbərimizlə nişanlanmamışdan əvvəl başqası ilə iki dəfə nişanlı olub. Aişənin nişanının qayıtmasına səbəb atasının isamı qəbul etməsi olub. İslamı qəbul edəndə 610-cu il idi, 610-cu ildə onun artıq iki dəfə nişanı qayıdıbsa azı 19 yaşı olardı. Peyğəmbərimizlə 623-cü ildə evlənib, həmin hadisədən 13 il sonra. Yəni mənbələrdəki ziddiyətləri insanlar baxıb, görmür”.
Maraqlıdır, niyə bütün dönəmlərdə məhz qadınlar müzakirə predmeti olub? Hətta qadınlar kişilərin sözündən çıxarlarsa, onların qapalı bir yerdə saxlanması əmri də var Quranda...
“Nisa surəsində qadınların döyülməsi ilə bağlı olan surə uydurmadır, səhv tərcümədir. Təssüflər olsun ki, bütün o mənbələrin yaradıcısı kişilərdir. Baxın, qadının şahidliyi məsələsində qadınlar alçaldılır, qadının üzərində hakimiyyət məsələsində qadın ikinci dərəcəyə salınır, Peyğəmbərə istinad edərək yalandan deyilir ki, guya Peyğəmbər deyib ki, Allahdan başqasına sitayiş lazım olsaydı qadınlara deyərdim ki, ərlərinə sitayiş etsinlər. Belə bir anlayış yoxdur, Peyğəmbərin özünün elədiklərinə ziddir. Çünki Peyğəmbər özü belə şeyləri etməyib.
8 il əvvəl yazmışdım ki, qadının döyülməsi ilə əlaqədar rəvayət səhvdir. Çünki ərəb dilində "drabe" sözü keçir. Bunu da bəziləri mötərizədə yazıb ki "yavaşca döyün". Ərəb dilində bu feilin 30-dan çox mənası var. Peyğəmbərimiz öz qızının ikinci dəfə evlənməyinə razı olmur, ona görə deyir Fatiməni incidən məni incitmiş olar. Belə çıxır ki, Peyğəmbər öz qızına rəva görmədiyini ümmətinin övladlarına rəva görür, deyir ki, gedin sizi döysünlər? Peyğəmbərin bir hədisində deyilir ki, "Siz qadına əl qaldırırsınız, sonra da onunla birlikdə yatağa girirsiz?! " Bu necə ola bilər, Peyğəmbər Qurana zidd danışır? Tərcümədə xətalar çoxdur. Məsələn, Tövratda Süleyman Peyğəmbəri kafir adlandırırlar, amma Qurani-Kərimin Bəqərə surəsinin 102 - ci ayəsində onun kafir olmadığı bildirilir. Bu gün ilahiyyatçı olanların 100%-i inanırlar ki, Peyğəmbərimiz 9 yaşında qızla evlənib. Və onlara öz qızını o yaşda evləndirərsənmi sualını verəndə deyirlər xeyr, o vaxt elə idi. Bəhanə gətirirlər ki, həmin vaxtlarda çox isti iqlim olub və qız uşaqları daha tez yetişib, ona görə də həmin vaxtlardakı 9 yaşındakı qız bizim 18 yaşdakı qızlar kimi olub. Mən də sual verirəm, yaxşı onunla evlənən 53 yaşındakı Peyğəmbərimiz niyə həmin o isti iqlimin təsirindən 106 yaşında bir kişi olmayıb?”
Banqladeş səfərindən də danışan Elşad Miri orada araşdırma aparıb, insanların azömürlü olduğu qənaətinə gəlib.
“Orada ortalama yaş 45 yaşdır. Həm qidalanma, həm hava, həm musson yağışlarının olmasına görə çox az yaşayırlar”.
Elşad müəllim qızların hicab bağlama yaşlarına da münasibət bildirdi. O, qeyd etdi ki, bu, yalnız islamla bağlı deyil, şumerlərdə, yəhudilikdə, xristianlıqda olan ümumbəşəri məsələdir.
“Yetkinlik dövrünə çatmış hər bir qızın baş örtüsü Allahın əmri olan Qurani - Kərimdə buyrulur. Yetkinlik dövrü də fərdidir. Həmin yaşdan etibarən qız uşaqları digər normal yetişkən insanlar kimi Allahın əmrlərini yerinə yetirməyə cavabdeh olurlar. Valideyn öz dinini uşağa təbliğ və aşılaya bilər. Amma müəyyən bir yaş həddinə çatandan sonra məcbur nə hicab bağlada, nə nə açdıra bilməz”.
O qızların diri-diri torpağa basdırılmasına da aydınlıq gətirdi: “Belə bir anlayış olub. Hindistanda indiyə qədər də belə bir anlayış var. Əri öldüyünə görə qızı yandırırdılar ki, onlar “Nirvana”ya çatsınlar. Dövlət bu gün rəsmi olaraq onu qadağan etsə də, lakin dində hələ də bu qorxunc əməl mövcuddur. Hindistanda olanda araşdırdıq, bəzi yerlərində təəssüf ki, bu ənənə davam edir. Qadınlar yaşından asılı olmayaraq yandırılır”.
Şahnaz Salehqızı, Paralel.az