Qoşqar Məhərrəmov yazır...
Qoşqar Məhərrəmov yazır...
Ötən gün dövlət kanalından bir jurnalist məktəbəqədər müəssisələrə(bağçalara) uşaq qeydiyyatının niyə çətin olduğu, yerlərin niyə məhdud olduğu barədə müsahibə almaq üçün məktəbimizə qonaq gəlmişdi. Xüsusilə qeyd etdi ki, tam şəffaf və problemləri açıqca vurğulayım.
Sizcə niyə və hansı problem var həmin müəssisələrdə? Cavablarınız maraqlıdır.
Mən belə cavab verdim xülasə:
Əksər müəssisələrdə 3 yaşlı, 4 yaşlılar üçün kifayət qədər yer var, sadəcə gizlədilir və valideynə belə deyilir ki, onlar xahiş, minnət, hörmətlə şagirdlərini buraya yazdıra biləcəklərini başa düşsünlər. Bu müəssisələr üzərində ciddi bir nəzarət mexanizmi hələlik formalaşmayıb. Həmin müəssisələrə direktorların, müəllimlərin və dayələrin seçimi sual altındadır. Məhz elə ona görə də həmin müəssisələrin rəhbərlərinin bir qismi açıqca qeyd edirlər ki, həm qeydiyyatda, həm də sonradan hər ay valideynlərdən ödəniş alırlar. Məcbur etmədiklərini, amma istədiklərini qeyd edirlər. Onlar qeyd edirlər ki, əks halda müəssisəni səliqəli, təmiz saxlaya bilməz, yaxşı müəllimləri müəssisədə saxlaya bilməzlər.
Əgər valideyn öz razılığı ilə ödəniş edirsə buna söz yox, ancaq burda bir nüans var, bu da şəffaflıq məsələsidir.
Madam ödəniş olunur bunun hesabı, kitabı, vergisi olmalıdır.
Bilinməlidir ki, bu müəssisəyə valideynlər nə qədər ödəniş etdi və bu ödənişin nə qədəri ehtiyaclara, nə qədəri məvaciblərə əlavə kimi istifadə olundu. Müəssisə o zaman publik hüquqi şəxs ünvanı ilə gəlir əldə edən vergi mükəlləfi halına gələcək. Bu, həm həmin müəssisənin heyətinin, həm də dövlətin xeyrinədir.
Səhvlər, xətalar yoluxucudur. Cinayət insanın bir əməlində varsa digərinə də yansıyır. Yəni direktor və müəllim müəssisəyə işə qəbul olarkən yanlış yolla qəbul olubsa ondan doğru addımlar gözləyə bilmərik. Ona görə də bu addımları təklif edirəm:
1. Həmin müəssisələrə müəllim və direktorların işə qəbulu nəzarətə götürülməli, şəffaflaşdırılmalı, səriştə əsaslı olmalıdır. Mərkəziləşdirilmədən də bu mümkündür.
2. Şagirdlərin qeydiyyatı ümumi təhsil müəssisələrində olduğu kimi vahid sistem üzərindən reallaşdırılmalıdır.
3. Ya valideynlərin və icmanın ianəsi üçün hüquqi baza yaradılmalı və vergiyə tabe olaraq, şəffaf şəkildə həmin müəssisələr işlərini aparmalı, ya da həmin müəssisələrdə ciddi yoxlamalar aparıb ödəniş alan, qeydiyyatı ödənişli edən, yerimiz yoxdu deyərək eyham vuran rəhbərlər işindən uzaqlaşdırılmalıdır.
Paralel.az