"Bu sahədə problem varsa, nazirlik həmin problemin həlli üçün çalışmalıdır"
Təhsil nazirimiz Emin bəyin və tanınmış jurnalis Eynulla bəyin haqqın.az saytında təhsillə bağlı müsahibələri əsasında.
İkinci məqalə
( Birinci məqaləni buradan oxuya bilərsiniz: https://paralel.az/az/article/269655)
Emin müəllimin belə bir müsahibə verməsi, buradakı mülahizələri, mədəni səviyyəsi, aldığı təhsil, beynəlxalq aləmdə baş verənlərdən məlumatlı olması, idarəetmədə elmi təminata önəm verməsi, ən əsası isə gözü tox bir insan olması ona qarşı təbii rəğbət yaradır. Amma, indiki vaxtda təhsil naziri həm də böyük, tərəqqipərvər dəyişikliklər apara bilən bir təşkilatçı, təşəbbüskar, islahatçı olmalıdır. Ölkədə təhsil siyasətinin, təhsil fəlsəfəsinin, bu sahədə idarəetmə prinsiplərinin dəyişməsi üçün çevik, sürətli şəkildə böyük layihələr həyata keçirməlidir. Bu təkcə mənim deyil, əksər insanların fikridir. Hər kəs gənc nazirimizdən ciddi, mühüm dəyişikliklər gözləyir... Artıq Təhsil Nazirliyinin icraçı orqan olmaq funksiyasından başqa həm də təşəbbüskar, islahatlar üçün zəmin hazırlayan bir qurum funksiyasını yerinə yetirməsinə ehtiyac vardır.
Təqdim edəcəyim sonrakı yazılarda təhsilimiz üçün olduqca mühüm olan məsələlərin əksəriyyətini diqqət mərkəzinə gətirməyə çalışacağam. Bu gün diqqəti daha çox məktəbəqədər təhsilə, ibtidai, xüsusi ilə birinci siniflərin problemləri ilə bağlı məsələlərə yönəltmək istəyirəm.
Təhsil sistemimizin illərdir yığılıb qalan problemləri həm çox, həm də olduqca aktual olduğu üçün onların üzərində bir qədər ətraflı dayanmaq istəyirəm. Fikirlərimi müsahibənin strukturuna uyğun olaraq yox, təhsil pillələri ardıcıllığı ilə bildirmək istəyirəm. Başlayaq Eynulla bəyin məktəbəqədər təhsil sistemi ilə bağlı verdiyi suallardan. Bir az sonra mən bu suallar haqda daha ətraflı danışacağam.
Həqiqətən də söhbət təhsil sistemimizdən gedirsə, ilk növbədə məktəbəqədər təhsil sistemimiz diqqət mərkəzində olmalıdır. Cəmiyyətin günü-gündən mürəkkəbləşdiyi və həssaslaşdığı müasir dövrdə məktəbəqədər təhsil sisteminin əhəmiyyəti də getdikcə artır. Birinci məqalədə qeyd edildiyi kimi, indi gələcək nəslin daha keyfiyyətli, arzu olunan səviyyədə yetişməsi üçün təhsil sisteminin öhdəsinə daha çox işlər düşür. Biz məktəbəqədər təhsili də elə qurmalıyıq ki, azyaşlıları ailədə, cəmiyyətdə və informasiya məkanındakı arzuolunmaz təsirlərdən daha çox qoruya bilək, yeni nəslin daha keyfiyyətli formalaşmasına nail olaq. İndi biz valideynləri də maarifləndirən, onları uşaqlarının daha yaxşı təhsil almasına həvəsləndirən, ailələrin sosial-psixoloji problemlərinə də müəyyən qədər kömək edə bilən tamamilə yeni bir keyfiyyətli məktəbəqədər təhsil sistemi qurmalıyıq. Hər hansı bir bağban daha yaxşı çiçəklər yetirmək istəyirsə, əlindən gələni etməlidir ki, onun əkdiyi şitillərin keyffiyyəti daha yaxşı olsun. Əgər bu şitilləri başqaları lazımi səviyyədə yetişdirə bilirsə, o zaman bağban rahat nəfəs ala bilər. Amma o şitillərin yetişməsində ciddi problemlər varsa, bağban məcburdur ki, özü bu şitillərin keyfiyyətli yetişməsi üçün əlindən gələni etsin. İndi Təhsil Nazirliyi məcburdur əlindən gələni etsin ki, uşaqlar birinci sinfə lazımi hazırlıq səviyyəsində gəlsinlər. Bu sahədə problemlər varsa, nazirlik həmin problemlərin həlli üçün mümkün olanın hamısını etməyə çalışmalıdır. Əks halda, birinci sinifdə qoyulan təməl möhkəm olmayacaqdır. Özülü möhkəm olmayan binanın yuxarı mərtəbələrində nə edirsən et, etibarlı bina qurmaq mümkün deyil.
İndi təhsil proqramı elə hazırlanıb ki, sentyabrın 15- də birinci sinfə gələn uşaqların artıq müəyyən hazırlığı olmalıdır. Amma, əksər kənd rayonlarında məktəbəqədər təhsil müəssisələri tələb olunan səviyyədə fəaliyyət göstərmədiyindən kəndlərimizin bir çoxunda uşaqlar birinci sinifə lazımı hazırlıqları olmadan gəlirlər. Müəllim isə proqrama uyğun olaraq dərslərə başlayır. Valideynlərin müəyyən qədər hazırladığı şagirdlər dərhal fərqlənirlər. Digərləri isə elə ilk gündən psixoloji zərbə alırlar. Hələ sentyabr ayında əksər birinci siniflərdə sanki bir təbəqələşmə baş verir. Müəllim naşı olduqda diqqəti daha çox hazırlıqlı şagirdlərə yönəldir, onları tərifləyir, geri qalanları isə tənqid edir. Demək olar ki, elə bununla da həmin şagirdlərin bir çoxu mənəvi-psixoloji zərbə alaraq özlərinə inamı itirirlər. Halbuki fiziki və əqli cəhətdən sağlam olan hər bir şagirdin özünəməxsus bir potensialı vardır. Sentyabr ayının 15-dən birinci sinif müəlliminin əsas işi o potensialı müəyyənləşdirib hərəkətə gətirməkdir. Buna həm lazımi şərait olmalıdır, həm buna tədris proqramı imkan verməlidir, həm də müəllimin öz təhsili, qabiliyyəti, xarakteri, təcrübəsi olmalıdır. Təqdirəlayiq haldır ki, son illər orta məktəblərdə hazırlıq sinifləri fəaliyyət göstərir. Təhsil Nazirliyi çalışır ki, həmin siniflərdə məşğələlər yüksək səviyyədə təşkil olunsun. Amma təəsüf ki, hələlik lazımi nəticələr alınmır. Bunun əsas səbəbi kadr problemidir. Həmin siniflərdə dərs deyən müəllimlərin hazırlıq səviyyəsində problemlər vardır. Əslində həmin siniflərdə çox hazırlıqlı, savadlı, nümunəvi davranışlı müəllimlər fəaliyyət göstərməlidir. Amma indiki təhsil sistemimizdə işlər elə qurulub ki, gənclərin bir çoxu, ali məktəblərə qəbul zamanı öz arzu etdikləri ixtisaslar üzrə lazım olan qədər bal toplaya bilmədikdə, qıraqda qalmamaq üçün az bal tələb olunan ibtidai sinif müəllimləri hazırlayan təhsil müəssisələrinə gedirlər. Ona görə də bir çox hallarda ibtidai sinif müəllimləri savadı yüksək olmayan, bu ixtisasa həvəsi olmayan gəncləri təhsilə cəlb etməklə hazırlanır. Həmin müəllimlərsə öz fəaliyyətlərinə əksər hallarda məsuliyyətsiz yanaşırlar. Olduqca həssas olan azyaşlı uşaqlarla lazımi iş apara bilmirlər.
Həm də çox böyük təəsüflə, ürək ağrısı ilə qeyd etmək lazımdır ki, uzun illər ibtidai sinif müəllimləri hazırlayan tədris müəssisələri rüşvət mənbəyi olmuş, ibtidai sinif müəllimliyi asan bir peşə hesab edilmiş, tez-tələsik ibtidai sinif müəllimləri hazırlanmışdır. Amma, özünüz fikirləşin, öz işinin öhdəsindən gələ bilməyən hər bir birinci sinif müəllimi neçə uşağın gələcəyini məhv edir? Fikrimcə, biz təcili şəkildə hər bir məktəb üçün yüksək pedoqoji hazırlığı olan, savadlı, mənəviyyatlı, milli ruhlu ibtidai sinif müəllimləri hazırlamalıyıq. Ölkənin sürətli tərəqqisi həmin müəllimlərin hazırlanmasından çox asılıdır. O müəllimlərin əksəriyyəti ali təhsilli, elmi dərəcəli insanlar olmalıdır. Həmin müəllimlərin əməkhaqqı xeyli yüksək olmalıdır. Xüsusi ilə birinci sinif müəllimlərinin hazırlıq səviyyəsi təhsil sistemimizdə olan ən mühüm məsələlərdən biridir.
Həm ibtidai sinif müəllimi hazırlayan tədris müəssisələrində, həm də bu müəllimlərin fəaliyyət göstərdiyi tədris müəssisələrində ciddi dəyişikliklər baş verməlidir. İbtidai sinif müəllimi hazırlayan təhsil müəssisələrinə hər bir tələbə xüsusi olaraq seçilməli, sosial intellekti yoxlanaraq götürülməli, onların təhsili ən yüksək tələblərə uyğun şəkildə təşkil edilməli, təhsil proqramları ən son pedoqoji tələblərə uyğun olaraq qurulmalıdır. Qarşısına olduqca ciddi tələblər qoyulan ibtidai sinif müəllimlərinə “xüsusi status” verilməli, onlara göstərdiyi nəticələrə görə fərqləndirərək yüksək əməkhaqqı ödənməlidir. Tələb olunan standartlara uyğun nəticələr əldə edə bilməyən belə müəllimlərin əməkhaqqı indeksləri azaldılmalıdır.
Belə olarsa ölkədə ibtidai sinif müəllimlərinin nüfuzu xeyli qalxa bilər. Oraya indiki kimi təkcə qızlar yox, həm də oğlanlar gələr. İbtidai sinif müəllimləri arasında həm qadınlar həm də xeyli kişilər olar ki, bu da yeni nəslin daha keyfiyyətli formalaşmasında mühüm rol oynayar.
İndi uşaq bağçalarının icra hakimiyyətinin tabeliyində olması, bir çox kənd rayonlarında uşaq bağcalarının olmaması, bütün ölkə boyu yüksək səviyyəli məktəbəqədər təhsil sistemi yaradılmaması yeni nəslin daha keyfiyyətli şəkildə yetişməsi üçün imkanları məhdudlaşdırır.
Əvvəldə qeyd olunduğu kimi, Eynulla bəyin, uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələri niyə Təhsil Nazirliyinin yox, icra hakimiyyətinin tabeliyindədir sualına Emin müəllim olduqca ehtiyatla, bir az da fikri yayındıraraq cavab verir. Qeyd edir ki, “bu qərar Azərbaycan hökuməti tərəfindən qəbul edilmişdir və biz onu müzakirə edə, bu sahədə mübahisə edə bilmərik”. Emil müəllim daha sonra müəyyən izahlar verərək deyir ki: “uşaq bağçalarının idarə olunması məsələsi bizim üçün əsas məsələ deyil”. Bəli, indi məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətinin tabeliyindədir. Bir neçə il bundan əvvəl müəyyən səbəblər üzündən belə bir qərara qəbul olunub. Amma movcud şərait tələb edir ki, bu vəziyyət dəyişsin. Burada nazirlik müşahidəçi mövqe tutmamalıdır. Təhsil Nazirliyinin özü də hökumətin bir təmsilçisidir. Nazirlər Kabineti qarşısında ciddi təşəbbüslə çıxış edib vəziyyətin dəyişməsinə çalışmalıdır. Lazım gələrsə, mütəxəssislərin, ziyalıların, deputatların köməyindən də istifadə etməlidir. Məsələyə məntiq əsasında baxmaq lazımdır. İndi artıq bir çox təhsil müəssisələrinin yanında da uşaq baxçaları da fəaliyyət göstərir. Belə çıxır ki, dövlət bir təhsil kompleksi yaratmaq istəsə, onun binalarının, kadrlarının bir hissəsini nazirlik, digər hissəsini isə icra hakimiyyətinin qurumları idarə etməlidir. Bu absurddur. Ölkənin konkret milli təhsil konsepsiyası əsasında yaradılan təhsil müəssisələrində ahəngdar fəaliyyət üçün şərait olmalıdır. Bütün təhsil müəssisələrindəki təhsil eyni bir fəlsəfə, eyni bir siyasət əsasında qurulmalıdır.
Dövrümüz təcili olaraq məktəbəqədər təhsil sisteminin bütövlüklə Təhsil Nazirliyinin tabeliyinə keçməsini tələb edir. Fikrimcə, Təhsil Nazirliyi həm məktəbəqədər təhsilin, həm də özünün mövcud resurslarından istifadə edərək tez bir zamanda ölkə üzrə elə bir şərait yaratmalıdır ki, bütün şagirdlər birinci sinifə daha hazırlıqlı gəlsinlər. Bunun üçün məktəbəqədər təhsil müəssisələri üçün ayrılmış binalardan, məktəbin öz binalaranıdan istifadə etmək olar. Əgər yoxdursa, təcili olaraq yeni binalar ayrılmalıdır. Müəllimlər ayrılmalıdır. Yəni birinci sinifə uşaqların hazırlıqsız gəlmələri kimi bir problem olmamalıdır. Buna imkan yoxdursa, birinci sinifin tədris proqramları dəyişməlidir.
Məncə, indiki vaxtda Təhsil Nazirliyinin ciddi elmi əsaslarla, ciddi mütəxəssislər tərəfindən hazırlanmış məktəbəqədər, ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı xüsusi, fövqalədə bir Fəaliyyət Proqramı olmalıdır.
Diqqət verilməli məsələlərdən biri də sinifdəki uşaqların sayı məsələsidir. Bəzən birinci sinifdə, bir dərs otağında 40-a qədər uşaq olur. Bu, yoluxma riskinin artdığı bir vaxtda tibbi baxımdan təhlükəli olmaqla yanaşı həm də pedoqoji baxımdan doğru deyil. Hər bir imkandan istifadə edərək, siniflərdə uşaqların sayının az olmasını təmin etmək üçün lazım olan işlər görülməlidir.
Fikrimcə Təhsil Nazirliyi yeni nəslin, ümumiyyətlə əhalinin keyfiyyətli təhsili ilə bağlı hər bir məsələyə diqqətli olmalıdır. Yüksək mənəvi dəyərlər aşılayan kompüter proqramlarının, videoçarxların, teleserialların, TV proqramlarının, dəsdənkənar vaxtda oxunacaq kitabların hazırlanması da Təhsil Nazirliyinin diqqət mərkəzində olmalıdır. Təəsüf ki, bu bu sahədə də xeyli problemlərimiz vardır. Məktəbəqədər təhsil müəssisələri üçün vacib olan kitablar yox dərəcəsindədir. Acınacaqlı hal odur ki, bizim kitab mağazalarımızda üşaqlar üçün satılan bədii kitabların həm sayı azdır həm də keyfiyyəti aşağıdır. Ən təəcüblüsü isə odur ki, kitab mağazalarındakı satıcıların da təsdiq etdiyi kimi, indi bizdə uşaqlar üçün rus dilində olan kitabların həm çeşidi çoxdur, həm keyfiyyəti yaxşıdır, həm də qiyməti ucuzdur. Ötən il mən 6 yaşına qədər uşaqların təlim tərbiyəsi üçün nəzərdə tutulmuş “Ömrün uğurlu bünövrəsi...” adlı bir kitab hazırlayırdım. Təəsüf ki, ölkədə o kitabın lazımi səviyyədə, milli koloritdə tərtib edilməsi üçün rəssam tapa bilmədik. Axırı, məcbur olduq ki, kitabı internetdən götürülmə şəkillərlə dolduraq. Yaxud bədii ədəbiyyatı, musiqini götürək... İndi uşaqlar üçün çalışan rəssamlara, yazıçılara, şairlərə, bəstəkarlara çox ehtiyac var... Uşaqları, valideynləri, bütün əhalini təhsilə həvəsləndirən, təhsilin insan həyatındakı rolu haqda ətraflı məlumat verən çox maraqlı filmlər, teleseriallar yaradılmalıdır... Bir sözlə, ölkəmizin tərəqqisi üçün olduqca faydalı təhsil sistemi qurmaq üçün ciddi, əhatəli, kompleks işlər görülməlidir... Təbii ki, bu işlərin hamısını Təhsil nazirliyi görə bilməz. Amma Təhsil Nazirliyi bu işdə bir mərkəz, generator və koordinator rolunu oynaya bilər.
Əhməd Qəşəmoğlu, sosioloq