Azəriqaz İB Beyləqan rayon şöbəsi Qarabağ əlilinə 140 manat "atıb"?

Azəriqaz İB Beyləqan rayon şöbəsi Qarabağ əlilinə 140 manat
 

Beyləqan rayonunun Şərq qəsəbəsində yaşayan ikinci qrup Qarabağ əlili Məmmədov Nicat Əkbər oğlu redaksiyaya zəng edərək Azəriqaz İstehsalat Birliyinin Beyləqan şöbəsinin rəhbərliyindən şikayət ərizəsi yazıb.

O, bildirib ki, evindəki qaz sayğacında problem yaranıb. Nicat Məmmədovun dediyinə görə, qaz sayğacında yaranmış problemə görə, Azəriqaz İstehsalat Birliyinin Beyləqandakı idarəsinə müraciət edib. İdarədən göndərilən mütəxəssislər problemi həll etmək üçün qaz sayğacını söküblər. Sayğacın problemini həll etdiklərini deyib, sayğacı öz yerinə quraşdırıb gediblər.

Nicat Məmmədov deyir ki, sayğacın saz vəziyyətə gətirilməsindən bir həftə keçməmiş 140 manat borc yaranıb. Bu hadisə ilə əlaqədar Nicat Məmmədov Azəriqaz Beyləqan şöbəsinin müdiri Tahir Abdullayevin və onun müavini Anar Quliyevin qəbulunda olub. Məsələni xeyli müzakirə etdikdən sonra müdir və müavin Qarabağ əlilinə bildiriblər ki, sənə heç cür kömək edə bilmərik, 140 manatı mütləq ödəməlisən.

Qarabağ əililinin dediyinə görə, 140 manat borcun yaranmasında sayğacdakı problemi həll etməyə gələn idarə işçilərinin marağı var və onların bunu qəsdən etməsindən şübhələnir. O, kənd ərazisində bu cür halın baş verməsinin ilk dəfə olmadığı bildirir.

İkinci qrup Qarabağ əlili Nicat Məmmədov təqaüddən əlavə ailəsinin başqa gəlir mənbəyi olmadığını bildirir və 140 manat pulu ödəmək üçün onun imkanının olmadığını deyir.

Ona görə də, Qarabağ əlili bu problemin həll olunmasına Azəriqaz rəhbərliyinin və digər dövlət orqanlarının köməklik göstərməsini xahiş edir.

Röyal

0.023592948913574