Akademiklərin yarışı... 

Akademiklərin yarışı... 
 
 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İdris Abbasov yazır...
Gənc italyanşünas alim Günel Bayramova akademiklərin "elmi" fəaliyyətinin növbəti bir qaranlıq məqamına aydınlıq gətirib:
"Necə olubsa, görkəmli akademiklərimiz öz kitablarını uzaq İtaliyanın ucsuz-bucaqsız nəşriyyat yaylağında Rusiya Elmlər Akademiyasının vitse-prezidenti J.İ.Alferov fondunun İtaliyadakı filialının rəhbəri Sandro Tetinin nəşriyyatında çap edirlər. Qəribə deyilmi?!
İtaliyaya, onun moda, dizayn, memarlıq abidələrinə qarşı xalqımızın sevgi və heyranlığını bilirdim, ancaq akademik heyranlığın kütləviləşməsi yeni təzahürdür. Baxıram ki, neçə vaxtdır görkəmli akademiklərimizin İtaliyada bir ucdan kitabı nəşr olunur. Sanki “İtaliyada kim daha çox kitab nəşr etdirə bilər” yarışı keçirilir. Əhsən! Mən ölkəmizin tarixi, dili, ədəbiyyatı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması və kütləviləşməsinə sevinirəm. Ancaq nəyəsə görə bu böyük Avropa ölkəsində yüzlərlə adlı-sanlı nəşriyyat evlərinin (Feltrinelli, Zanichelli, Mondadori, Mulino, Grimanalibri, Bompiani və s..yadımda qalanlardan) olduğu halda görkəmli akademiklərimiz eyni - Sandro Teti- nəşriyyat evində toqquşublar. Necə olubsa görkəmli akademiklərimiz öz kitablarını uzaq İtaliyanın ucsuz-bucaqsız nəşriyyat yaylağında Rusiya Elmlər Akademiyasının vitse-prezidenti J.İ.Alferov fondunun İtaliyadakı filialının rəhbəri Sandro Tetinin nəşriyyatında çap edirlər. Qəribə deyilmi?!
Qeyd: Gənclərdə istedadın üzə çıxarılması, təşviqi və elmə dəstək üçün 2001-ci ildə J.İ.Alferov tərəfindən yaradılan “Elm və Təhsilə dəstək üzrə Alferov Beynəlxalq Fondu” qeyri-hökumət təşkilatıdır. Təşkilat Rusiya və Belorusiya akademiklərini birləşdirir və deyəsən, Azərbaycanda da filialı var.
Ey dilimizi, tariximizi və ədəbiyyatımızı təşviq edən akademiklər! İtaliyanın ən qədim kitabxalarının tozlu-torpaqlı rəflərində tarixin qaranlığına qərq olmuş, bəlkə də heç vaxt üzə çıxarılmayacaq, tariximiz, ədəbiyyatımız və nəhayət, dilimizin möhtəşəm abidəsi olan “Azərbaycan dilinin orijinal qrammatikası”nı əldə edib, tərcümə, tədqiq və şərh edənləri siz gizlətdikcə heç bir vətənpərvərlik libasınıza inanan olmayacaq!"
Təşəkkür edirəm, Günel Bayramova!
PS. (İ.Abbasov): Bu gün dövlətimizə gözütox, dürüst, haqqı, həqiqəti söyləyən, Vətəninə, xalqına ehtiram bəsləyən mənəviyyatlı kadrlar lazımdır. Ölkəni uçuruma sürükləyən alim-akademik libaslı cibgir və büdcəgir məddahlar bizə gərəkdirmi? Dövlət onların maliyyəsini dayandırmalıdır. Məddahlığa qurşanıb pul yığan o akademiklərin, ünlü alimlərin neçəsi Prezidentin islahat çağırışına müsbət cavab verib? Təşviq emək üçün nəsə ediblərmi? Heç etməyəcəklər də. İslahat onlara sərf etmir. Özlərini hamıdan ağıllı və çoxbilmiş hesab edirlər. Dağıdıcı məmurlarala şəbəkə qurmaqdan xeyli məmnundurlar. Xalqın saflığından və Prezidentin humanistliyindən akademikanə faydalanıb kef çəkirlər. Başqa idarəçi gələcəksə, onun da yanbızını yalamaq üçün çoxspektrli vazelinləri var. Bu zatlar zatən bütün narazılıq və qarğışları ölkənin birinci şəxsinə və xalqın saf kəsiminə yönləndirməyi gözəl bacarırlar. Təəssüf ki, bu zərərli məddahların əməlləri hələ də təftiş olunub ölçü götürülmür. Gecikdikcə, Azərbaycan itirir, çünki onların zərərli fəaliyyəti gənclərə örnək olur. Bu da iylənmiş bataqlığı gəncləşdirir. Bu adamlara xaos, çevrilişlər çox sərf edir. Bu alimi-kəbirlər təzə gələni daha yaxşı aldatmağa qabildirlər. Onları yapışdıqları şirədən və sorduqları qandan nəsihətlə ayırmaq mümkün deyil. Qanun və onun diktə etdiyi cəza tətbiq olunmasa, ölkə qarınqulu, vecsiz və hissiyyatsız alimlərin, ziyalıların, sənətkarların müşayiəti ilə yaltaqlıq, yalan, korrupsiya və fırıldağın girdabında məhv olub gedəcək. Yüz minlərlə alim-ziyalının, müəllimin, həkimin və s. seyrçiliyi ölkəni və xalqı bitirmək üçün yetərlidir. Sanki kimsə kənardan gəlib bizi haqq yola istiqamətləndirəcək.
Biz də adımızı ziyalı qoyub idarəçini və xalqı suçlamaqla görəvimizi bitmiş sayacaq, tələbədən, doktorantdan aldadıb aldığımız pulla başımızı hərləyib yorğanı başımıza çəkərək mışıl-mışıl yatacağıq. Bizi elə yatmaq öldürəcək.
Alıb-aldadan, məddah, elm adına dövlət büdcəsini talayan, özünə, əhli-əyalına villa, vəzifə alan riyakar alim-akademiklərlə hüquqi dövlətin eskizini də çəkmək olmaz.
 
 
 
0.072123050689697