Xarici valyuta alqı-satqısı niyə azalıb?
Paralel.az xəbər verir ki, Mərkəzi Bankın yanvar-iyun aylarını əhatə edən “Pul Siyasəti İcmalı” ilə bağlı hesabatında məlumat verilib ki, 2021-ci ilin altı ayında tədiyə balansının yaxşılaşması valyuta bazarında məzənnə sabitliyini dəstəklənib. Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib ki, bu da əsasən de-dollarlaşma meyilləri ilə izah edilib.
İlin birinci yarısında ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,2 faiz azalaraq 12,2 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 85,3 faizi ABŞ dollarında, 14,7 faizi isə digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 29,3 faizi banklararası valyuta bazarında (BVB), 70,7 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Dövr ərzində BVB-də əməliyyatların 99,2 faizi ABŞ dollarında, 0,8 faizi avroda aparılıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 8,6 milyard dollar ekvivalentində olub ki, bunun da 79,6 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 42 faiz azalaraq 1,9 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 84,2 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.
Şahnaz Salehqızı