Əli Həsənov, onun oğlu və baldızı məhkəmədə dindiriləcək - VƏSATƏT
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Paralel.az xəbər verir ki, prosesdə vəkillərdən biri məhkəmədə şahid qismində dindirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib.
Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.
Qeyd edək ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Növbəti proses sentyabrın 3-ə təyin olunub.
Yeri gəlmişkən qeyd edək ki, təqsirləndirilən şəxslərdən Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir, digər şəxslər barəsində ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib. İttihama görə, Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur.
İddia olunur ki, Fondun həyata keçirdiyi bir sıra layihələrin icrası üçün tender yolu ilə şirkətlər seçilməli olduğu halda, qanunvericiliyin bu tələbinə əməl edilməyib. Tenderlər formal xarakter daşıyıb, jurnalistlər üçün binaların inşası zamanı tikinti normalarına əməl edilməyib, sənədlərdə işin həcmi, qiymətlər şişirdilib.