Ağoğlan və Ağqız kilsələri 

Ağoğlan və Ağqız kilsələri 
 

İlhami Cəfərsoy yazır: "Bu günlərdə telekanallarımız məlumat verdi ki, bir dəstə erməni rus pisməramlılarının müşayiəti ilə Xocavənd rayonuna gəlib, Amaras kilsəsini ziyarət etmişdir. Daşdan səs çıxdı, bizim xarici işlər nazirliyindən səs çıxmadı. Deyilmədi ki, kilsənin adı Amaras deyildir, Ağoğlandır. Amar adını ermənilər sonradan uydurublarm - as yunan fonetikasında orta cinsin adlıq hal şəkilçisidir.

Xristianlığın ilk illərində Albaniyanın İsa məsih kilsələri Ağoğlan, bakirə Məryəm kilsələri Ağqız adlanırdı. Hələ 70 il bundan qabaq rəhmətlik Zelik Yampolski yazırdı ki, Ağoğlan kilsə adları Amarasdan qədimdir. Amaras və Axçinik kilsələri Albaniyanın Ağoğlan və Ağqız məbədlərinin bünövrəsi üzərində tikilmişdir. Xristianlıqdan əvvəl əcdadlarımız düşünürdülər ki, ağoğlanlar anadan olmurlar, ağqızların göbəyindən çıxırlar.
Uyğurların və yakutların törəyiş əfsanələrinə görə Ağoğlan anadan olanda ağac koğuşundan çıxan Ağqız onu əmizdirir, əlinə od, su və dəmir verir, yəni silahlandırır. Bulqar türklərinin Buzan nəslindən olan Favstos yazır ki, Amaras kilsəsini ıv əsrdə parfiyalı Anakın oğlu tikdirmişdir. Anak bakirə Anaya, yəni Məryəmə sitayiş edən türk kahin nəsli idi. Ağoğlan və Ağqız nəsilləri İslam dinini qəbul edərək Azərbaycan xalqının mənşəyinə daxil oldular. Onların bir hissəsi indiyədək bayatlar və qaşqaylarla birlikdə Şirazda yaşayır və özlərini türk sayırlar.
Ağqız nəslinin bir qolu isə son zamanlara qədər Qarabağda yaşayırdı. Vaqifin Ağqız oymağından Piri adlı bir dostu var idi. Bəzi mənbələrdə Ağqız kilsələri Axçinik adlanır. Çoxlarına elə gəlir ki, axçik, yəni qız erməni sözüdür. İ.İ.Şopen hələ 1866-cı ildə yazırdı ki, axçik sözü türk dillərindən alınmadır. Aq, eq türk dillərində qadına və ümumiyyətlə dişi cinsinə deyilir. Ermənilər Ağoğlan kilsəsini Amaras adlandırıb özəlləşdirirlər. Pisməramlıların dəstəyi ilə ziyarət edirlər. Biz isə fil qulağında mürgüləyirik.
Nə qədər gec olsa da, öz xristian mədəniyyətimizə yiyə durmalıyıq. İnşa etdiyimiz kilsələrin adlarını özünə qaytarmalıyıq. Dərsliklərimizdə kilsə ədəbiyyatına yer ayırmalıyıq. O ədəbi nümunələr ki, müxtəlif əlifbalarla türk dillərinin müxtəlif ləhcələrundə yazılmışdır."

 
0.018269062042236