Nizami Gəncəvi: "Zülm qorxu, ədalət ümid verir"
Nizami Gəncəvi: Zülm qorxu, ədalət ümid verir
Siracəddin Hacı şərh edir: "Nizami ümidi ən önəmli dəyərlərdən biri kimi tanıdır, gerçək ümidin qaynağını göstərir, o da ədalətdir. Şair ədalət təminatlı ümid vəd edir. Nizaminin ədalətlə ümid arasında bağ qurmasını bu yollarla izah edə bilərik:
- ümid gələcəklə bağlıdır, gələcəkdə arzu edilən bir şeylə əlaqə qurmaqdır;
- “ümid” sözünün kök mənası “dayaq”dır, elə bir dayaq ki, insan ondan tutub ayağa durur, yaşayır;
- insan ümidsiz yaşaya bilməz, zülm ümidsizliyə, ümidsizlik intihara yol açır;
- zülm qorxu verir, qorxu insanı yorur, bezdirir, gücünü əlindən alır;
- ədalət ümid verir, ümid insanı dincəldir, ruhunu hüzura qovuşdurur;
- qorxu xəstəliklərə yol açır, ümid sağaldır;
- zülm qeyri-müəyyənlik (bilinməzlik), o da qayğı yaradır, qayğı qorxuya çevrilir, nəzarətsiz qorxu öldürür;
- ümid qeyri-müəyyənlikdən qurtarır, qaranlıq tuneldə işıq yandırır;
- zülmün ortaya çıxardığı qorxu yasa batırır, ədalətə bağlı ümid sevinc verir;
- qorxu əsir edir, kölələşdirir, ümid azadlığa qovuşdurur;
- ümid olmasa, inkişaf olmaz;
- insanlar ümid verməyən liderlərin arxasınca getməzlər;
- haqq etdiyini qazanmaq ümid verir;
- dəyərli olduğunu hiss etmək ümid verir;
- anlamaq ümid verir;
- cəhalət qorxunun, elm ümidin qaynağıdır;
- qorxu qaranlıq, ümid nurdur;
- ümid etmək güvənməkdir;
- ümid güc qaynağıdır;
- ümid imanın meyvəsidir;
- qorxu küfrün (küfr həqiqətin üstünü örtməkdir, həqiqətin üstünü örtən hər kəs kafirdir) övladıdır;
- həqiqət ümid, yalan qorxu verir;
- qorxu nifrətə, ümid sevgiyə yol açır;
- ümid çalışmaq istəyini artırır;
- doğru yol göstərmək ümid verir;
Nizami ümidin qaynağının ədalət olduğunu söyləyir. Ədalət hər kəsi, hər varlığı ilahi təyinatına uyğun yerdə tutmaq, onlara haqq etdiyini verməkdir. Nizami deyir ki, bunun yolu da insanların bütün haqlarını qoruyacaq dövlət sistemi qurmaqdır: ədalətli qanunlar qoyulsa, o qanunların hökmləri yerinə yetirilsə, məhkəmələr insanların haqlarını qoruyan orqan kimi fəaliyyət göstərsə, insanların canı, şərəfi, malı qorunsa, ədalət olmazmı, bu ədalət ümidə yol açmazmı, ümid sevgi, sayğı, mərhəmətlə insanları bir-birinə bağlamazmı?".