Azərbaycan avtomobil sahəsində vəziyyət necədir?

Azərbaycan avtomobil sahəsində vəziyyət necədir?
 

Paralel.az xəbər verir ki, Azərbaycanda artıq 10 ildən çoxdur avtomobil istehsalına başlanıb.

Naxçıvanda "Lifan", "FAW", "Changan", Neftçala zavodunda isə "Khazar", "AzSamand""Peugeot" markalı avtomobillər istehsal olunur.

Bu il isə Rusiyanın "QAZ" şirkətlər qrupu ilə "Azərmaş Park" məhdud məsuliyyətli cəmiyyəti (MMC ) Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi avtomobillərin birgə istehsalını işə salıb. Dəyəri 14 milyon manat olan layihə çərçivəsində 1,5 min yük maşını və xüsusi təyinatlı avtomobillərin buraxılışının nəzərdə tutulduğu açıqlanıb. Avtomobillərin dəyəri isə 17 min manatdan 130 min manatadək olacaq və yalnız Azərbaycanda satılmamalıdır.
2020-ci ildə İqtisadiyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda hətta hibrid avtomobillərin istehsalının gündəmdə olduğunu bildirmişdi. "İqtisadiyyat Nazirliyi həm yerli, həm də xarici iş adamları ilə bu məsələləri müzakirə edir", deyə o qeyd etmişdi.

Azərbaycanda yeni avtomobillərin sayı azalır, xərcləri artır

Lakin, buna baxmayaraq ekspertlər hesab edir ki, yerli avtomobillərin satış tempi aşağıdır.

Azərbaycan avtomobil sahəsində vəziyyət necədir?

İstehsal azalıb

Dövlət Statistika Komitəsindən "Turan" Agentliyinə bildirilib ki, Azərbaycanda 2021-ci ilin yanvar-iyul aylarında 940 ədəd minik avtomobili istehsal edilib. Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 134 ədəd və ya 12,5 faiz azdır. Açıqlamaya görə, ümumilikdə 172,4 milyon manatlıq maşın və avadanlıqları, digər nəqliyyat vasitələri, avtomobil, qoşqu, yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin analoji dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 71,3 faiz azalıb.

"Onların 95 faizi satılıb"

"Azərmaş Park" MMC-dən "Turan" Agentliyinə deyilib ki, "Khazar" avtomobil zavodunda ötən il mindən çox avtomobil istehsal edilib və onların 95 faizi satılıb: "Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulub".

Naxçıvanda vəziyyət

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə isə, Naxçıvan Avtomobil Zavodunda 2020-ci il ərzində 117 , 2021-ci ilin ötən dövründə isə 47 ədəd avtomobil istehsal olunub :

"Bağlanmış müqavilələrə uyğun olaraq növbəti aylarda 200 ədəd "Lifan 650”, 60 ədəd “Lifan X70”, 76 ədəd “FAW” markalı minik və yük avtomobillərinin istehsalına başlanılması nəzərdə tutulur"

Anbarlarda nə qalıb?

Dövlət Statistika Komitəsindən isə qeyd olunub ki, 2019-cu ildə ölkədə ümumilikdə 2360 minik avtomobili istehsal olunub. 2020-ci il yanvarın 1-də anbarlarda 175 məhsul olub :

"2020-ci ildə 1949 ədəd minik avtomobil istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 411 ədəd azdır. 1 yanvar 2021-ci il tarixinə anbarlarda 199 ədəd minik avtomobili qalıb. Beləliklə, 2020-ci il ərzində Azərbaycanda yığılan 1925 minik avtomobili realizə olunub. Bunun 19 ədədi xaricə ixrac edilib".

"Əslində bu istehsal deyil, yığımdır"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna xatırladıb ki, Azərbaycanda bu ilin ilk 7 ayda 940 avtomobil yığılıb :

"Əslində bu istehsal deyil, yığımdır. Çünki Azərbaycanda avtomobil istehsalı üçün detallatın ən azı 25 faizi ölkədə istehsal olunmalıdır. Məhz onda avtomobil istehsalı sənayesinin yaradılması haqqında danışmaq mümkündür. Azərbaycanda isə tamamilə xaricdən gətirilmiş ehtiyat və müxtəlif hissələrinin yığılması prosesi baş verir".

 

O, qeyd edib ki, bu əvvəlki dövrlə müqayisədə 12,5 faiz azdır : "Onlardan təqribən 150 avtomobil anbarlarda qalıb və satılmayıb".

"Böyük əksəriyyətinin müştərisi dövlət orqanlarıdır"

Onun sözlərinə görə, Azərbaycanda yığılan avtomobillərinin əsas müştərisi dövlət və hökumət orqanlarıdır :

"Əsasən Əmək və əhalinin sosial müdafiəsi Nazirliyidir. Dövlət proqramları çərçivəsində əngəlli insanlara, qazilərə, həmçinin başqa qanunvericiliyə görə hüququ çatan şəxslərə həmin avtomobillər dövlət tərəfindən bağışlanılır. Yəni, Azərbaycanda yığılmış avtomobillərin böyük əksəriyyətinin müştərisi dövlət və hökumət orqanlarıdır, bazara çıxarılan hissə isə çox azdır".

Natiq Cəfərlinin fikrincə, bu da Azərbaycanda avtomobillərin yığılmasının mənasını xeyli aşağı salır :

"Çünki bu istehsal olsaydı, yan sahələr yaransaydı, detalların Azərbaycanda istehsalı baş versəydi, halbuki, ehtiyat hissələrinin xam malı neft olduğuna görə, buna imkanlar da var, həm əlavə iş yerləri yaranardı, həm də avtomobil istehsal edilməsi üçün bir məntiqi olardı. İndiki dövrdə isə bu avtomobillərin yığılmasının Azərbaycana böyük bir xeyir gətirdiyini söyləmək mümkün deyil".

0.014266967773438