Hansı bankları təhlükə gözləyir?

Hansı bankları təhlükə gözləyir?
 

Azərbaycanda zərərlə işləyən bankların sayında kəskin artım var. Belə ki, əgər 2021-ci ilin birinci rübünü 2 bank zərərlə başa vurmuşdusa, ikinci rübdə ziyanla işləyən bankların sayı 7-yə yüksəlib.

Rəsmi statistikadan aydın olur ki, ilin ikinci rübünü bank sektoru 217,6 milyon manat xalis mənfəətlə başa vurub. Bu, bu ilin birinci rübünə nəzərən 46,2 faiz, ötən ilin eyni rübü ilə müqayisədə isə 46,2 faiz çoxdur. Ümumi mənfəətə baxmayaraq, Azərbaycanda fəaliyyət göstərən bankların 7-si ikinci rübdə zərərə düşüb. 

Bunlar “AccessBank”, “Bank Avrasiya”, “Günay Bank”, “Muğanbank”, “Yapı Kredi Bank” (Azərbaycan), “Pakistan Milli Bankı” (Azərbaycan) və “Bank Melli İran”dır (Azərbaycan). 

Hesabat rübündə “AccessBank” 2 milyon 159,0 min manat, “Bank Avrasiya” 4 milyon 279,16 min manat, “Muğanbank” 1 milyon 037,53 min manat, “Günay Bank” 252,51 min manat, “Yapı Kredi Bank” (Azərbaycan) 109,54 min manat, “Pakistan Milli Bankı” (Azərbaycan) 45,31 min manat, “Bank Melli İran” (Azərbaycan) isə 39,265 min manat zərər edib.

Qeyd edək ki, bu banklardan “AccessBank”, “Bank Avrasiya”, “Yapı Kredi Bank” (Azərbaycan) və “Pakistan Milli Bankı” (Azərbaycan) bütöv yarım ili də zərərlə başa vurublar. Belə ki, 2021-ci ilin ilk yarısında sözügedən maliyyə təşkilatları müvafiq olaraq 2 024,0 min manat, 3 928,57 min manat, 231,69 min manat və 114,97 min manat zərər ediblər.

Xatırladaq ki, pandemiya ili olan 2020-ci il ərzində banklarımız 567,8 milyon manat xalis mənfəət əldə edib. Mərkəzi Bankın məlumatına görə, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 5,8 faiz artıb. Ötən ili cəmi 3 bank zərərlə başa vurmuşdu. Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Bank BTB” və “Yelo Bank”dır. Adları çəkilən bankların zərəri müvafiq olaraq 212 min manat, 9,13 milyon manat və 39,749 milyon manat olub. Bank BTB və “YeloBank” bu ilin ilk rübündən mənfəətə çıxmağı bacarıblar.

Maraqlıdır ki, zərərlə işləyən banklarla yanaşı, Azərbaycanda problemli kreditlərin həcmi də artır. Belə ki, bu ilin iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 914,6 milyon manat təşkil edib ki, bu göstərici son bir ayda 0,9 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 14,7 azalsa da, ilin əvvəli ilə müqayisədə isə 2,4 faiz artıb.

Həmçinin iyulun 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6 faiz  təşkil edib. Bu, ötən ayla müqayisədə 0,02 faiz bəndi azdır.

Onu da qeyd edək ki, Mərkəzi Bankın qərarı ilə banklara kreditlərini qaytarmaqda çətinlik çəkən müştərilərin adlarını qara siyahıya salmamaq üçün verilən möhlət müddəti artırılıb. Bu isə problemli kreditlərin açıqlanan rəqəmdən daha yüksək olduğundan xəbər verir.

Zərərlə işləyən bankların, həmçinin problemli kreditlərin artmasının səbəbləri nədir? Bu proses Bank sektorunda yeni bağlanmalara gətirib çıxara bilərmi?

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, problemli kreditlərin həcminin artımasında pandemiyanın təsirləri xüsusi rol oynasa da, bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb: “Eyni zamanda, depozit dividendləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq bəzi banklar xarici valyutada dividendlərə ya faiz ödənişi etmirlər, ya da cüzi dividend hesablayırlar. Manat üzrə depozit dividendləri də azalıb. Depozit dividendlərinin düşməsinə baxmayaraq kredit faizlərində nəzərə çarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin geridə qalan aylarında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

İqtisadçı-alim Elşad Məmmədov hesab edir ki, zərərlə işləyən bankların sayının artması gözlənilən idi: “Çünki bank sektorunda qeyr-tarazlıq vəziyyətinin hökm sürməsi son nəticədə həm real sektorun, həm də bankların özünün inkişafına mane olan əsas səbəblərdəndir. Məsələ burasındadır ki, real sektorda yaranan problemlər bankların özlərinin dayanıqlığına mənfi təsir göstərir. Bu halda iri bankların ümumi sektorda mövqeyi güclənir. Amma real sektorda problemlər yarandıqda həmin bankların çətinlikləri də daha böyük olur. Eyni zamanda xırda banklar real sektordakı problemlərə görə üzləşdikləri sıxıntılardan daha gec və daha çətinliklə çıxa bilirlər. Bir çox hallarda heç çıxa bilməyərək iflas edirlər. Biz hazırda Azərbaycanın bank sektorunda bu mənzərəni seyr edirik”.

Ekspert qeyd edir ki, problemin dayanıqlı həllinə nail olunması üçün ilk növbədə bank struktur, keyfiyyət dəyişikliyinə nail olmaq lazımdır: “Banklar bu gün maliyyə resursu üçün xarici borclanmaya gedir ki, bu da yüksək risklər yaradır. Bankların üz tutduğu ikinci mənbə depozitlərdir. Amma bu mənbə hazırda çox məhduddur, sərt pul-kredit siyasətinin həyata keçirildiyi bir ölkədə depozit portfelinin lazımi həddə qədər genişlənməsi mümkün deyil.

Banklar eyni zamanda likvidlik problemindən gileylənirlər, əllərində olan vəsaitləri kredit şəklində yerləşdirməkdə çətinlik çəkirlər. Bunun əsas səbəbi kredit şərtlərinin ağırlığıdır. Bankların təklif etdiyi şərtlərlə kredit götürmək biznes üçün əlverişli deyil. Bu səbəbdəndir ki, son vaxtlarda problemli kreditlərin həcmi də artır: ağır şərtlərlə götürülən kreditlərin qaytarılmasında problem tez yaranır. Düşünürəm ki, bu vəziyyət davam edəcəksə, qısa müddətdən iri banklar da problemlərlə üzləşəcəklər. Buna görə də hökumət real sektorun inkişafına təkan verəcək şərtlərlə kreditləşmənin artmasına çalışmalıdır. Əks halda, nə real sektorda, nə də bank sistemində dayanıqlı inkişafı təmin etmək mümkün olmayacaq".

0.038504838943481