“Azərişıq” ASC-nin qeyri leqal sədr müavini və onun rüşvətxor dəstəsini kim durduracaq? - araşdırma
Sivil münasibətlərin və baxışların inkişaf etdiyi ölkələrə diqqət yetirəndə Yeni Medianın cəmiyyətdə aşkar olan pozuntulara biganə qalmadıqlarını görürük. Bir sözlə, Media “ictimai maraqların nəzarətçi”-si funksiyasını daşıyır, yaxud daşımalıdır.
Bu gün Azərbaycan reallığında bir çox sahələrdə inkişaf getsə də təəssüf ki, bilavasitə kadrların əxlaqsızlığı ucbatından, məqsədli şəkildə qeyri qanuni davranışların, vəzifə saxtakarlıqlarının şahidiyik. Bunları ictimaiyyətin, ölkə rəhbərliyinin diqqətinə vaxtında çatdırmaq jurnalistin həm peşə, həm də vətəndaş borcu və şəxsi əxlaq göstəricisidir. Məhz medianın açığa çıxarması nəticəsində “Azərsu” ASC, rayonların icra başçıları və digər şəxslər vəzifələrindən alındı və barələrində cinayət işi açıldı.
Bu sıradan daha çox cinayətkarlıq, vəzifə xətaları törədən məmur dəstəsinin topalşdığı “Azərişıq” ASC medianın daimi diqqət mərkəzində olmalıdır. Çünki bu gün əhali, sahibkarlar daha çox elektrik enerjisinin təchizatına və satışına baxan məmurlardan mütəmadi şikayət edir. Elektrik enerjisi xalqın rifahında çox vacib rol oynadığı üçün bu sahənin kadrları həm peşəkar, həm də vicdanlı və dürüst olmalıdır. Amma cəmiyyətdə “Azərişıq ASC” barədə gəzən mənfi informasiyalar daha çox diqqəti cəlb edir.”
Ünvanımıza tutulan iradlara biganə qalmadıq, uzun müddətdir gəzən mənfi söz-söhbətin səbəblərini araşdırmağa qərar verdik.
Araşdırdıq. Bəlli oldu ki, “Azərişıq” ASC-nin sədr müavini vəzifəsini icra edən Ramil Yusifov barədə bol neqativ hallarala zəngin yazılar dərc olunub.
O yazırlarda “Azərişıq” ASC-nin sədr müavininin keçmişi barəsində olduqca xoşagəlməz fikirlər söylənir, işlədiyi dövrdə etdiyi saxtakarlıqlara görə işindən qovulmuş Ramil Yusifovun çirkin əməllərindən bəhs olunur. Azərişıq dövlətin “açıq səhmdar cəmiyyəti” statuslu, əhalinin rifah halının yaxşılaşmasına xidmət etmək məqsədilə yaradılmış təşkilat olduğu üçün onun vəzifəli şəxsləri və onların tərcümeyi-halı da ictimaiyyətə aydın və açıq olmalıdır.
Mənbəəmiz bildirir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov olsa da, Azərişığın de-fakto sədrinin Ramil Yusifov olması mafioz zehniyyətli “kadr”-ların hesabına təmin edilir. Redaksiyalardan sorğu göndərilir, cavab istənilir, bizimlə danışığa gələnlər açıqca deyirlər ki, “Azərişıq” ASC-ni Ramil Yusifov idarə edir. Bu danılmaz faktdır.
Bu şəkildən də göründüyü kimi, Cəmiyyətin adından Ramil Yusifov danışır.
NK 14.05 2015-ci ildə 190 №-li qərarla təsdiq etdiyi “Azərişıq” ASC-nin Nizamnamənin 6-cı maddəsinə əsasən cəmiyyətin sədri və sədr müavinlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir. Təəccüblü haldır ki, Ramil Yusifov ölkə rəhbərinin qərarı olmadan Sumqayıt Regional işıq İdarəsindən birbaşa gətirilib, prezidentin təyin etməli olduğu vəzifədə oturdulur və o, artıq 4 ildir ki, qeyri leqal fəaliyyət göstərir. Nə üçün?
Ramil Yusifovun tərcümeyi-halı barədə yalnız ağızlardan eşidə bildik. Hamı onu “nasist” xarakterə malik şəxs kimi təsvir edir. Ancaq belə mənfi xarakterə malik vəzifəli şəxsin xarakterinin ictimaiyyətdən gizli saxlanması təəccüb doğurur. Yaxın mənbədən onun indiki fəaliyyəti barədə yeni maraqlı informasiyalar əldə etmişik. Araşdırmalar zamanı bəlli oldu ki, o, keçmiş iş fəaliyyətində etdiyi saxtakarlıqları indi də edir,
- işlədiyi müddətdə özünə varidat yığıb, Biləcəri, Masazır, Novxanı və ölkənin digər istirahət zonalarında malikanələr, ticarət obyektləri alıb və bu sərvəti günü-gündən genişləndirir,
- işə götürdüyü kadrları pulla yerləşdirməklə “Azərişıq” ASC-də ticarət mühiti formalaşdırıb;
- iş adamlarına sayğacları, transformatorları və s. xidmətləri küllü miqdarda rüşvət hesabına quraşdırtdırır. Və sair və ilaxir.
“DogruXeber.az” saytı yazır: “Abşeron rayon Novxanı qəsəbəsi “Qurd dərəsi” adlanan ərazi sakinləri qonşuları “Azərişıq ASC”-in sədr müavini Ramil Yusifovu “ağa” özlərini isə onun yanında “kölə” sayırlar” (10.09.2020. https://ictimai.az/azerisiq-ascnin-frildagini-mecburi-kockunler-nece-ifsa-etdiler-video/). Bunu bir yana qoyaq.
“Azərişıq” ASC-nin nizamnaməsinin birinci hissəsinin 1.2. bəndinə əsasən Cəmiyyətin bütün səhmləri dövlətə məxsus olduğu halda Ramil Yusifov bu qədər varidatı haradan yığır? Araşdırmaq gərəkdir. O nizamnamənin 1.3. bəndində yazılır: “Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, ... qanunlarını, ... digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur”. Doğrudanmı bu qədər varidat toplayan Ramil Yusifov Bu Nizamnaməyə tam əməl edir?
28 yanvar 2021-ci ildə Xəzər Tv-də çıxışında böyük bir cinayətin üstünü malalayaraq dedi ki, yeni binalarda sakinlərə sayğacı MTK-lar satırlar. Əslində sakinə sayğacı MTK verməli deyil, sakinlə müqavilə bağlayan “Azərişıq” ASC pulsuz verməlidir.
Neçə MTK sədrin ilə söhbət etdik. Az qala ağlaşa-ağlaşa dedilər ki, “bir “texniki şərtə görə “Azərişıq” ASC-nin quldurları bizdən 25 mindən 300 minə qədər pul alır. Hələ üstəlik quraşdırma pulunu da alırlar!”
Belə görsənir ki, sədr Vüqar Əhmədov o qədər naşıdır ki, vəzifə kreslosunda otursa da səlahiyyət və məsuliyyət daşımayan Ramil və onun mafioz qruplaşması o boyda cəmiyyəti idarə edir?
Onlarla bir yerdə işləyən məmurlar deyirlər ki, bu mafioz qrup yığdıqları kompromatlar hesabına lazım gəldikdə sədri şantaj edirlər və istədiklərinə çatırlar. Ona görə də bu gün “Azərişıq” ASC-də ən çox “yağlı vəzifə”-ləri Ramil Yusifovun seçib yığdığı “kadr”-ları tutur. Bəs BOSS – “Azərişıq” ASC-nin faktiki yiyəsi olan Ramil Yusifovun komandası hansı xarakterli kadrlarla formalaşır? Baxaq.
Dmokratik.az saytı yazır. Onun əsas “mafioz” kadrlarından biri Rauf Əhmədovdur. Demokratik.az saytı yazır: “Məhbusluğu və mənfi xarakteristikası olmasına baxmayaraq, keçmişi belə qaranlıq və
kriminal birinin mötəbər vəzifə tutması isə artıq müəmmalara yol açır.
... Keçmiş məhkumun sözügedən vəzifələrə məhz Ramil Yusifov tərəfindən irəli çəkildiyi və Rauf Əhmədovun ASC-də kar islahatları ilə də məşğul olduğu aldığımız bilgilər sırasındadır.
Təsadüfə oxşamır ki, adıçəkilən "cütlük" 13 ildən çoxdur ki, bir yerdə çalışırlar və bütün maxinasiya (fırıldaqçılıq-red.) işlərini öz əllərində cəmləyərək kütləvi narazılıqlar yarada biliblər. (https://demokratik.az/xeberler/iqtisadiyyat/24698-azerishiq-asc-de-mehkumlugu-olan-memur-kimdir-rauf-ehmedov-yeni-revansha-hazirlashir.html)
Dəqiqləşdirdik ki, Rauf Əhmədov təkrar və mütəşəkkil xuliqanlıq əməli törətdiyi üçün 08.07.2004-cü ildə Xətai rayon məhkəməsinin hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və onun məhkumluğu yaranmışdı. Cinayət işləri bir-birindən cəmiyyətdə təhlükəlilik dərəcəsinə görə fərqlənir. Bu, 221.2.1-ci maddə xüsusi ictimai təhlükəli cinayət əməlinin hüquqi qiymətidir. Ancaq o, vəzifədədir. Rauf Əhmədovun cinayət əməli, onun nəyə görə belə bir vəzifə tutması, yüksək əmək haqqı alması, bunun ölkə rəhbərindən gizlədilməsi bizdə təəccüb doğurur.
Deyilir ki, Rauf Əhmədov bu gün kadrların rüşvətlə vəzifəyə gətirilməsi işini təşkil edir. Bakı şəhərində aparıcıların əksəriyyəti onun xəlbirindən keçib. Hətta bir çox rayon müdirlərinin və ya müavinlərinin də təyinatı üçün pulun alınması məsələsini o təşkil edir. Bu məsələləri “Azərişıq” ASC-də əksər çoxluq danışır, yəni 1-2 nəfər danışmır ki, şər-böhtan hesab edilsin. DTX-nın məmurlarının da bu vəzifə fırıldağçılığından xəbərsiz olduğunu düşünmürük.
Bundan əlavə deyilənlərə görə Rauf Əhmədov “Bakıelektrikşəbəkə”-də, istərsə də “Azərişıq” ASC-də 2017-ci ilə kimi aşağı gəlirli vəzifələrdə olub. İşlədiyi müddətdə ancaq vəzifə saxtakarlıqları ilə, şantajla, təhdidlə, xəbər aparıb-gətirməklə məşğul olub. Belə olmasaydı özünə nə Xətai rayonu ərazisində – UPD-də “Üç qardaş” adı ilə ticarət mərkəzi tikdirə, nə də bir neçə bahalı avtomobil və əmlaklar ala bilərdi.
Etibarlı mənbənin bildirdiyinə görə, bütün bunlar Vüqar Əhmədovun əmri ilə həyata keçirilsə də onun nə baş verdiyindən xəbəri yoxdur. Bildirildiyinə görə bütün bu “islahatlar”-in arxasında “Azərişıq” ASC-in sədr müavini Ramil Yusifovla satış departamentinin rəis müavini Rauf adlı şəxs dayanır.
Ümumiyyətlə o, xoşuna gəlməyən rəisi, mühəndisi... ölkənin harasında olmasından asılı olmayaraq izləyir, güdür, şantaj edir. Deyilir ki, Azərişığın Texniki Nəzarət idarəsinin rəisinin Şəmkirdə nəzarətçi işləyən qardaşı vaxtı ilə Rauf Əhmədovun qayınatasının işıq sayğacındakı problemi aşkar etdiyi üçün Rauf Əhmədov bəlli qəzəblə Şəmkirə gedir, onu güdür, nəhayət kafedə pivə içərkən şəklini çəkir və özünün necə “döyüşkən” olmasını sübut edir. Yəni “Azərişıq” ASC-də kadr seçimi bu haldadır ki, bu sayaq qəbuledilməz keyfiyyətlərə malik olan adamlar departament müavini kimi yüksək post tutur, aylıq əmək haqqı da nə az, nə çox düz ölkə rəhbərinin əmək haqqının yarısı qədər – 8000 manat təşkil edir, özü də fırtına qoparır.
Bizimyol.info saytı yazır ki, "Azərişıq" ASC-nin enerji satışı departamentinin rəis müavini Rauf Əhmədov bir dəfə ayın 30-da vəzifəsindən azad edilib, lakin bir gün sonra ... əmr ləğv edilərək yenidən işinə bərpa olunub. Məlumata görə, Rauf Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasına səbəb onun təklifi ilə ASC-nin sədr müavini Ramil Yusifovun bir neçə rəisin yerini dəyişməsi olub.
Məsələ burasıdır ki, onu vəzifədən sədr azad etmişdi, amma Rauf Əhmədovun bazarlığı ilə də sədr özü qaytardı. Deməli aydın olur ki, “Azərişıq” sədri öz iradəsi ilə deyil, Rauf və Ramilin arzularına əmr verir”.
Demokratik az saytı yazır ki, "Azərişıq ASC" sədrinin səlahiyyətlərini cilovlayan Rauf Əhmədovu kimsə durduramaz?! https://demokratik.az/xeberler/iqtisadiyyat/25230-azerishiq-sedrinin-selahiyyetlerini-cilovlayan-rauf-ehmedovu-kimse-durduramaz.html
Rauf Əhmədov hamıya inandırıb ki, onunla görülən iş tam təminatlıdır. Məsələn, 2020-ci ildə birindən 18 000 manat alıb böyük rayonlardan birinə rəis vəzifəsinə təyin olunmasına nail olmuşdu, amma bir neçə aydan sonra həmin rayonun regional baş idarəsinin rəisinin təsiri nəticəsində o adam işdən çıxarıldı və gəlib Rauf Əhmədovdan haqq-hesab sordu. Rauf Əhmədov əvəzində onu Xətai işıq idarəsinə balans rəisi vəzifəsinə təyin etdirdi. Beləliklə Rauf Əhmədovla görülən işin təminatlılığı yenə də sübut olundu və o, iş düzəltmək inhisarında önə çıxdı. Məlumat üçün onu da bildirək ki, Xətai rayonunu ona görə seçiblər ki, həmin rayonun işıq rəisi də Ramil Yusifovun tacir kadrlarındandır.
Rauf Əhmədovun xuliqanlıq maddəsi ilə məhkumluğunun olması və neqativ əməlləri barədə mətbuatda tez-tez məlumatlar yayılsa da, “Azərişıq” ASC-də o Ramil Yusifovun çətiri altında olduqca mühüm post olan, ölkə Prezidentinin əmək haqqının yarısı qədər maaşlı və geniş fırıldaqlar gerçəkləşdirə bilən imkanlı vəzifəsini qoruyub saxlaya bilir. Görünən odur ki, “Azərişıq” ASC nin rəhbərliyi ya savadlı, əxlaqlı, şəffaf keçmişi olan kadr tapa bilmir, ya da bu vəzifənin təlimatında “zek”, “türemşik” təcrübələri tələb olunur. Ya da açılması təhlükə törədə bilən kompromatlarını əldə tutmaqla şantaj edirlər deyə Vüqar Əhmədov o mafioz qruplaşma ilə razılaşmağa məcbur olur”.
Ramil Yusifovun cinayətkar və bayağı düşüncəli, tacir zehniyyətli kadrları içində hətta dövlətə qarşı böyük cinayət əməlinə görə məhkum olunmuş şəxslər də var, ciddi vəzifələrdə otururlar. Bu kadrlar barəsində gələn yazımızda ətraflı məlumat verəcəyik.
Ümid edirik ki, Azərişıq” ASC-ni idarə edən mafioz dəstə bir gün də kəndlərimizdə aşan işıq dirəkləri kimi yıxılacaqlar.
Bütün hallarda, sözügedən ASC-nin rəhbərliyinin bütün bu deyilənlərə münasibət bildirəcəyinə ümid edirik.
Məqalə saytlarda dərc olunmuş, lakin təkzib olunmamış materiallar əsasında hazırlanıb.
Hazırladı: Röyal
P.S. Yazıda adı çəkilmiş şəxslərin rəyini dinləmək və dərc etmək haqqını tanıyırıq.