Osman Gündüz: “Bunun adı sadəcə, çəkidə aldadılmaq, oğurluqdur" 

Osman Gündüz: “Bunun adı sadəcə, çəkidə aldadılmaq, oğurluqdur
 

Ölkə vətəndaşlarının internetlə bağlı kifayət qədər problemi var. Problemlərdən biri vətəndaşların ödədiyi müəyyən vəsaitə rəğmən, xidmətlə tam təmin olunmaması, mütəmadi şəkildə internet probleminin yaranması, sürətin zəifliyi və s-dir.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz söyləyir ki, internetin keyfiyyəti və sürəti məsələsi mövcuddur. Vətəndaşla provayder arasında bağlanan bəlli müqavilə əsasında, vətəndaş hansısa tariflər üzrə bəlli ödənişlər edərək ona uyğun sürət almalıdır. Misal üçün, vətəndaş 10 manat ödəməklə 4 Mb, 20 manat ödəyərək 15 Mb internet alacağını deyə bilər: “Vətəndaş bəlli bir ödəniş edərək ev və ofisində internetin sürətinin ondan aşağı olduğunu görürsə, bu artıq onun

aldadılmasıdır. Deməli, burda aldatma var. Vətəndaş müqavilədə nəzərdə tutulan sürəti almırsa, onu araşdırmalıdır. Söhbət regionlarda daha çox istifadə edilən ADSL internetindən gedir. ADSL-də birmənalı şəkildə provayder günahkar olmur. Orada internet telefon xəttinin üzərində gedir. Necə deyərlər, yol və maşın var - yol telefon xətti, internet isə maşındır. Xətt pisdirsə, nəticə istənilən səviyyədə olmayacaq. Telefon xəttində qırıq, calaq, onun keçdiyi yerdə kanalizasiya xətti, su və s. varsa, provayderin göndərdiyi sürət son nöqtəyə gəlib çatmayacaq, az çatacaq. Yəni provayder 4 Mb göndərsə, ünvana 2 Mb gəlib çatacaq. Burda provayderin deyil, telefon xətti sahibinin, Aztelekom, ya da Baktelekomun günahı var. Amma xətt normal və sağlamdırsa, heç bir nasazlıq yoxdursa, internetlə bağlı yaranan problem provayderlikdir. Vətəndaş öz xəttini yoxlatdırmalıdır, nasazlıq yoxdursa, internet isə yenə zəifdirsə, onu aktlaşdırmalıdır. İnternetdə bunu aktlaşdıran

proqramlar var. İlk addım kimi, provayderə müraciət edərək göndərilən interneti ala bilmədiyini deməlidir. Deməlidir ki, müqavilədə göstərilən sürəti, ödədiyim pula uyğun ala bilmirəm. Bunun adı sadəcə olaraq çəkidə aldadılmaq, oğurluqdur. İlk addım provayder, daha sonra ATS, ondan sonra isə nazirlikdir. Son addım isə məhkəmədir. Aldadıldığını bilərək ödədiyi məbləğə uyğun xidmətlə təmin edilmək vətəndaşın haqqıdır”.

O.Gündüz söyləyir ki, fiber optik internetdə isə problem 100 faiz provayderlikdir. Yəni kabel internetinin ayrıca xətti var, onun sahibi də bir operatordur: “Burda günahkar bir nəfərdir. İlk mənbədən nə qədər internet göndərirsə, o, son nöqtəyə qədər gəlib çatmalıdır. İnterneti fiber optik xətt və s. üzərindən alırsa, lakin müqavilədə göstərilən sürət yoxdursa, vətəndaş dərhal operatora, nazirliyə, məhkəməyə müraciət edərək provayderdə problem olduğunu bildirməlidir”.

Nigar

0.017117977142334