Avtobus dayanacağı, parkovka, yoxsa avto-serviz?

Avtobus dayanacağı, parkovka, yoxsa avto-serviz?
 

Vaqif Əsədov: "Problem barədə rəhbərliyə məruza edəcəm ki, məsələ həllini tapana qədər əraziyə əməkdaşlarımızın nəzarəti gücləndirilsin"

Paralel.az xəbər verir ki, A.M.Şərifzadə küçəsi 157 ünvanında yerləşən avtobus dayanacağında sərnişinlərin həyatı təhlükə altındadır.

Belə ki, Yasamal rayonunun qeyd edilən ünvanında avtobus dayanacağı, parkovka və avto-servis - üçü bir nöqtədə kəsişir. "Ünversal Servis" avto-servisi və ehtiyat hissələri satış şəbəkəsindən çıxan avtomobillər birbaşa avtobus dayanacağına çıxır ki, bu da dayanacaqda avtobus gözləyən sərnişinlərin həyatına təhlükə yaradır. Dayanacaq sözün əsil mənasında avto-servisin girişindən ibarətdir. Bununla yanaşı, hər iki tərəfdən parklanan minik avtomobilləri dayanacağı elə blokadaya alıb ki, avtobus gözləyən sərnişinlər məhz avto-servisin girişində dayanmaq məcburiyyətindədir.

Yasamal rayonunda yerləşən 3 saylı ASAN xidmətdən "Kaktus" restaranı istiqamətində yerləşən dayanacaqdan istifadə edən sərinşinləri diqqəti olmağa çağırırıq. Çünki həmin avtobus dayanacağında hər an bədbəxt hadisə baş verə bilər.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bizimlə söhbəti zamanı bildirdi ki, həmin ərazidən dayanacağın köçrülməsi barədə biz Bakı Nəqliyyat Agentliyinə (BNA) dəfələrlə müraciət etmişik. Amma heç bir tədbir görülmür: "Problem barədə rəhbərliyə məruza edəcəm ki, məsələ həllini tapana qədər əraziyə əməkdaşlarımızın nəzarəti gücləndirilsin. Amma dayanacaqların yerinin dəyişdirilməsinə gəldikdə isə bu məsələ BNA-nın səlahiyyətlərinə aiddir. Biz BNA-ya bu barədə yenidən müraciət ünvanlayacağıq".

BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev bu xüsusda bizimlə söhbəti zamanı bildirdi ki, məsələdən xəbərləri yoxdur, dəqiqləşdirəndən sonra bizimlə əlaqə saxlayacaq. M.Ağayevin dəqiqləşdirməsini gözləyirik, gələn kimi onu da oxucularımızın diqqətinə çatdıracağıq.

Akif Nəsirli

0.021086931228638