Azərbaycan xalqı öz lideri ətrafında sıx birləşib
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Müzəffər ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.
Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək verdi. Türkiyə Prezidenti müharibənin başladığı gün açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Türkiyə dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən, bölgəmizdə çox müsbət rol oynayır. O cümlədən, bu gün Rusiya-Türkiyə Monitorinq Mərkəzi bölgədə təhlükəsizliyə nəzarət edir. Monitorinq Mərkəzinin fəaliyyəti noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Mərkəzin əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, münaqişə zonasında hər hansı bir qarşıdurma baş verməsin. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün nühüm amildir.
Keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Belə ki, Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. Postmüharibə dövrü əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməzsə, vəziyyəti daha da çətinləşəcək. Çünki Ermənistanın bərpa üçün sadəcə resursları mövcud deyil.
Müharibədən sonra xalqımızın həyatında mühüm siyasi hadisə baş verdi. Ölkənin ən böyük partiyasının qurultayı reallaşdı. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi isə Azərbaycanda və regionda yaranmış yeni reallıqlar, qazanılan zəfər öncəsi milli birliyin təmin olunması, ölkədəki dialoq mühitinin formalaşması, siyasətdə yeni tərəqqi məzmunlu mühitin yaranması idi.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayının keçirilməsinin zərurətini doğuran səbəblərdən ətraflı danışdı. Dövlətimizin başçısı bildirdi ki, yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar ortaya çıxardı. Qurultayda qəbul edilən önəmli qərarlardan biri də 6 siyasi partiyanın öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı oldu. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Bu partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi YAP-ın, sözün əsl mənasında, xalq partiyası olduğunu bir daha sübut edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Azərbaycanın gücünün, qüdrətinin artması, xüsusilə də 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası Azərbaycanın dünyada nüfuzunu daha da yüksəltdi, mövqelərini möhkəmləndirdi. Təbii ki, bütün bunlar Azərbaycanın bütün vətəndaşları kimi, siyasi partiyalar tərəfindən də dəstəklənir. Siyasi partiyaların əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyərək ölkəmizdə milli birliyin və həmrəyliyin təmin olunmasında mühüm rol oynadı. Belə ki, Vətən müharibəsində 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan etdi, eyni zamanda, müxtəlif regional və beynəlxalq təşkilatlara müraciətlər göndərdi və beləliklə, Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu göstərdi. Dövlət başçısı qurultayda bu məsələyə toxunaraq bildirdi: UBiz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm."
Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi və şagirdlərin milli-mənəvi ruhda yetişməsi zərurəti biz pedaqoqların üzərinə çox mühüm vəzifələr qoyur. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə şagirdlərə ətraflı məlumatların verilməsi zəruri və vacibdir. Belə ki, videokonfrans videomühazirə dərslərinin, " Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti" mövzusunda onlayn dərslərin, UAzərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifəF məzmunlu məlumatların şagirdlərə çatdırılması bu baxımdan olduqca faydalı və zəruri tədbirlərdəndir. Həmçinin, Qarabağ və işğaldan azad olmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili görüləcək işlər sırasındadır.
Şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili dərsdənkənar fəaliyyətin əsas istiqamətlərindən birini təşkil edir. Qeyd edim ki, tarixi qələbəmizdə iştirak etmək, düşmənə qan uddurmaq Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin məzunlarına da nəsib olub. Onlardan Ağazadə Fərid Fərman oğlu, Nəbiyev Ələddin Asif oğlunun döyüş yolu və cəbhədəki qəhrəmanlıqları barədə şagirdlərimiz məlumatlandırılıb. UVətənin qəhrəman oğullarıF mövzusunda şagird təqdimatlarının təşkili və videoçarxların hazırlanması da nəzərdə tutulur və həyata keçirilir. O cümlədən, Vətən müharibəsi şəhidlərinin anım günlərinin keçirilməsi, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin hazırlanması və digər məsələlərin reallaşdırılması əsas vəzifələr olaraq müəyyənləşdirilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin, böyük zəfərimizi daimi etsin, amin!
Nuriyyə Ağayeva
Cəbrayıl Rayon Milli Qəhrəman
Kazım Məmmədov adına Böyük Mərcanlı
Kənd Tam Orta Məktəbinin direktoru