Gecə növbəsində iş zərərli deyilmi?
Azərbaycanda əlilik ölülərə veriləcək!?
Desəm ki, pensiya bu millətin ən ağrılı yeridir, inanın. Keçən həftənin sonunda bu məsələnin bir daha Milli Məclisin müzakirəsinə çıxarılması da, bu ağrıdan doğub yəqin ki. Çox böyük müzakirələrə səbəb olan bu dəyişikliklər heç də bütün deputatlar tərəfindən birmənalı qarşılanmayıb və bəziləri qanundakı müddəalara etirz ediblər. Onu da qeyd edim ki, belə etirazlar bizim parlamentdə nadir hallarda olur. Bildiyiniz kimi, bizim parlamentarilərimiz adətən onlara təqdim olunan qanun layihəsini heç bir müzakirə açmadan qəbul edirlər. Bu dəfə isə dəyişikliklərə çox ciddi iradlar olub.
Ümumiyyətlə, Azərbaycanda əlilliyin, eləcə də əmək pensiyalarının təyin olunması, bugün "dəmir barmaqlıqlar" arxasından dünyanın gərdişini seyr edən eks nazir, professor Səlim Müslümovdan qalan çox ağır bir mirasdır. Dünya və Avropa standartlarını dilinin əzbəri edən, eyni zamanda Azərbaycanda yaratdığı pensiya sistemini dünyaya nümunə olduğu iddiasında olan Səlim Müslümov, ölkədə elə bir sosial təminat sistemi formalaşdırıb ki, bütün həyatını zəhmətə həsr edən əməkçi insanlar dilənçi gününə düşüblər. Bunun tam əksinə olaraq, ölkənin məmurlar çetesi ən yüksək sosial imtiyazlara sahib çıxıblar ki, əslində onların buna heç ehtiyacları belə yoxdur.
Nə sirri-xudadırsa, bizim məmurlarımız və deputatlarımız da özlərinin yarıtmaz fəaliyyətlərini ört-basdır etmək üçün "Avropa və Dünya standartları" kəlməsini hər addımda işlədirlər ki, sadə insanlar bir şey başa düşməsinlər. Əslində isə Səlim Müslümovun yaratdığı pensiya sistemindən heç Avropalılar da baş aça bilmirlər. O dövürdə söhbətləşdiyim bir almaniyalı həmkarımın-150-200 manata necə yaşamaq olar- sualı qarşısında çaşıb qaldım və ancaq bunları deyə bildim- bu almaniya təfəkkürlü birisinin anlayacağı şey deyil, gərəkdir ki, burada yaşayasan və azarbaycanlı olasan. Çünki burası Azərbaycan, daha doğrusu absurdistan! Son müzakirələr zamanı bəzi deputatların təklif olunan dəyişikliklərə etiraz etməsi də, o deməkdir ki, haqsızlıq artıq son həddə çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində on minlərlə saxta əlillik hallarının üzə çıxarması da, böyük narazılıqlara səbəb olub. İnsanlar illərlə aldıqları müavinatdan anidən məhrum edilmələrini haqsızlıq hesab edirlər. Əslində isə bu cinayətdir. Nazirlik isə nədənsə, bu cinayətdə birtərəfli şəkildə yalnız vətəndaşları ittiham edir, bəs məmurlar, onların bu cinayətdə əli yoxdurmu? Nə üçün kimsə onları da cəzanlandırmaq üçün iş görmür? Anlamaq çətin deyil ki, adi vətəndaşın səhv etmək hüququ var və o istənilən dövlət məmuruna rüşvət təklif edə bilər, bunun cinayət əməli olduğunu bilmədən. Lakin bütün qanunları bilən, dövlət qarşısında tutduğu vəzifəsinə görə məsuliyyət daşıyan məmur, nə üçün onu bu vəzifəyə təyin edən dövlətə xəyanət edib? Nədənsə, Azərbaycanda bunu heç kimdən soruşmurlar.
MM-də müzakirə olunun məsələlərdən biri də, yaş həddinin 65 yaş olmasıdır. Bunu da belə əsaslandırmağa çalışırlar ki, ölkəmizdə insanların orta yaşam həddi çox yüksəlib. Bunu kim araşdırıb, hansı tədqiqatlardan sonra bu nəticəyə gəlinib, bundan heç kimi xəbəri yoxdur. Eyni ilə də zərərli və ağır işlərdə işləyənlərə nə üçün heç bir güzəşt və imtiyazlap tanınmır, bilmək olmur. Bəziləri iddia edir ki, Azərbaycanda zərərli və ağır işlər yoxdur. Baxmayaraq ki, bizim başbilənlərimizin daim istinad etdikləri Avropanın, eləcə də Beynəlxalq Əmək Təşkilatının bir çox sənədlərində zərərli əmək sahələrində və ağır işlərdə çalışanlar üçün müəyyən güzəştlər və imtiyazlar nəzərdə tutulub. Azərbaycan isə həmin sənədlərin ancaq bəzisini qəbul edib, ona da əməl olunmur. Azərbaycan vətəndaşı bu imtiyazları əldə etmək üçün məcburdur rüşvət versin, əks təqdirdə bunların heç birini əldə edə bilməyəcək. Əldə etsə belə, onu o vəziyyətdə verəcəklər ki, aldığına peşiman olacaq.
Məlumdur ki, hər bir insanın zərərli və ağır işlərdə işləmək üçün müəyyən sağlamlıq potensialı olur. Bu potensial xərclədikdən sonra onun sağlamlığında problemlər yaranır. Azərbaycanda isə bunu nə araşdıran var, nə də tətqiq edən. Ona görə də, bu sahədə uzun müddət çalışan insanlar çiddi sağlamlıq problemləri ilə üzləşirlər. Dövlət isə mövcud absurd qanunları əsas gətirərək, bu insanlara yardım etməkdən bir növ imtina edir.
Mətbuata açıqlamasında bu məsələyə toxunan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov qeyd edib ki, "Sovet dövründə insanın iş əmsalını müəyyən etmək üçün ciddi elmi tədqiqat işləri həyata keçirilib və qanunlar qəbul olunub. Bu gün həmin qanunları dəyişmək üçün daha dərin elmi tədqiqatlar, uzun illər müşahidələrin aparılması lazımdır".
Bizdə isə Səlim Müslümov öz zurnasını çaldı getdi, Sahil Babayev də öz balabanını çalır. Həyatının 40-50 ilini zəhmətə bağlayan əməkçi insanlar isə dilənçi kökündə yaşamağa məhkumdurlar.
Bu gün Azərbaycan hökuməti zərərli və ağır iş dedikdə nələri nəzərdə tutur, siyahını açıqlamaq uzun vaxt aparardı. Mən isə həmin siyahıda yer almayan və dünya tibb elminin uzmanlarının həyacan təbili çaldığı bir məsələyə diqqətinizə çəkmək istəyirəm. Çünki bu məsələ hələ də heç bir qanun layihəsində öz əksini tapmayıb. Beləliklə, Azərbaycanda gecə növbəsində işləmək nə üçün zərərli sayılmır? Hər birimizə məlumdur ki, bugün iqtisadiyyatımızın bir çox sahələrində insanlar gecə növbəsində işləyirlər və bunun müqabilində heç bir imtiyaz və güzəşt almırlar. Bu nə dərəcədə doğrudur və insanların gecə saatlarında heç bir güzəşt nəzərdə tutmadan istismar olunmaları hansı qanunla tənzimlənir? Artıq dünyanın bir çox yerlərində- Almaniya, Kanada, Yaponiya və digər yerlərdə çalışan alimlər sübut edirlər ki, gecə növbəsində işləyən insan digərlərindən 12-15 il az yaşayırlar. Yəni bu insanlar özləri də bilmədən öz canlarına qəst etmiş olurlar. Yaxşı yadımdadır ki, sovet dönəmində gecə növəsində iş vaxtı günaşırı, yaxud bir gün iş iki gün istirahət prinsipi ilə tənzimlənirdi. Eyni zamanda gecə növbəsində işləyənlər üçün xüsusi qidalar verilir, həmçinin onların əmək haqqı gündüz işləyənlərin əmək haqqından 50-80 faiz artıq olurdu.
Onların sanatoriya və kurorta növbədənkənar göndəriş (putovka) almaq hüquqları da var idi.
Müasir Azərbaycanda gecə növbəsində işləyənlərin isə yalnız bir imtiyazı var- "işləmək istəmirsən çıx get, mən səni saxlamıram". Elə istehsalat sahələri də var ki, insanlar hər gün gecə işləyirlər və bunun müqabilində quru maaşdan başqa bir şey almırlar. Hörmətli Sahil Babayevin rəhbərlik etdiyi nazinliyin Əməyin Mühafizəsi qurumu isə bütün bunları görməzdən gəlir. Səbəb...
Deyilənlərə görə, 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zərərli əmək şəraiti və ağır işlərdə çalışanlara daha tez əmək pensiyasının verilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Lay ihədə həmin kateqoriyadan olan 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların pensiya yaş həddinin 5 il azaldılması təklif olunur. Amma bu layihədə də gecə növbəsində işləməyin nə dərəcədə zərərli olduğu barədə heç nə yoxdur. Çünki bir çox müəssisələrdə insanları gecə işlədib, gündüz işlədikləri kimi qeydiyyatını aparırlar. Bu gün Azərbaycanda kimlərin gecə, kimlərin gündüz işlədiyini hamıdan yaxşı ƏƏSMN bilir. Bunu araşldırmaq da çətin bir iş deyil. Hər halda saxta əlilliyi müəyyən etməkdən daha asandır.
Digər bir məsələ insanın yaş həddi ilə bağlıdır. Məsələn, vətəndaşın sığorta yığımı və stajı imkan verir ki, əmək pensiyasına 6 ay, bir il tez çıxsın, nə üçün ona bu şəraiti yaratmırlar? Yəni insanın 64 yaşı var, artıq sağlamlığı imkan vermir işləsin, istəyir əmək pensiyasına çıxsın buna nə üçün maneə yaradırlar, anlamıram. Hesab edirəm ki, 40- 50 il iş satajı olan insana heç bir məhdudiyyət olmamalıdır. Eyni zamanda 40-50 il stajı olan insanlara ən yüksək pensiya verilməlidir. Yoxsa, indiki kimi, 25-30 il stajı olan quldur, rüşvətxor, talançı məmura 1500-2000 manat, 40-50 il çalışan zəhmətkeş əməkçiyə ən yaxşı halda 400 manat pensiya verirlərsə, biz hansı sosial ədalətdən danışırıq?
Hesab edirəm ki, istər əlillərə, istərsə də əmək pensiyaçılarına xüsusi diqqət və qayğı ilə yanaşılmalıdır. Bu gün isə biz bu yanaşmanı görmürük. İnsan özünün haqqı çatdığını dövlətdən istəyir və buna haqqı var. Məmur isə ona elə bir sifət göstərir ki, elə bil insan onun yanına dilənməyə gəlib. Bu yanaşma kökündən dəyişməlidir.
Başqa bir mühüm məsələ də odur ki, ƏƏSMN saxta əlillikləri aşkara çıxarmaqla işini bitmiş hesab edir. Bəs Səlim Müslümovun rüşvət vermədiyi üçün halal pensiyasının heç yarısını da ala bilməyən insanların hüququnu kim müdafiə edəcək? Hazırda ölkəmizdə on minlərlə insan var ki, Səlim Müslümovun haqsızlığının qurbanı olub. Onlara rüşvət vermədikləri üçün ən aşağı pensiya təyin ediblər. Onların da pozulmuş hüquqlarını qorumaq Sahil Babayevin işi deyilmi?
Əlillər, xüsusən də Qarabağ qaziləri, yaşlı pensiyaçılar ölkəmizin ən həssas, diqqət və qayğıya ehtiyacı olan kəsimidir. Dövlət də bu vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin üzərinə qoyub. Bu nazirlik Səlim Müslümov dönəmindəki kimi işləyəcəksə, heç şübhəniz olmasın ki, Sahil Babayevin də yeri Səlim Müslümovun yanında olacaq.
Milli Məclisdə müzakirə olunan layihəyə bir sıra deputatların etiraz etməsi də, onu deiməyə əsas verir ki, ölkə əlillərinin və pensiyaçıların hələ də həllini tapmayan çox sayda problemləri var.
Ümid edirik ki, gələn müzakirələr zamanı nazir Sahil Babayev bütün qaranlıq məqamlara aydınlıq gətirəcək.
Yusif Seyid