Biləsuvardan olan bir qrup şəhid ailəsi Prezindentdə şikayət etdi

Biləsuvardan olan bir qrup şəhid ailəsi Prezindentdə şikayət etdi
 

Biləsuvar rayon Səmədabad kəndindən olan bir qrup şəhid ailələri İnfom.az-ın redaksiyasına ünvanladıqları məktubda Prezident İlham Əliyevə şikayət ediblər.

Onlar yüz hektarla torpaqların Biləsuvarın keçmiş icra başçılarından biri olan Əli Babayev tərəfindən zəbt edildiyini bildiriblər. 

Müraciətdə deyilir: 

Hörmətli Cənab Prezident! 

“Biləsuvarda daxili hökmranlıq var. Rayona icra başçısı təyin edilən istənilən şəxs burda öz hakimiyyətini qurur, ərazini dövlət qayda-qanununa uyğun deyil, öz qaydaları və istəkləri çərçivəsində idarə edir. 

Vaxtilə Biləsuvarın icra başçısı olan Əli Babayev ölkədə ən bərbad islahat aparan məmur olub. Vəzifəsindən sui-istifadə edərək hektarlarla torpaq sahəsi və əmlak mənimsəyib. O, bu mülkləri öz və yaxınlarının adına sənədləşdirib. Mənimsədiyi əmlakların bir hissəsini isə müəyyən dövrdə satıb. Qalan torpaq sahələrindən isə indi də istifadə edir. 

Əli Babayevin islahat dövrü araşdırılsa, ortaya dəhşətli korrupsiya faktları çıxar. Əli Babayevdən sonra rayona təyin olunan icra başçıları da nəsə əldə etməyə çalışıb.

Hazırda həbsdə olan keçmiş icra başçısı Mahir Quliyevin rayonda etdiyi özbaşınalıqlar Əli Babayevin etdiyinin yanında toya getməlidir. 

Rayona yeni icra başçısı təyin olunan Faiq Qürbətov ilk günlərdə insanlara münasibətdə özünü mülayim göstərdi, bəzi problemləri yerində həll etməyə çalışdı. 

Lakin sonradan onun Əli Babayevlə qohumluq əlaqələri ortaya çıxdı. Daha sonra Faiq Qürbətova Əli Babayev öz mülkinə çevirdiyi Mil-Muğan kanalı İstismar İdarəsinin balansında olan və el arasında keçmiş pambıqçı Gülsuranın parağı kimi tanınan qonaq evində qonaqlıq verib.

Adı çəkilən yeri Əli Babayev öz dədə mülki kimi istifadə edir. 

Bundan sonra Biləsuvarda yenidən Əli Babayev dövrü başladı. Əli Babayev bu dəfə Biləsuvar Ağsaqqallar Şurasının sədri seçilməklə öz yerini daha da möhkəmlətdi. O, icra başçısı olduğu halda apardığı islahatlara görə hələ də sakinlər torpaqdan istifadə edə bilmirlər, amma Əli Babayev 100 hektarlarla torpaqları zəbt edib.

Hörmətli Cənab Prezident! 

Əli Babayev rayonda Kimya Birliyinin ərazisindəki torpaqları, Biləsuvar rayon mərkəzi bazarının ətraf ərazilərindəki torpaqları, Səmədabad kəndində yerləşən Quşçuluq Fabriki və bunun kimi hələ bilmədiyimiz bir çox əmlakları zəbt edib.

Vətən müharibəsində rayon və kənd sakinləri iştirak etsə də, Əli Babayevin iki oğlu döyüşlərə qatılmadı. 

Görünür Biləsuvarda zəbt etdikləri torpaqlara başları elə qarışıb ki, Qarabağ torpaqlarını işğaldan azad etmək onlar üçün maraqlı olmayıb.

Əli Babayev Biləsuvarda sanki muxtariyyat yaradıb. Yüz hektarlarla torpaqları vəzifəsindən sui-istifadə edərək mənimsəyib. Sizdən xahişimiz odur ki, Əli Babayevin bu özbaşınalıqlarına son qoyulsun, zəbt etdiyi torpaqlar şəhid ailələri və qazilərimizə verilsin. 

Hörmətlə, bir qrup şəhid ailələri: Novruzov Nadir, Novruzov Gülbəniz, Novruzov Səməndər, Sadıqov Tomar, Sadıqova Misri, Sadıqov Təhmasib, Sadıqova Elnarə, Almazov Zamin, Məmmədov Nürəddin və başqaları... 

Redaksiyadan: Yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. 

Mənbə İnfom.az

0.015442132949829