Beyləqan igidləri - Aşıqlı oğlanları!

Beyləqan igidləri - Aşıqlı oğlanları!
 

Bu gün biz fəxr edirik. Fəxr edirik ki, Ali Baş Komandanın rəhbərliyi altında düşmənlərin 30 ildir xaraba qoyduğu yerlərimizi, Qarabağımızı aldıq. Üçminədək şəhid verdik, yaralılarımız var. Bəli, biz bu qələbə haqqında ağızdolusu danışmalıyıq. Ancaq onu da unutmamalıyıq ki, bu qələbəni bizə dadızdıran kasıb təbəqənin balalarıdır. Müzəffər ordumuzda qulluq edən, vuruşan balalarımız bu vətəni qorumaq üçün canlarından, qanlarından belə, keçdilər, Şəhid oldular. Sual olunur. Bu vətən kimindir? Əlbəttə, Azərbaycan vətəndaşlarının, başqa sözlə, Azərbaycanda yaşayanların. Amma statistik məlumatlar göstərir ki, bu vətən ancaq yazıq kasıblarındır. Şəhid olanlar da demək olar ki, onların balalarıdır.

Elə bilmə sözüm oxdur,

Mənlə həmrəy olan çoxdur,

Varlının vətəni yoxdur.

Vətən ancaq kasıbındır!

Məhv elədik yağıları,

Dinləmədik nağılları,

Şəhid oldu oğulları

Ölən, itən kasıbındır,

Vətən ancaq kasıbındır!

Varlı qalır görün harda?

Quş səkməyən villalarda,

Yaralılar qalıb darda,

Qolu gedən kasıbındır,

Qlçı gedən kasıbındır!

Vətən ancaq kasıbındır!

Polad Həşimov Generaldır. Ona verilən evi ehtiyacı olana bağışlayır. Özü şəhid olur.

Xudayar son nəfəsdə vətən haqqında mahnı oxuyur.

Mübarizlər şəhid olur. Valideyinləri və xalq onlarla fəxr edir. Əslində, onlar ölməyib bu gün də bizimlə birdilər və əbədi yaşayacaqlar.

Toy- düyündür mənim yaşım,

Gözləriniz heç dolmasın,

Bayraqları evdən asın,

Kim deyir ki, mən ölmüşəm,

Ana, mən şəhid olmuşam!

Vətənə qurbandı canım,

Sevinsin Azərbaycanım,

Zirvədədir adım, şanım

Kim deyir ki, mən ölmüşəm,

Ana, mən şəhid olmuşam!

... Azad oldu Qarqar, Xaçın,

Azad oldu Şuşa, Laçın,

Cəbrayılda, Qubadlıda,

Zəngilanda, həm Ağdamda,

Bütövlükdə Qarabağda,

Bayrağımız havalandı,

Bayrağımız dalğalandı.

Düşmən səngərin aldıq,

Qələbə himnin çaldıq

Kim deyir ki, mən ölmüşəm,

Ana, mən şəhid olmuşam!

Şəhid analarını dinləyirik. Şəhid ailələrinin yaşadığı şəraitə baxırıq və onu da görürük ki, bunlar bizim təbəqənin, yəni aşağı -yoxsul təbəqənin nümayəndələridir. Ancaq ana necə fəxrlə danışır. Evin tək oğlunu itirən ana necə də cəsarətli, toxtaqdır. "Vətən sağ olsun!"-  deyir ordumuza, Prezidentimizə təşəkkürlərini bildirir.

Bu vətənin pulu ilə varlanan bir çox məmurlar və onların uşaqları üçün vətən ancaq pul mənbəyidir. Kasıblar və kasıb uşaqları üçün isə vətən yaşayış məskənidir. Elə təbəqə var ki, vətən onlar üçün xaricdə tikdirdikləri, yaxud aldıqları villalardan ibarətdir.

Kasıblar üçün isə Vətən anadır, namusdur, qeyrətdir. İkinci vətən müharibəsində də, elə birincidə olduğu kimi, Azərbaycanın bütün bölgələrindən olan qeyrətli oğullar döyüşə atıldılar, düşməni iti qovan kimi qovdular və bu yolda şəhid oldular, yaralandılar, qazi oldular, bir sözlə, düşmənə qan uddurdular. Düşmənə qarşı cəsarətlə döyüşən, yaralanan oğullarımız arasında Beyləqan rayonunun Birinci Aşıqlı kəndindən olanlar da var. Mən istəyirəm onların bəziləri ilə sizləri də tanış edim ki, şəhid olanların ruhları şad, məkanları cənnət olsun!

Füzuli, Cəbrayıl bölgəsində döyüşən Eyvazov Binnət Əbdül oğlunun döyüş yolu çox qısa olub. 27 sentyabrda döyüşə atılan Binnət 30 sentyabrda düşmən gülləsinə tuş gəlib və yaralanıb. Huşsuz halda Şirvan xəstəxanasına gətirilib. İlk əməliyyat orada olub. Əməliyyat yaxşı olunmadığına görə onu ikinci dəfə (14 oktyabrda) Bakıda əməliyyat ediblər. Artıq ayağının biri yoxdur. Ancaq o, sağalan kimi protezlə də olsa cəbhəyə getmək fikrindəydi. Müharibə başlayan kimi səfərbərliyə çağrılan Aşıqlı igidləri cəbhədə son ana qədər vuruşublar. Bu gün Aşıqlı kəndi Abbasov Elşən Lütviyar oğlu, Cavadlı Hikmət Ramil oğlu, Cabbarov İqbal Müşviq oğlu, Novruzlu Novruz İbiş oğlu, Həsənli Həsən Ruslan oğlu, İmanov Şaiq Fəqan oğlu, Əliyev İsrail Asif oğlu, Məmmədzadə Məmməd Sərvər oğlu, Paşayev Xəyal Aslan oğlu, Cəfərov Hamlet Maşallah oğlu, Yusifli Rusif Asif oğlu, Əhmədli Sirac Ramil oğlu, Fəttahzadə Sadiq Mirdamət oğlu, Kərəmov Şahin Ələmşah oğlu, Rəhimov Taleh Saleh oğlu və digərləri ilə fəxr edirlər, qürur hissi keçirirlər. Qarabağ savaşında kəndimizin Azər, Fazil, Adəm, İzzət, Elvin Mirfəttah, Nihad və mənim  bir çox digər   şagirdlərim də düşmənlə üz- üzə dayanıb, onları məhv ediblər. Onu da deyim ki, Birinci Qarabağ savaşında Cabir, Polad, Dilqəm, Saleh, Quluyev Razi, Əfqan, Tehran, Zahid, Niyazi, Sahib, Arif, Babək və Abbasov Razi kimi oğullarımız da cəsarətlə iştirak ediblər.

Mən fəxr edirəm ki, mənim yuxarıda adlarını çəkdiklərim keçmiş şagirdlərimdir. Onlar vətən qarşısında borclarını layiqincə yerinə yetirdilər:

İgiddlər mərddilər,

Onlar necə sərtdilər,

Düşməni xar etdilər,

Beyləqan igidləri!

Aşıqlı oğlanları!

Sizsiz mənim hünərim,

Sizsiz mənim sipərim,

Ay keçmiş şagirdlərim

Beyləqan igidləri!

Aşıqlı oğlanları!

Toyda, nişanda olun,

Yaddaşlarda siz qalın,

Hər vaxt qələbə çalın,

Beyləqan igidləri!

Aşıqlı oğlanları!

Düzdü bir az xəstəyəm,

Elə bil qəfəsdəyəm,

Mən sizlərə dəstəyəm

Beyləqan igidləri!

Aşıqlı oğlanları!

Qələbə marşı coşdu,

Sevincim aşdı, daşdı,

Sizə nəğmələr qoşdum

Beyləqan igidləri!

Aşıqlı oğlanları!

Hələ Böyük Vətən müharibəsində Aşıqlı elinin altmışdan çox şəhid verdiyini, bir evdən üç igid, oğulun müharibədən geri qayıtmadığını, şəhid olduqlarını da yada salsaq, bu kəndin vətənə olan dəyərli xidmətləri tam aydınlığı ilə görünər.

Aşıqlı kəndi döyüşdən sağ- salamat qayıdan hər bir əsgəri necə də coşqu ilə qarşılayır, ayaqları altında qurbanlar kəsilir, şənlik edirlər. Ancaq bu sevinənlərin, şənlik edənlərin mənim yuxarıda qeyd etdiyim villalardakı təm- təraqlı məclislərdən çox böyük fərqi var. Fərq ondadır ki, yuxarıdakılar harınlıqdan şənlənir, aşağıdakılar isə öz əzizlərini qarşılayaraq bütöv Azərbaycanin qələbəsinə şənlənirlər. Axı, doğrudan da bu Vətən xalqımızın maddi cəhətdən aşağı olsa da mənəvi cəhətdən çox- çox yüksəklərdə dayanan oğullarının çiynində qələbəyə doğru getdi və qələbə çaldı. Onlar Vətən bayrağına bürünərək şəhid oldular, yaralandılar, qazi oldular və həmin büründükləri bayrağımızı Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Şuşada, Kəlbəcərdə, Ağdamda, Laçında, Xankəndində və yüzlərlə kəndlərimizdə dalğalandırdılar.

 Siz şəhid analarına qulaq asmısınızmı?

 Onların "Təki Vətən sağ olsun!"- ifadəsini dəfələrlə eşitmisiniz. Şəhid bacılarının, həyat yoldaşlarının, övladlarının üzlərindəki qürurlu ifadəni görəndə adamın ürəyi dağa dönür. Fikirləşirsən ki, yaxşı ki, mən belə bir ölkədə yaşayıram. Ana öz övladını müharibəyə yola salır və oğlunun vətəni müdafiə etməyə getməyi ilə qürur hissi keçirir. Şəhid anası, şəhid anası olduğu ilə fəxr edir. Öz oğlunu cəbhəyə yola salan ana.

 Get, düşmənə qalib gəl öndə ol sən,
Sevinməsin heç vaxt o yağı düşmən,
Səni boya, başa yetirən vətən,
Fəxr eləsin qoy səninlə, ay igid!
Ya qalib ol, ya Qazi ol, ya Şəhid!

 Bu müharibədə biz qalib gəldik. Şuşanı aldığımız günü qələbə günü elan etdik. Yumruq kimi birləşən xalq, ordu, rəhbər birliyi öz sözünü dedi. Diplomatiya sahəsində qalib gəldik. Otuza yaxın müsahibə verən cənab Prezident həm də öz nüfuzunu, biliyini, hazırcavablığını, dəyanətini nümayiş etdirdi. Hətta bəzi ermənipərəst jurnalistlərə yerində, sərt cavablar verdi, işğaldan azad olunan, xarabazarlığa çevrilən yerlərimizdən mənfur düşmənlərə sərt mesajlar göndərdi. Bu 44 günlük müharibədə daim qardaş Türkiyənin dəstəyini gördük. Cumhur başkanı R.T. Ərdoğan həmişə bizimlə oldu və çoxlarının çoxdan unutduqları bir bayatını yada saldı:

 Arazı ayırdılar,
Qum ilə doyurdular,
Biz Sizdən ayrılmazdıq
Zor ilə ayırdılar!

 Mənə elə gəlir ki, bu bir bəndlik bayatı bütün dastanlara, romanlara sığmayan mənanı, ifadəni özündə çox gözəl əks etdirir. İranda olan otuz milyon soydaşımız həmin bayatını artıq dillərində, əllərində şuar etdilər.

Beyləqan rayonu ikinci Qarabağ savaşında şəhərin özü də daxil olmaqla birinci Şahsevən, Aşağı Çəmənli, Əlinəzərli, Təzəkənd, Eyvazalılar və sair kəndlər şəhidlər verdilər. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı.

Bu gün şəhidlərimizin, qələbəmizin, qazandığımız zəfərlərin şəninə çoxlu sayda şeirlər yazılır, mahnılar bəstələnir. Bəzi üzdəniraqları çıxarsaq, hamı qələbə sevincini yaşayır.

Bu müharibə bizə ölüm- itim də gətirdi, maddi çətinliklərlə üzləşməyə məhkum olduq, təbii ki, sevinc hisslərimiz öndə oldu.

Mən yuxarıda da qeyd etdim. Bu vətən bizimdir. Bu vətən villalarda xumarlananların, xəyanətkarların, harınların, fürsət düşkünlərinin deyil axı!

Mən bilərəkdən müharibənin gedişində olan neqativ hallardan söhbət açmadım. Çünki pislər olmasa, yaxşıların qədrini bilmərik. Vətən var- dövlət hərislərinin üzdəniraq məmurların, qondarma şou- biznes nümayəndələrinin deyil, sadə xalqın çiynindədir.

Haşiyə: Bir ayağını ikinci vətən müharibəsində itirən qazimiz Eyvazov Binnət Əbdül oğlu vətənpərvərlik mövzusunda olan şeirlərimə görə mənə təşəkkür edir. Biz Sizə təşəkkür etməliyik, əziz qazimiz. Qarabağ işğal olunanda doğulanlar bu gün Qarabağı geri qaytardılar!

 Bu gün bütün xoş sözlər Sizlərin şəninə deyilməlidir!
Eşq olsun vətən yolunda canlarını fəda edənlərə!
Qoy onların ruhu şad olsun!
Neçə ki, Azərbaycan var, deməli onlar da var!

 Feyruz Hilaloğlu
AYB üzvü, şair- publisist

0.016891002655029