Problemləri prezident həll edəcəksə, məmurlar nəyə lazımdır?

Problemləri prezident həll edəcəksə, məmurlar nəyə lazımdır?
 

Xalqı bu qədər alçaltmaq olmaz

Ölkəmiz 27 ildir müstəqildir. Ötən 27 ilə nəzər salanda və müstəqil Azərbaycanı sovet Azərbaycanı ilə müqaisəli təhlil edəndə, bir sıra mənfi və müsbət nəticələrlə qarşılaşmalı oluruq.
Azərbaycanın müstəqilliyini qazanmasının ən böyük milli nailiyyət olduğunu bir daha xüsusi olaraq qeyd etmək lazımdır. Çünki dünyada hər bir millətin öz taleyini müəyyən etmək hüququ var. Bu, BMT-nin əsas sənədində mükəmməl əks olunub.
Azərbaycanın müstəqilliyi millətimizin böyük nailiyyəti olmaqla yanaşı, həm də milli kimliyimizi beynəlxalq aləmdə imzamızla təsdiqlədi. Yəni müstəqillik millət üçün elə yüksək bir xoşbəxtlikdir ki, bu xoşbəxtliyi əldə etmək üçün dünyadakı hər bir millət can atır və tarix boyu milyonlarla insan qurban verməli olur. Azərbaycan xalqı da müstəqilliyini asanlıqla qazanmayıb, saysız-hesabsız şəhidlər verib və  müstəqilliyini qoruyub saxlamaq üçün bu gün də şəhidlər verir.
Ölkəmiz müstəqillik qazansa da, sağalmaz  imperiya xəstəliyinə tutulmuş düşmən qonşularımız-rus və fars şovinistlərinin fitvası ilə  Ermənistanla başlayan və bitməyən müharibə bizdən asılı olmayan səbəblərə görə, hələ də davam edir. Torpaqlarımızın 20 faizi işğal altında, xeyli vətəndaşlarımız isə əsrlikdədir. Problemlərimiz isə bitib-tükənmək bilmir.
Ölkəmizin ən böyük problemi təbii ki, işğalda olan torpaqlarımızın azad olunmasıdır. Beynəlxalq hüquq normaları bütövlükdə ölkəmizin tərəfində olsa da, Ermənistana doğması kimi baxan beynəlxalq xristian güclər ölkəmizin torpaq bütünlüyünü bərpa etməsinə imkan verməyə hələ də tələsmirlər.
Ölkəmizin ikinci ən böyük problemi vəzifəsini layiqincə icra etməyən rüşvətxor və korrupsioner məmurlardlr, vəzifəli şəxslərin öz borcunu ləyaqətlə yerinə yetirməyi bacarmamasıdır. Kənardan baxanda, ölkəmiz məmurların pis əməllərinin covlan etdiyi müdhiş meydana bənzəyir. Müşahidə olunan ən pis hal ondan ibarətdir ki, məmur özbaşınalığına, rüşvətxorluq və korrupsiya kimi, dünyada normal qəbul edilməyən hallara qarşı ölkə prezidentindən başqa, heç kim mübarizə aparmır. Xalq öz müstəqil dövlətini idarə etməkdən kənarda qalıb. Halbuki xalqla prezidentin birliyinə, həmrəyliyinə bu gün həmişəkindən daha çox ehtiyac olduğu halda, bu birlik və həmrəylik hələ də istənilən səviyyədə deyil. Bu birliyə yaramaz əməlləri ilə sarsıdıcı zərbə vuran, ölkədə rüşvəti və korrupsiyanı körükləyən məmurlar xalqla prezidentin arasında keçilməz sədd qurublar. Xalq Məmurların öz maraqları ətrafında daha yaxşı birləşib güclü həmrəylik nümayiş etdirdiklərini isə heyrətlə seyr edir.
Təəssüf ki, məmurların bu pisməramlı, dövlətə, xalqa, prezidentə xidmət etməkdən uzaq həmrəyliyi ölkəmizin hərtərəfli, dinamik inkişafına mane olur, dövlətimizin beynəlxalq imicinə çox ciddi, öldürücü zərbə vurur. Eyni zamanda, düşmənlərimizin ölkəmizə qarşı uydurduqları saxta fantaziyaların reallıq kimi təqdim edilməsinə şərait yaradır.
Ona görə də əhali ölkənin idarə olunma sistemində cənab Prezidentin seçkidən sonra ciddi kadr islahatlarına başlamasını alqışlayır və dəstək verir. Xalq çox haqlı olaraq cənab Prezidentin bu sahədə həyata keçirdiyi son islahatları müdafiə edir və yeni təyin olunan gənc kadrların onlara bəslənilən ümidləri doğruldacaqlarına inam nümayiş etdirir.
Ölkədə mövcud olan başqa bir problem isə problemlərin həll olunması üçün prezidentin şəxsi müdaxiləsinin gözlənməsidir. Sanki heç kim vəzifəsini icra etmək istəmir və ya icra etməyə qorxur, çətinlik çəkir. Adamın yaxasından tutub soruşarlar ki, cənablar, görəvinizi yerinə yetirməyə kim və nə mane olur, niyə vəzifənizi icra etmirsiniz? Rüşvət və korrupsiya ilə məşğul olmaqda çox mahirsiniz, çeviksiniz, bəs vəzifənizi niyə belə yarıtmaz icra edirsiniz, heç ayıb deyil?!
Sonda Azərbaycanda yeni dövrün başlandığını və yeni dövrə uyğun bacarıq və qabiliyyətə malik olan, vətənpərvər və istedadlı gənc kadrların dövlət idarəçiliyinə cəlb edilməsinin zamanı olduğunu qeyd etməyi vacib sayıram.

0.037065982818604