Maraqlı məlumatlar...
Aşıq Ələsgərin ata ocağında Ələsgər, Salah, Xəlil, Məhəmməd qardaşları və iki bacısı Fatimə, Qızxanım var idi.
Özü isə 1861-ci ildə Kəlbəcərin Yanşaq kəndindən Nağı kişinin qızı Anaxanımla ailə qurmuş, Bəşir, Əbdüləzim, Talıb adlı 3 oğlu, Nigar, Xeyransa, Gülnisə, Bəsti, Əsli, Zümrüd adlı 6 qızı olmuşdur.
Deyilənlərə görə, Dəli Alının bacısı oğlu Zeynalabdinin toyunda dövlət rəsmiləri belə qaçaqlarla bir arada toyda olublar.
Onun mədrəsə təhsili almaq yaşında Ələsgəri dövrünün ziyalısı sayılan Kərbəlayi Qurbanın evinə köməkçi vermişdilər. Amma Kərbəlayi Qurban ilə onun münasibəti zaman-zaman ata-oğul münasibətinə çevrilmişdi. Həmçinin balaca Əli-əsğər (Aşıq Ələsgərin uşaqlıq adı, mənası İmam Əlinin kiçiyi) Kərbəlayinin evində ibadət əhli kimi formalaşmış, müəyyən dini təlim və şifahi savad almış, sonralar isə o dövrün kamil dini təhsil almış ustad aşığı Aşıq Alıya düz 10 il şagird olmuşdur. Sözsüz ki, bu on il müddətində o Aşıq Alının ona verdiyi dini təhsili də şifahi qavramışdı. Ona görə də Ələsgər dil elminin bəlağətinə bələd idi. Kamil istedad sahibi olan Ələsgər də bu biliklərin əsasında öncə başına gələn ilk uğursuz eşqindən yaşadığı sarsıntını şeirlə dilə gətirmiş və bu yolun yolçusu olmuşdur.
_______________________________
Deyilənə görə, Kərbəlayi Qurbanın Səhnəbanı adında 10-12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona "pullu Məhərrəm" deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır.
Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neḉə bədbəxt hadisə baş verir. 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlir. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür.
1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir.
_____________________
1972-ci ildə Azərbaycanın xalq rəssamı Böyükağa Mirzəzadəyə Aşıq Ələsgərin portretini yaratmaq sifarişi olunur. Göyçə gölü rəsmini 1960-cı ildə uğurla çəkəndən sonra elə bu mahalın tanınan siması Aşıq Ələsgərin portretin çəkmək ona tapşırlır. O bunun üçün Göyçə mahalına gəlir, yaşlı insanlarla görüşür. Sonra Ağkilsə kəndində gedir. Aşıq Ələsgər barədə deyilənlər əsasında onu belə təssəvvür edir. Amma rəssamın yanıldığı bir məqam olur. Aşıq Ələsgər solaxay idi.
Müəllif: Şahin Nağıyev
Paralel.az