Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: Paşinyan xoflandı, Makrondan dəstək istədi
Ermənistanın beynəlxalq himayədarı, xüsusilə də, ABŞ, Avropa Birliyi və Fransa siyasi riyakarlığın bütün metodlarını sınaqdan çıxartmağa çalışır... Vaxtilə Azərbaycan ərazilərini işğal etmiş Ermənistandan "məzlum ölkə" düzəltməyə cəhd göstərilir, rəsmi Bakı bunun bumeranq effekti verəcəyinə işarə vurdu...
Paralel.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Azərbaycanda Zəfər Bayramı böyük təntənə ilə qeyd edilir. Əslində, bu, o qədər də, təəccüblü deyil. Üstəlik, Azərbaycan xalqı tarixi hərbi zəfəri belə yüksək səviyyədə qeyd etməkdə tamamilə haqlıdır. Çünki Azərbaycan müstəqil olduqdan sonra 2020-ci ilə qədər BMT tərəfindən tanınmış ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal olunmuş bir ölkəydi. Və ikinci Qarabağ savaşında Azərbaycan ordusunun tarixi hərbi zəfəri ilə ölkəmizin əraziləri Ermənistanın işğalçı terror dəstələrindən tamamilə təmizlənmiş oldu.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun Ermənistan üzərindəki tarixi hərbi zəfəri Cənubi Qafqazda geopolitik şərtləri tam tərsinə çevirdi. İndi Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibidir. Bu regionda rəsmi Bakının icazəsi olmadan heç kənar dövlət və ya qurum öz geopolitik maraqlarına bağlı planlar qura bilməz. Hətta qursa belə, onları reallaşdırmaq şansı qazanmaz. Bu reallıq Cənubi Qafqazda maraqları olan bəzi beynəlxalq siyasi iradə mərkəzlərini qəzəbləndirir. Və bu səbəbdən də, əvvəlkindən fərqli olaraq, bu dəfə açıq ermənipərəst mövqe tutaraq, Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası başladıblar.
Yəni, Azərbaycan ordusunun tarixi hərbi zəfəri yalnız regional deyil, həm də beynəlxalq əhəmiyyətə malik geopolitik hadisədir. Ona görə də, indi rəsmi Bakı yalnız Ermənistanla deyil, həm də onilliklər boyu Cənubi Qafqazda reallaşdırılmasına cəhd göstərilən "erməni layihəsi"nin bu regiona heç bir aidiyyatı olmayan beynəlxalq müəllimləri ilə də mübarizə aparmaq məcburiyyətində qalıb. Və hazırda rəsmi Bakının prinsipial mövqeyi onu göstərir ki, Azərbaycan dövləti "erməni faktoru"nun arxasından boylanan xarici güc mərkəzlərinə müqavimətə hazırdır, üstəlik, bunun üçün yetərli hərbi-siyasi potensiala da sahibdir.
Maraqlıdır ki, Ermənistanın beynəlxalq himayədarı, xüsusilə də, ABŞ, Avropa Birliyi və Fransa siyasi riyakarlığın bütün metodlarını sınaqdan çıxartmağa çalışırlar. Vaxtilə Azərbaycan ərazilərini işğal etmiş Ermənistandan "məzlum ölkə" icad etməyə cəhd göstərirlər. Halbuki, rəsmi Bakı ABŞ və Qərbin bu vərdişlərinə və ənənəsinə çox yaxşı bələddir. Və bu baxımdan, belə riyakar metodlar ilə Azərbaycanı öz strateji hədəflərindən yayındırmağın mümkün ola biləcəyi hazırda o qədər də inandırıcı görünmür.
Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı rəsmi Bakının prinsipial mövqeyini çox açıq şəkildə gündəmə gətirməklə, Ermənistanın beynəlxalq himayədarlarına sərt mesajlar verib. Azərbaycan lideri vurğulayıb ki, indi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər: "Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb".
Azərbaycan Prezidenti onu da bildirib ki, ikinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri Ermənistanın bu günə qədər daha düzgün addımlar atması üçün tamamilə kifayətdir. Halbuki, hazırda mövcud vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar israrla Ermənistanı yeni müharibəyə təhrik etməyə çalışırlar. Və bu, Cənubi Qafqaza qarşı ən ciddi hərbi-siyasi təhlükə qaynağı olaraq, qalmaqda davam edir.
Göründüyü kimi, Cənubi Qafqaz ətrafında yaranmış yeni situasiya kifayət qədər qəliz xarakter daşıyır. Çünki Cənubi Qafqazda olan mövcud problemlərin həlli qarşısında duran əsas əngəllər yalnız bu regionun daxilində deyil. Yəni, Cənubi Qafqazda sülhü və sabitliyi təhdid edən əsas təhlükələr daha çox bu regiondan kənar qüvvələrin maraqlarından qaynaqlanır. Və bu baxımdan, Cənubi Qafqazı məhz həmin kənar güclərin məkrli hədəflərindən qorumağa olduqca ciddi ehtiyac var.
Hər halda, əgər, ABŞ, Avropa Birliyi və Fransa ermənipərəst deyil, məhz neytral mövqe tutmuş olsaydı, indi Cənubi Qafqazda tamamilə fərqli vəziyyət yaranmış olardı. Belə ki, Ermənistan Cənubi Qafqazda maraqları olan ABŞ Avropa Birliyi və Fransaya güvənib, cəsarətlənməsəydi, rəsmi İrəvan Azərbaycan ilə yekun sülh sazişini çoxdan imzalamış olardı. Üstəlik, rəsmi İrəvan ümumiyyətlə, gələcəyə yönəlik hər hansı revanşist planlar qurmağa cəsarət etməzdi. Bu baxımdan, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması qarşısında ABŞ, Avropa Birliyi və Fransanın əsas əngəl rolunu oynadığı indi qətiyyən şübhə doğurmur.
Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin son mesajları da məhz bu inkaredilməz reallığı ifadə edir. Azərbaycan lideri bu mesajlarla sülh prosesi üzərindən siyasi manipulyasiyalar edən rəsmi İrəvana Ermənistanı yanlış istiqamətə yönəltdiyi barədə sərt xəbərdarlıq edir. Yəni, rəsmi İrəvanın hazırda Ermənistanı ABŞ, Avropa Birliyi və Fransanın geopolitik maraqlarına alət etməsi regional sülh prosesinə nəinki əngəl törədir, həm də, sarsıdıcı zərbələr vurur. Və bu, yaxın gələcəkdə ən çox Ermənistanı daha real təhlükələrə məruz qoya bilər.
Əslində, rəsmi İrəvan da bu reallığı anlayır. Ancaq Paşinyan hakimiyyəti Ermənistanı ABŞ, Avropa Birliyi və Fransanın geopolitik müstəmləkəsinə çevirdiyindən rəsmi İrəvan müstəqil qərarlar vermək şansından çox-çox uzaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yönəlik xəbərdarlıq mesajları isə adətən, Paşinyan hakimiyyəti daxilində olduqca ciddi narahatlıq, hətta xof yaradır.
Ona görə də, baş nazir Nikol Paşinyan belə xəbərdarlıq mesajlarından sonra Fransa prezidenti Emmanuel Makrona şikayət etməyə, ondan dəstək istəməyə də vərdişidir. Və bu dəfə də onun Fransa prezidenti Emmanuel Makrona şikayət qarışıq dəstək istəmək imkanından dərhal yararlanması qətiyyən gözlənilməz deyil.