Çinin iri sənaye şirkətlərinin mənfəəti kəskin azalıb

Çinin iri sənaye şirkətlərinin mənfəəti kəskin azalıb
 

2024-cü ilin yanvar-sentyabr aylarında Çinin iri sənaye şirkətlərinin ümumi mənfəəti illik müqayisədə 3,5 faiz azalaraq 5,228 trilyon yuana (732 milyard dollar) düşüb.

Paralel.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı Çin Dövlət Statistika İdarəsi(SSA) yayıb.

İri sənaye şirkətlərinə illik gəliri 20 milyon yuandan çox olan sənaye müəssisələri aiddir.

Yanvar-avqust aylarında belə müəssisələrin mənfəəti 0,5 faiz artım göstərmişdi.

Məlumata görə, sentyabrda Çinin iri sənaye müəssisələrinin ümumi mənfəəti illik müqayisədə 27,1 faiz azalıb. Avqustda isə bu göstərici 17,8 faiz azalıb.

“Trading Economics” qeyd edir ki, iri sənaye müəssisələrinin mənfəətinin azalması göstərir ki, davamlı olaraq zəif istehlak tələbi, deflyasiya riski və daşınmaz əmlak bazarında tənəzzül şəraitində Çin iqtisadiyyatının artım perspektivi qeyri-müəyyən olaraq qalır.

Doqquz ayda dövlət şirkətlərinin mənfəəti 6,5 faiz, özəl şirkətlərin mənfəəti 9,6 faiz azalıb.

Yanvar-sentyabr aylarında mənfəətin azalması mineral mədənçıxarma sənayesində (-51 faiz), kömür sənayesində (-21,9 faiz), maşınqayırma məhsullarının istehsalında (-7,2 faiz), kimya sənayesində (- 4 faiz, avtomobildə (-1,2 faiz) olub.

Mənfəətdə artım əlvan metalların istehsalında (+52,5 faiz), toxuculuq sənayesində (+11,5 faiz), kompüter, rabitə və digər elektron avadanlıqların istehsalı seqmentində (+7,1 faiz), kənd təsərrüfatı və qida istehsalı (+6,6 faiz), neft-qaz sektorunda (+0,9 faiz) qeydə alınıb.

 

0.015870094299316