Səfər Mehdiyev DGK əməkdaşlarının pensiya hüququnu pozub? - Məhkəmə
Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş əməkdaşı Nəzakət Qazıbəyova sözügedən qurumu məhkəməyə verib.
Paralel.az Qaynarinfo-ya istinadla xəbər verir ki, onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Həmid Ağalarov iş üzrə hakim təyin edilib. Nəzakət Qazıbəyovun iddiası inzibati orqanların hərəkətsizliyi ilə əlaqədardır.
İşin detallarına gəlincə, mübahisə pensiya təminatı ilə bağlıdır. Nəzakət Qazıbəyova DGK-nın keçmiş sədri Səfər Mehdiyevin dövründə təqaüdə göndərilib. Lakin o, pensiyasının düzgün hesablanmadığını iddia edir.
Nəzakət Qazıbəyova və onunla birlikdə təqaüdə göndərilən digər əməkdaşlar hətta bununla bağlı ölkə rəhbərliyinə də müraciət ünvanlayıb. Həmin müraciətdən məlum olur ki, onlar dövlət qulluğunun xüsusi kateqoriyasına aid olduqlarından 20 təqvim ilinin tamamında pensiya hüquqları yaranıb. Lakin Nəzakət Qazıbəyova və digərləri bu hüquqdan yararlanmayaraq gömrük orqanlarında fəaliyyətlərini davam etdiriblər. 2019-cu ildə həmin vaxt DGK-nın sədri olan Səfər Mehdiyev onlara heç bir xəbərdarlıq etmədən gömrük orqanlarında fəaliyyətlərinə xitam verərək və təqaüdə göndərib.
Müraciət müəllifləri bildirib ki, DGK tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə göndərilən pensiya haqqında məlumat vərəqəsində işlədikləri dövrlərdə aldıqları digər əlavələr əksini tapmayıb və onlara az pensiya hesablanıb.
Nəzakət Qazıbəyova bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib. Digərlərinin də məhkəməyə müraciət etdikləri bildirilir.
Səfər Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri olub.