Regiondankənar qüvvələr Cənubi Qafqaz üçün əsas təhdiddir - Sergey Lavrov
Qərb Cənubi Qafqazda öz maraqlarını güdür, proseslərə müdaxilə etməyə çalışır, bu da region üçün təhdid təşkil edir. Bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov oktyabrın 18-də İstanbulda 3+3 platformasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Cənubi Qafqaz üçün əsas təhdid regiondankənar oyunçuların burada öz şərtlərini diktə etməyə, regionun problemlərinin burada yerləşən bütün ölkələrin maraqlarına uyğun şəkildə həllinə deyil, NATO-mərkəzli formatların burada təşviqinə, blok proseslərinin inkişafına, qonşu ölkələr arasında mübahisə yaradılmasına və öz imkanlarından təzyiq vasitəsi kimi istifadəyə yönəlmiş sxemlərini tətbiq etməyə çalışmasıdır", deyə Lavrov bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Bakı və Yerevanı "sülh müqaviləsi üzərində işi yekunlaşdırmaq üçün "3+3" platformasından istifadə etməyə" çağırıb.
"Biz həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri, onların müavinləri, hökumət başçıları səviyyəsində həm kommunikasiyaların açılması, həm sərhədlərin delimitasiyasına hazırlıq, həm də bir sıra digər mövzular üzərində Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli işi çərçivəsində görülən "hazırlıqları" xatırlatdıq", deyə Lavrov bildirib.