Azərbaycanda mina təhlükəsizliyi ilə bağlı yeni qanun hazırlanır
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin oktyabrın 16-da keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Minatəmizləmə haqqında” yeni qanun layihəsi müzakirə olunub.
Paralel.az xəbər verir ki, qanun layihəsi haqqında məluumat verən parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycanın dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edib.
O deyib ki, ərazimizin təxminən 12 faizi Ermənistan tərəfindən mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Bildirib ki, Ermənistan minalardan təkcə hərbi məqsədlər üçün deyil, mina terroru həyata keçirmək üçün də geniş şəkildə istifadə edib. Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməməsi məsələsinə diqqət çəkən komitə sədri 44 günlük Vətən müharibəsi başa çatandan indiyədək əksəriyyəti mülki şəxs olan 370-ə yaxın vətəndaşımızın minaların qurbanı olmasından danışıb.
Arzu Nağıyev qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulan humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və 1998-ci ildə yaradılan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA bu istiqamətdə böyük işlər görüb.
Bildirilib ki, qanun layihəsi 3 fəsil 14 maddədən ibarətdir.
İclasda müzakirə edilən qanun layihələri birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.