Vəd edilmiş torpaqlar, kürd zolağı... - İsraillə Türkiyə arasında savaş mümkündürmü?

Vəd edilmiş torpaqlar, kürd zolağı... - İsraillə Türkiyə arasında savaş mümkündürmü?
 
İsraillə və Türkiyə arasında birbaşa müharibə mümkün deyil, Qərb buna imkan verməyəcək". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.
 
Vüqar Zifəroğlu bildirib ki, İsrail-HƏMAS qarşıdurması baş verənə qədər Ankara ilə Təl-Əviv arasındakı münasibətlərdə müəyyən loyallaşma hiss olunurdu. Hətta buna görə Türkiyədəki seçkilərdə bəzi müxalif qüvvələr AKP-ni İsraillə əməkdaşlıqda ittiham edirdi: 
 
  "Qəzza zolağında baş verən hadisənin əvvəlində belə Türkiyənin İsrailə münasibəti çox da kəskin olmayıb. Onlar dialoqa çağırış edir, hətta tərəflər arasında vasitəçilik də təklif edirdilər. Lakin proses uzandıqca Türkiyənin İsrailə münasibətdə ritorikası daha da sərtləşdi. Hazırda birmənalı şəkildə deyə bilərik ki, Ankara ilə Təl-Əviv arasında münasibətlər müsbət xarakterdə səciyələndirilə bilməz. Münasibətlər kifayət qədər kəskindir. Hər iki tərəfdən olduqca sərt bəyanatların şahidi oluruq".
 
 
Türkiyə ilə İsrail arasında mümkün müharibə məsələsinə gəlincə, ekspertə görə, bu əsasən vəd edilən torpaqlarla bağlı məqamdır:
 
"Vəd edilmiş torpaqların xəritəsinə baxdığımız zaman  orada İordaniya, Livan,  Suriya və İraq tamamilə, İran, Türkiyə və Səudiyyə Ərəbistanının isə müəyyən hissəsə yer alır. Məhz vəd edilmiş torlaqlar iddiasından irəli gələrək, Türkiyə ilə İsrail arasında gələcəkdə mümkün müharibənin olması ilə bağlı müəyyən fikirlər səsləndirilir".   
 
Həmsöhbətimiz düşünür ki, indiki zamanda, Türkiyə ilə İsrail arasında hər hansı bir müharibənin baş vermə ehtimalı yoxdur:
 
"İsrail Türkiyə istiqamətində müəyyən həmlələr edir. Suriya və İraq ərazisində müəyyən proses gedirsə, kürd zolağı layihəsi yenidən gündəmə gətirilirsə, bunlar artıq İsrailin Türkiyə istiqmaətində həmlələri kimi ifadə oluna bilər. Lakin birbaşa müharibə mümkün deyil. İsrailin Türkiyə ilə müharibə aparmaq potensialı çox aşağıdır. Digər tərəfdən, Türkiyə NATO ölkəsidir. Qərb bu müharibəyə razılıq verməyəcək. Hətta Qərb İsrailin İranla müharibəsində razı deyil". 
 
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibənin başlanması ilə Türkiyənin Təl-Əvivlə təzəcə normallaşmağa başlayan münasibətləri yenidən korlandı. Türkiyə İsrailin Qəzzada apardığı müharibəni qanunsuz adlandıraraq, İsraillə münasibətlərini yenidən kəskinləşdirmək yolunu tutdu. Son zamanlar, xüsusən də İsrailin Livana hücumu fonunda isə Türkiyə rəsmiləri hətta Təl-Əvivi dayandırmağın vacib olduğunu önə çəkməyə başlayblar. Belədə bəzilərinin fikrincə, İsraillə Türkiyə arasında hətta birbaşa savaş da yaşana bilər.
 
Rüfət Sultan
 
0.017112970352173