Aşıq Ələsgər əbcəd hesabından, hurufat elmini gözəl bilirdi

Aşıq Ələsgər əbcəd hesabından, hurufat elmini gözəl bilirdi
 

Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq çoxsaylı məclislərdə iştirak edib. Deyişmələrdə çox aşığı bağlayan Aşıq Ələsgər eyni zamanda dini mövzularda da bilikli olub.
Aşıq Ələsgər əbcəd hesabından, hurufat elmini gözəl bilirdi. Onun
"Əlif"dən dərs aldım, əbcəd öyrəndim, Huş verdim, öyrəndim yazıq "əmmə"ni Ələsgərəm, çətin adam sayılam, Vacibatda hurufatın sayı "lam"-misraları göstərir ki, tək din yox digər elmlər barədə də bilgiləri olub.

1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ömrünü müxtəlif məclislərdə keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. Son şeirlərindən birində yazır:

Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.

Oxuduğuma görə Aşıq Ələsgər son nəfəsində onun üstündə Quran oxuyan mollanı dayandırır.

Deyir “Molla oxuduğun ayəni düzgün tələffüz elə, gedirəm onsuz da, mənim pak ruhumu napak eləmə”.

Bunu eşidən onun başına yığışanlar təəccüblə ona baxırlar, az sonra isə Aşıq rəhmətə gedir. 1926-cı il mart ayının 7-də doğulduğu kənddə Ağkilsə qədiristənlığında dəfn olmuşdur.

Onun ölümü şeir, sənət həvəskarlarının dərin kədərinə səbəb olur. Həmin ağır günlərdə aşığın son nəfəsinə qədər yanında olan dostu Zodlu Abdulla qəbri üstündə bu şeiri deyir :

Dağlar qan ağlayır düşüb borana,
Daha bundan sonra çətin yarana.
Göyçə qana batsın, qaldı virana,
Daha Ələsgər tək ad alan varmı?!

1972-ci ildə Azərbaycanın xalq rəssamı Böyükağa Mirzəzadəyə Aşıq Ələsgərin portretin yaratmaq sifarişi olunur. Göyçə gölü rəsmini 1960-cı ildə uğurla çəkəndən sonra elə bu mahalın tanınan siması Aşıq Ələsgərin portretin çəkmək ona tapşırlır. O bunun üçün Göyçə mahalına gəlir, yaşlı insanlarla görüşür. Sonra Ağkilsə kəndində gedir. Aşıq Ələsgər barədə deyilənlər əsasında onu belə təssəvvür edir. Amma rəssamın yanıldığı bir məqam olur.

Aşıq Ələsgər solaxay idi.

Zaur Aliyev, dosent

Paralel.az 

0.0093889236450195