Anım Günü şəhid və qazi övladlarının “Xarıbülbül” payız düşərgəsi yekunlaşıb.

Anım Günü şəhid və qazi övladlarının “Xarıbülbül” payız düşərgəsi yekunlaşıb.
 

Anım Gününə həsr olunmuş şəhid və qazi övladları üçün “Xarıbülbül” payız düşərgəsi yekunlaşıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün keçirilən “Xarıbülbül” düşərgəsinin bağlanış mərasimi və Vətən müharibəsinin 4-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri, hərbçilər, tərəfdaş qurumların nümayəndələri, məktəblilər, media mənsubları və Füzuli sakinləri iştirak ediblər.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli şəhərində 4 gün müddətində maraqlı proqramla icra olunan “Xarıbülbül” düşərgəsinin ən yaddaqalan anlarını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin rəsmi hissəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, düşərgə iştirakçıları – şəhid polkovnik-leytenan Həmdəm Ağayevin qızı Aysu Ağayeva, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Şükürouv oğlu Ümid Şükürlü çıxış edərək öz fikir və təəssüratlarını bölüşüblər.

Çıxışlardan sonra
düşərgə iştirakçılarına sertifikatlar və hədiyyələr Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimiz tərəfindən təqdim olunub.
 
Tədbir musiqili-bədii hissə ilə davam edib. Yüksək vətənpərvərlik ruhunda keçən mərasimdə tanınmış incəsənət ustalarının və gənc musiqiçilərin ifalarında dogma yurdumuz Azərbaycana, Qarabağa, Şanlı Zəfərimizə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib.

Qeyd edək ki, 4 gün davam edən “Xarıbülbül” payız düşərgəsində şəhid və qazi övladları üçün mədəniyyət paytaxtımız Şuşa şəhərinə və Xankəndi şəhərinə ekskursiyalar, yenicə fəaliyyətə başlamış Qarabağ Universitetinə infotur, Hadrutda yerləşən N sayılı hərbi hissədə əsgərlərlə görüş, Füzuli şəhərində intellektual oyunlar, şəxsi və komanda inkişafı yönümlü təlimlər, müxtəlif şəbəkələşmə və idman oyunları, yarıdıcılıq üzrə master-klasslar təşkil olunub. 

0.2148220539093