BQXK rəsmisi: Anonim mənbələrin fikirləri qurumun rəsmi mövqeyi sayılmamalıdır

BQXK rəsmisi: Anonim mənbələrin fikirləri qurumun rəsmi mövqeyi sayılmamalıdır
 

BQXK-ya istinad edən anonim mənbələrin fikirləri BQXK-nın rəsmi mövqeyi hesab edilməməlidir.

Bunu “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Qeyd edək ki, avqustun 29-da Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi tərəfindən (OCCRP) Rasmus Kanbekin Azərbaycanla bağlı hazırladığı məqalə dərc olunub. Məqalədə anonim BQXK əməkdaşına istinadla bildirilib ki, Qarabağ regionunda BQXK-nın fəaliyyətinə guya maneə törədilir. Həmçinin Azərbaycan əleyhinə bir sıra iddia və ittihamlara da yer verilib.

İ.Hüseynova buna münasibət bildirərək vurğulayıb ki, belə mənbələrə ehtiyatla yanaşılmalıdır.

“Media ilə əlaqələrimiz münaqişənin təsirlərinə məruz qalmış əhalinin ehtiyaclarını qarşılamaq istiqamətindəki fəaliyyət imkanlarımıza əhəmiyyətli təsir göstərə biləcəyindən xəbərdar olduğumuza görə mövqeyimiz hərtərəfli düşünülür. Bir çox hallarda biz, humanitar ehtiyacları qarşılamaq üçün çox tərəfdaşla razılaşdırılmaya ehtiyac olan mürəkkəb şəraitlərdə fəaliyyət göstəririk. Bu insanlara yardım etmək üçün zəruri olan diplomatiya və koordinasiya aidiyyəti qurumlarla ikitərəfli dialoq vasitəsilə həyata keçirilir. Biz, bu görüşlərin məzmununu ictimailəşdirmirik. Uzun illər ərzində qazandığımız təcrübə bizə göstərdi ki, bu, işimizi görmək üçün ən təsirli yoldur”, - o qeyd edib.

İ.Hüseynova onu da əlavə edib ki, BQXK üçün missiyasına hörmətlə yanaşılması ümdə əhəmiyyət kəsb edir:

“Bizim kimi işi etibara əsaslanan bir qurum üçün ehtiyaclı insanlara dəstək vermək məqsədi ilə həyata keçirdiyimiz humanitar fəaliyyətlərin mümkünlüyü naminə onun missiyasına hörmətlə yanaşılması ümdə əhəmiyyət kəsb edir”.

 

0.017400026321411