O, gəncliyi öndə görmək arzusundaydı...- Xatirə
Sabir Quliyevin yaddaşımda qalan əziz xatirəsi haqqında düşünərkən
İstəsəm də, istəməsəm də yazıya "mərhum" ifadəsilə başlamağa məcburam. Çünki barəsində söz açdığım Sabir Quliyev 39 yaşındaikən gənc, yaradıcılığının parladığı vaxtda 1983-cü ildə dünyasını dəyişib.
Əmioğlu, gənc Sabir Müstəcəb oğlu Quliyevin haqqında ölümündən nə az, nə çox, düz 39 il sonra xatirə yazmaq və onun bu dünyada yaşadığı, yaratdığı, yadigar qoyub getdiyi poeziyanın kiçik bir bədii təzahürü barədə yatmış xatirələri oyatmaq istəyirəm.
Sabiri ilk dəfə, beşinci sinifdə oxuyanda Birinci Aşıqlı kəndinin yaşıl futbol meydançasında görmüşdüm. O zaman Sabirlə yaxından tanış deyildim, o da məni tanımırdı, aramızda 5 yaş fərq var idi, amma qohumluğumuzu, atalarımızın əmoğlu olduğunu bilirdim. Rəhmətlik əmim Müstəcəb Quliyev və atam Əlikişi Əhmədovla əmioğlu olduğunu körpə yaşlarımda atamdan eşitmişdim...
Allah dünyadan köçmüş bütün insanlara, qohumlara rəhmət eləsin! Yeri gəlmişkən onu da deyim ki, atam rəhmətlik qohumlarının xatirini çox istəyirdi, onları görmək üçün qonşu Birinci Aşıqlı kəndinə tez-tez gedərdi. Xalası, dayısı və əmisi oğlanları bu kənddə yaşadıqlarına görə, az qala hər gün bu kəndə gəzməyə gedərdi. Mən körpə olsam da, məni özü ilə aparardı. Rəhmətlik atamın bütün qohumları məni sanki uzun illər axtardıqdan sonra tapılan uşaq kimi çox istəyirdilər. Atamın qohumları boyumu sevələr, məni əziz uşaq kimi qarşılayar və yola salardılar. Biz Orta Əlinəzərli kəndində yaşasaq da, Birinci Aşıqlı kəndində atamın qohumları daha çox idi. Elə atamın əmisi oğlanları Müstəcəb və İsmayıl əmimi də o zaman tanımışdım. Nə isə, mətləbdən uzaqlaşmayaq...
Əmoğlu Sabir Quliyevlə ikinci görüşümüz Bakıda, pedoqoji institutda oxuduğum tələbəlik illərinə təsadüf etmişdi. Onda lap səmimi şəkildə yaxından tanış olduq. Həmin görüşümüzü çox yaxşı xatırlayıram. 1972-ci ilin yazında, Bakı şəhəri, Poluxin 71 ünvanda, Sona xanımın həyətindəki kirayə evdə yaşayırdı. Görüşümüzdən çox məmnun olmuşdu, xüsusən mənim ali məktəb tələbəsi olmağım, institutda əla qiymətlərlə oxumağım Sabiri çox şad etmişdi...
Sabir Quliyev dərin savada malik, elmə, bədii yaradıcılığa və müasir dünyagörüşlü adamlara çox yüksək qiymət verərdi. Danışığından hiss edirdim ki, sovetlər dönəmindən narazı idi və boş vaxt tapan kimi düşüncələrini dərhal şeirə köçürərdi.
Şeir yazmağa elə vərdiş etmişdi ki, demək olar, yazmadığı gün yox idi. Sabirin şeirlərilə yaxından tanış olanda sevgi, məhəbbət mövzularını daha çox görmək olur. Bir qism şeirlərində isə təbiəti vəsf edib, onu çox sevdiyini şeir janrında tərənnüm edib. Bədii yaradıcılığa, sevgiyə, məhəbbətə, vətənpərvərlik və qəhrəmanlığa köklənmiş, əsl insan kimi yaşamağa, yaratmağa ruhlandıran şeirləri də çoxdur.
Ölümündən 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq, gənc Sabir Quliyevin yaratdığı əsərlərin, gözəl kompazisiyaların bir hissəsi müxtəlif səbəblərdən bu günə gəlib çatmasa da, əlimizdə olan şeirlərinin mövzuları, qayəsi elədir ki, sanki bu gün, elə indicə yazılıb.
Allah möhlət versə, mərhum, gənc yaşlarından dünyadan köçmüş əzizimiz Sabir Müstəcəb oğlu Quliyevin şeirlər kitabının işıq üzü görməsinə çalışacağıq. Bu ilin dördüncü rübündə Sabirsevərləri onun şeir kitabı ilə sevindirmək arzusundayıq...
Tapdıq Abbas