İcad, İxtira, Kəşf
Baxmayaraq ki, icad, ixtira, kəşf sözləri bir çox hallarda eyni məna üçün sinonim kimi işlədilir, ancaq onlarda çox fərq var.
İcad - mövcud etmək, yoxdan var etmək, yaratmaq mənasındadır. Yoxdan var etməyi yalnız tanrıya və təbiətə aid edirlər. Ancaq insanlar da hər hansı məqsədlərinə, arzularına, düşüncələrinə, duyğularına, mülahizələrinə uyğun bir geyimin, binanın, yarağın, alətin, cihazın, silahın, təchizatın, maşının və s. ideyasını, layihəsini, eləcə də şeiri, musiqini, müəyyən incəsənət əsərini varlığın formalarına, səslərinə, rənglərinə, obrazlarına, məzmunlarına, qanunlarına əsaslanaraq, onları örnək alaraq ideyaca yoxdan, cismən isə maddədən var edirlər.
İxtira - əvvəllər bəşər məişətində olmayan, insan əliylə düzəldilən hər şeyin -- hər hansı məişət əşyalarının, geyimin, xörəyin, içkinin, alətin, silahın, texniki təchizatların və s. meydana gətirilməsidir.
Kəşf - təbiətdə, kainatda, varlıqlarda olan, ancaq indiyədək ümumən insanlara və şəxsən ya kiməsə məlum olmayan, bilinməyən şeylərin aşkar edilməsi, tapılması, dərk edilməsidir. Hərbi kəşfiyyat da məhz düşmənin yerini, gizli obyektlərinin yerini, qüvvələrinin qədərini öyrənmək əməliyyatına deyilir.
Tələt Mərdi Həqq
Paralel.az