Mariya Zaxarova: "İrəvan 2020-ci il 10 noyabr bəyanatından imtina etməyib"

Mariya Zaxarova: 
 

Rəsmi İrəvan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından imtina etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin guya “Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı “etnik təmizləmə” aparmasından sonra Rusiya 10 noyabr bəyanatının qüvvədə qaldığını hesab edirmi? Əgər hesab edirsə, o zaman Moskva ermənilərin Qarabağa qayıtmasını necə görür?” sualına cavabında bildirib.

Zaxarova erməni jurnalistin “etnik təmizləmə” terminindən istifadə etməsinə irad tutub. Qeyd edib ki, Qarabağda “etnik təmizləmə” ilə bağlı Ermənistanda hörmətlə yanaşılan heç bir beynəlxalq təşkilat hansısa nəticəyə gəlməyib.

“Biz sizinlə bunu yarım il bundan öncə müzakirə edərkən siz mənə hansısa beynəlxalq təşkilatın, beynəlxalq təşkilatda çalışan hansısa ekspertin “etnik təmizləmə” bağlı bir qərarını, qiymətləndirməsini göstərə bilmədiniz. Əgər sizdə belə bir məlumat varsa, müvafiq qiymətləndirmə varsa, o zaman nümunə gətirin, mənimlə bölüşün! O ki qaldı Rusiyanın Qarabağın erməni əhalisinin qayıtmasını necə görür sualına, mən dəqiqləşdirmək istəyirəm, bunu Ermənistan baş naziri Nikol Paşinyan necə görür? Bununla bağlı hansısa ətraflı proqram mövcuddurmu? Mən misal üçün, Qarabağın erməni əhalisinin qayıtması ilə bağlı Azərbaycan tərəfinin proqramını görmüşəm. Əgər Ermənistan baş naziri tərəfindən belə bir proqram irəli sürülübsə, mən məmnuniyyətlə ona baxardım. O zaman onu şərh də edərdim”.

Rusiya XİN sözçüsü 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının fəaliyyətdə olduğunu vurğulayıb. O, bu sənədin əvvəlki kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını təşkil etdiyini vurğulayıb. “Hesab edirik ki, bu bəyanata alternativ yoxdur. Əgər sizə Ermənistanda rəsmi səviyyədə kiminsə bu bəyanatdan imtina etdiyi məlumdursa, misal üçün imzasını geri götürübsə, baxmayaraq ki, həmin imza bəyanatda qalır və ya bu sənədin qüvvədə olmadığı barədə rəsmi bəyanat yayıbsa, o zaman biz bunu şərh edərik. Lakin biz belə bir şey eşitməmişik.

Qeyd olunan razılaşmalar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının bütün əsas treklərini, o cümlədən sülh müqaviləsinin işlənib-hazırlanmasını, sərhədlərin delimitasiya və demarkasiyasını, regionda kommunikasiyaların açılmasını, vətəndaş cəmiyyətləri arasında təmasların qurulmasını əhatə edir. Bunları şübhə altına qoymaq cəhdləri olduqca təhlükəlidir”.

Zaxarova əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi danışıqlar zamanı və avqustun 23-də Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bu mövzular ətraflı müzakirə olunub:

“Yeri gəlmişkən, siz Ermənistan hakimiyyətindən dəqiqləşdirə bilərsiz, danışıqlar zamanı (Putin-Paşinyan telefon danışığı-red) Ermənistan tərəfi rəsmi şəkildə bundan sonra üçtərəfli razılaşmalara qüvvədən düşmüş sənəd kimi baxdığı barədə məlumat veribmi? Mənə bu barədə heç nə məlum deyil”, deyə Rusiya XİN sözçüsü erməni jurnalistdən Ermənistan hakimiyyətindən üçtərəfli bəyanatın qüvvədə qaldığını hesab edib-etmədiklərini soruşmağı məsləhət görüb.

 

0.017690181732178