Putin Azərbaycana niyə gəlmişdi? - Araşdırma

Putin Azərbaycana niyə gəlmişdi? - Araşdırma
 

Tapdıq Abbas

Qarabağ müharibə veteranı,
Pedaqoji fəlsəfə doktoru,
"Əməkdar mədəniyyət işçisi",
"Azad Jurnalistlər Təşkilatı"
İB-in sədri, Qarabağ Komitəsi İH-nin üzvü... 

Prezident və xanımı tərəfindən hörmətlə qaşılanan Rusiya prezidenti Azərbaycana 2 günlük səfər etdi. Bu səfər barədə ehtimallar...

Keçmiş tariximizə nəzər salanda Rusiyasının Azərbaycanın başına gətirdiyi faciələr bu ölkəyə dost deməyə adamın dili gəlmir. Səbəbi var. Hələ ötən əsrin əvvəllərində Rusiya 11 Azərbaycan mahalını işğal edib, Ermənistan dövlətini yaradıb. Rusiyanın prezidenti Putinin dövlətinin ən ağır günündə ölkəmizə səfər etməsi və geniş tərkibdə görüş zamanı çıxış edərkən "Azərbaycan Rusiyanın yeganə sadiq dostudur" deməsi Risiyanın Azərbaycanla səmimi dost olmaq anlamına gəlməməlidir. Atalar yaxşı deyib ki, dost dosta tən gərək, tən olmasa, gen gərək! Axı Azərbaycan hara, Rusiya hara, hətta Rusiyanın əksər quberniyalarından kiçik olan ölkəmiz görən, nə vaxt böyüdü?!..

Lakin bütün dostları Rusiyaya "bay-bay" deyib. Qərbə və Avropa İttifaqına üz tutanda, hətta özünün for-postu adlandırdığı Ermənistan belə, Rusiyadan üz çevirib, düşmənə çevriləndə yalnız Azərbaycan öz dostluq ənənəsinə sadiq qaldı, Rusiyanın Ukraynaya hücüm edəcəyini bilə-bilə, ölkə Prezidenti Rusiya ilə strateji müttəfiqlik barədə sazişə çəkinmədən imza atd və Rusiyanın hər bir məqamda düşdüyü çətinliyə şərik çıxdı. Putun Bakıda olarkən öz dilinə gətirdiyi kimi, hazırda Rusiyanın Azərbaycandan başqa səmimi dostu yoxdur…
Azərbaycanla Rusiyanın indiki dostluğunun gələcəkdə Azərbaycan üçün nə qədər faydalı olacağı proqnozunu vermək çox çətin olsa da, artıq bu iki dövlət başçısının mövqeyini əks etdirən reallıqdır. Azərbaycan tək Rusiya yox, dünyanın bütün dövlətlərilə ikitərəfli və bərabərhüquqlu münasibət saxlayır. Azərbaycan müharibə edən hər iki tərəflə, yəni Rusiya və Ukrayna ilə dostluq münasibətlərini uğurla davam etdirir, hər iki ölkəyə vaxtaşırı humanitar yardımlar göndərir, onların barışıq masası arxasında əyləşib, qanlı müharibəyə son qoymağa çalışır.
Amma xalqımız heç zaman unutmur və unuda da bilməz ki, Ermənistan heç vaxt öz gücünə arxalanıb Azərbaycana qarşı işğalçılıq siyasəti apara bilməz. Dığalar Azərbaycan torpaqlarını son iki əsrdə yalnız Rusiyanın hərbi-iqtisadi yardımı ilə işğal ediblər. Bütün dövrlərdə, xüsusən 1988-ci ildən sonra Ermənistan Azərbaycana məxsus olan 7 rayonu işğal edib, həmin rayonlarda genosid siyasəti həyata keçirdi və xalq arasında deyildiyi kimi, həmin rayonlarda daşı daş üstə belə qoymadılar. Bu yolla Azərbaycan dövlətinə və xalqına trilyon manatdan çox maddi ziyan vurdular, bir milyondan çox insanı köçkün və qaçqın kökünə saldılar, Rusiya 27 il Ermənistanın əsrətdə saxladığı torpağımızın bir kəndin belə azad etməyə imkan vermədi,  ABŞ-nin himayəsilə Nikol Paşinyan Ermənistana baş nazir seçilənə qədər Rusiya prezidenti Putin Azərbaycana imkan vermədi ki, işğal olunmuş torpaqlarını geri alsın. Hazırda Ukraynada milyonlarla insanın qanını tökən, öldürən, evsiz-eşiksiz qoyan  Rusiya prezidenti Putin indi görən, hansı üzlə Azərbaycanın yardımına möhtac olduğunu dilinə gətirir?!...
Əslində, vallah bu sözə görə, məni qınamayın, Rusiya prezidenti Putinin Prezidentimizə aciz şəkildə müraciət edərək, Azərbaycandan yardım istəməsi şəxsən mənə ləzzət edir! Çoxdankı arzumdur ki, Ey Uca Allah, sənə yalvarırdım ki, Rusiyanı Azərbaycana möhtac elə! Artıq bu duamı Allah tərəfindən qəbul olunmuş hesab edirəm! Çox Şükr!..
Əsrlərə dayanan tarixi hadisələrin təhlili göstərir ki, Rusiya heç vaxt heç kiminlə, nə də Azərbaycanla dost olmayıb. Həmişə işğalçılıqla məşğul olub və işğalçılıq siyasəti həyata keçirməklə Avrasiya materikinin çox hissəsini işğal edib, dünyanın ən böyük ərazisi olan ölkəyə çevrilib. Tarixi mənbələrdən bəllidir ki, Rusiyanın öz ərazisi indiki ərazisindən dəfələrlə kiçikdir. Nəzərə alsaq ki, Rusiya Çarı IV İvan Qroznınun zamanında onun tapşırığı ilə general Andrey Timofeyeviç Yermak Ural dağlarını 1581-ci ildə ilk dəfə Berinq boğazına çatmaq üçün Şərqi Sibiri işğal etməyə çalışıb, Lakin tarixi mənbəələrdə yazılır ki, A.Yermak ilk döyüşdə Başqırd burnu uğrunda gedən döyüşdə Kuçum xanı məğlub etsə də, Kuçum xan mübarizəsini davam etdirir və Yermakın düşərgəsinə gecə basqın edib, adamlarını qırır. Yermakın özü isə qaçaraq Volqa çayında üzür, yorulur və çayda boğulub ölür, meyitini isə balıqçı tapır.
Yəni bu faktlar onu söyləməyə əsas verir ki, Rusiyanın Ural dağlarından Şərqə doğru olan bütün torpaqları işğal edilmiş Türk torpaqlarıdır. O cümlədən, Azərbaycanın Şimal hissəsi də Rusiya tərəfindən işğal olunduğu hər kəsə məlumdur. Soruşuram, belə də dostluq olarmı?!..
Azərbaycan kiçik dövlətdir və geopolitik təsir altında olduğuna görə, regionun ən güclü dövləti kimi, Rusiya ilə dostluq münasibətini qorumalıdır, bunu başa düşürük, amma onu da başa düşürük ki, Azərbaycan Rusiyanın dostluğuna qəti bel bağlamamalıdır. Çünki günü sabah Ermənistan Rusiya ilə barışıb, dostluğunu bərpa etsə, Rusiya mütləq Azərbaycanı Ermənistana qurban verəcək, bunu unutmayın…

 

0.012253999710083