“Özünə hörmət edən insan istefa verər” – Birlik sədri Qoşqar Təhməzliyə görün nələr dedi

“Özünə hörmət edən insan istefa verər” – Birlik sədri Qoşqar Təhməzliyə görün nələr dedi
 

Azərbaycanda kütləvi zəhərlənmələr intensiv hal alıb. Bir həftə ərzində öncə Gəncədə, Göyçayda, daha sonra isə Qəbələdə olmaqla yüzdən çox insan zəhərlənib. Hadisələrin əksəriyyəti toylarda və yaslarda olur.

Maraqlıdır, bu zəhərlənmələrdə günahkar kimdir? Burada başqa “əllər” ola bilərmi? Əgər qida zəhərlənməsidirsə, o zaman nə üçün restoranlara nəzarət edilmir?

Bahalı toylarımızda keyfiyyət, xidmət hələ də aşağı səviyyədə qalıb.

Mətbəxlərə nəzarət edən qurumlar öz işlərinin öhdəsindən gələ bilmirlər, yoxsa insanlar qidalarına fikir vermir?

Bu barədə Musavat.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, zəhərlənmələr çox zaman dövlət qurumları tərəfindən gizlədilir:

“Yalnız mətbuat vasitəsi ilə bu cür hadisələrin 60-70 faizinin üstü açılır. Mətbuat vasitəsi ilə cəmiyyətimiz zəhərlənmələrdən xəbər tutur. Əks halda çox zaman üstü ört-basdır edilir. Düşünürəm ki, bu cür intensiv zəhərlənmələrdən sonra Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli istefa verməlidir. Özünə hörmət edən insan postunu qoyub getməlidir. Etiraf edilməlidir ki, bu işi bacarmırlar.

AQTA-nın ən ciddi problemi cəmiyyətlə işləyə bilməməsidir. Məndə olan məlumata görə, rayon yerlərində toy edən insanlar AQTA-nın regional idarəsindən saxta icazə sənədləri alırlar. Bu yalançı ekspertizalara son qoyulmalıdır. Müstəqil ekspertiza yaranmalıdır. Onun rəyi məhkəmələrdə tanınmalıdır. Ölkədə ekspertiza adlı şey pis vəziyyətdədir. Yalançı ekspertiza, statistikanın gizlədilməsi, zəhərlənmələrin qeydiyyata alınmaması və s. ölkədə anormal vəziyyət yaradıb. Bütün cəmiyyət media işçilərinin hesabına bunlardan xəbər alır.

Görəsən, AQTA medianın işlərini izləyirmi? Mən ictimai şuranın üzvü olan zaman demişəm ki, siz gərək medianı izləyəsiniz və təşəkkür edəsiniz. Onlarla əlbir işləyəsiniz. Sədr müavini bir dəfə mənə dedi ki, “sən haradan bilirsən ki, işləmirik”.

Birlik olaraq AQTA-nı media ilə əlbir işləməyə çağırırıq. Onların ayaqları yerdən üzülüb. Milyon dollarlıq laboratoriyalar, akkreditasiyalar ağıllarını başlarından alıb. Cəmiyyətin içinə enmək lazımdır. Yas mərasimlərində AQTA-nın nümayəndələri olmalıdır”.

Ekspertin sözlərinə görə, ölkədə zəhərlənmələrin qeydiyyatı pis vəziyyətdədir:

“AQTA-nın rəsmi saytında zəhərlənmələrin sayı ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir. Guya bizdə zəhərlənmələr azdır. Yalançı statistikaya baxıb zövq alırlar. Bu məsələlərə son qoyulmalıdır. Ölkənin mükəmməl istehlakçı siyasəti formalaşmalıdır. AQTA-nın əsasnaməsində dəyişikliklər olmalıdır. Onlar cəld yoxlama mexanizminini tətbiq etməlidirlər. Yalandan deyirlər ki, toyda insanların zəhərlənməsi özlərinin hazırladığı qidadan olub. 27 il ərzində sənaye üsulu ilə hazırlanan qidadan zəhərlənmənin qeydiyyata alındığını görməmişəm. Çünki onların AQTA-dan olan icazə sənədi var. Ona görə də AQTA zəhərlənmələri adi vətəndaşların boynuna atır”.

0.028856039047241