Antiinhisar Xidməti şirkətlərin sövdələşməsini qanunsuzluq adlandırdı – İnternetin qiyməti bahalaşacaqmı?
“Aztelekom” MMC və “Baktelekom” MMC-nin birgə razılaşması əsasında avqustun 15-dən etibarən Azərbaycanda internetin qiyməti 40 faiz bahalaşdırılır. İnhisarçı dövlət şirkətləri internet paketinin minimum aylıq qiymətini 40 Mbit/s üçün 18 manatdan 100 Mbit/s üçün 25 manata çatdırılacağını elan edib.
Şirkətlər iddia ediblər ki, keyfiyyət yaxşılaşır, qiymətlər əslində ucuzlaşır. Adıçəkilən qurumların izahatında qeyd olunur ki, internetin sürəti 2,5 dəfə artırılacağı üçün qiymət ucuzlaşıb və bununla da Mbit/s-nin qiyməti 45 qəpikdən 25 qəpiyə enəcək.
Ekspertlər isə Rabitə, Nəqliyyat və Yüksək Texnologiya Nazirliyinin bu qərarını kartel sövdələşməsi hesab edərək, istehlakçılara qarşı böyük haqsızlıq adlandırırlar.
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz hesab edir ki, rəsmi statistikaya görə ölkə əhalisinin təxminən yarısı kəndlərdə yaşayır: “Biz bir daha hökumətə müraciət edirik. Əgər ölkədə vergi siyasəti regionları nəzərə almaqla tətbiq edilirsə, onda gəlin internet bağlantısı üçün də bu prinsipi tətbiq edək. İmkan verək ki, kəndlərdə yaşayanlar kütləvi olaraq internetdən imtina etməsinlər. Əgər biz istəyiriksə rəqəmsal transformasiya olsun, hökumətin min əziyyətlə rəqəmsallaşdırdığı xidmətləri kəndlərdəkilər də rahat əldə etsin, nəhayət, regionlar da inkişaf etsin, onda gəlin heç olmasa bir müddət kəndlərdə minimal internet tariflərinə toxunmayaq. Yəni kəndlərdə yaşayanlar üçün, yenicə keyfiyyətli internetə əlçatanlıq qazananlar üçün elə əvvəlki qaydada, bəlli bir dövr üçün 40 Mbit/s - 18 manat saxlanılsın. Az da olsa inanmaq istərdim ki, o nəhənglikdə Antiinhisar və İKTA bəlkə inhisarçıları yerində oturda bilər, bəlkə heç olmasa bu təkliflərə diqqət yetirə bilərlər”.
Ətraflı
Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ekspertlərin və əhalinin narazılığını haqlı sayıb, eyni zamanda adı çəkilən inhisarçı qurumların bahalaşma qərarını qanunsuzluq, kartel sövdələşməsi hesab edib. Qurumdan verilən açıqlamda deyilir: “Kütləvi İnformasiya Vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur”.
Qeyd olunur ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir: “Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur”.
Məlumatda vurğulanır ki, genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb: “Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir”.
Osman Gündüz isə ciddi bir dəyişiklik gözləmir, ekspert hesab edir ki, kosmetik yumşalma ola bilər.
Rasim Əliyev
“AzPolitika.info”