Seçki ssenarisi: Hansı yol seçildi?

Seçki ssenarisi: Hansı yol seçildi?
 

Halallaşma mənəvi keyfiyyətdir. Şərlə halallaşma, keçmişlə halallaşma... O cümlədən gənclərin yerini tutan yaşlılarla halallaşma...
Sentyabr ayının 1-də guya parlament seçkiləri keçiriləcək. Bu parlament seçkilərinin gedişatı onun nəticələrinin necə olacağına 99% təminat verməyə əsas verir. Artıq orada oturdulacaq şəxslərin siyahısı da bəllidir. Özünə rəva bilib bu alternativ fonu yaradanlar da pərişan olmağa başlayıblar. Buna "sizif əməyi" də demək olar.

Əslində bu ilki parlament seçkiləri tamamilə başqa ssenarilər üzrə baş verə bilərdi.

Birinci ssenari...
Formula-1 yarışması keçirilir, ardınca GOP-29 tədbiri keçirilir. Ölkəmizə 10 minlərlə qonaq gəlir. Onların yaratdığı eyforik vəziyyətə uyğun olaraq da bir dənə isti günlərinin o cırhacırında araya salıb bir neçə həftəyə də bir Məzahir müəllimin karuseli ilə bir dənə də parlament seçkisi keçirirsən. İli başa vurursan və başlayırsan toy-bayrama... Keçmişdə olub keçənləri yeni val kimi fırlatmağa və Qarabağ zəfərin uzunmüddət istismarı üzərində növbəti illərə körpü salınır...

İkinci ssenari....
Demokratik seçkiyə yaxın babat bir seçki keçirilir. “Ev tapşırıqlarına” uyğun parlamentə “pəncərədən” gedən yolu bağlayıb, “qapıdan” gedən yolu açırsan.

Düşünən başları, yeni siyasi obrazları və ağıllı düşüncə sahiblərinin parlamentə yolunu açırsan. Yeni siyasi mədəniyyət və oyun qaydaları müəyyənləşdirirsən. Yeni siyasi səhifə açmağa dair siyasi qərar verilir. Hakim iradə ilə cəmiyyətlə bütövləşirsən. Fərqli siyasi münasibətlər sistemi qurursan və cəmiyyətdə narazılıq daşları uyğun çuxurlara yerləşdirilir.

Hamı biri-birini öz adı ilə çağırmağa başlayır. Müraciət formaları və ritorikalar dəyişdirilir. Resurslar cəmiyyətlə bölüşdürülür. Siyasi iddiası olanların dövlət quruculuğu prosesində aktiv və passiv iştirak haqqını tanıyırsan. Özünüifadənin mədəni müstəvisi yaradılır.
İqtidar qəbul edir ki, milli düşüncəni diri saxlayan, demokratik prinsiplərin və uzunmüddətli mübarizə yolu keçmiş müxalifəti dövlət protokoluna salır.

Müxalifət hakimiyyətin idarəçiliyinin neqativ aspektləri ilə yanaşı Qarabağ düyününün açılmasının müəllifi olduğunu qəbul edir və həmin mövqeyin siyasi tariximizdə oynadığı rolun əhəmiyyətini azaltmağa cəhd etmir.

Daxildə razılaşdırılmış siyasi oyun qaydaları və rəqabətli yarış ruhu cəmiyyəti hakim roluna gətirir.

Parlamentdə fraksiyalar yaranır. Küçələrdəki siyasi nazarılıq enerjisi parlament divarları arasında ideyaların generasiyası və mükaliməsi ilə əvəzlənir.

Parlamentdə lal-dinməz hazır mətnləri üzündən oxuyanlar siyasi hazırlığı olan və analitik bacarığı ilə seçilən siyasətçilərlə, iqtisadçılarla əvəzlənir.

O zaman bu məmləkətdə baş verənlərə cəmiyyətin apolitik baxışı daha aktiv həmrəyliklə əvəzlənir. Yeni parlament seçkiləri ilə cəmiyyətdə antoqonist mövqelərin daşıyıcıları siyasi konsensusa yaxınlaşırlar və qarşıdurma mühiti mülayim siyasi atmosferin yerini tutur. Və heç kim sabahından narahat olmamağa başlayır.

Belə bir müstəvini bir kənara qoyub, tamamilə "köhnə hamam, köhnə tas" prinsipi ilə XXI əsrdə necə yürüməyin qeyri-müəyyənliyi ölkənin inkişafını dalana dirəyir. Məhəllələrində bələdiyyə seçkilərini qazana bilməyənlərin parlamentdə başqalarının yerinin tutması ilə bu cəmiyyət hara gedir? Bu "yertutmaların" son dayanacağı haradır?

Düşünün, cənablar, düşünün...

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı 

Paralel.az 

0.037290096282959