İş yerində soyuducunun arxasına düşən kişi meyiti 10 il sonra tapıldı - FOTO
Xəbər verdiyimiz kimi, iş yerində soyuducunun arxasına düşən kişi meyiti 10 ildən sonra tapılıb.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ABŞ-nin Ayova ştatının Kənsl Blafs şəhərində baş verib.
Meyit şəhərdə bu ilin yanvarında 3 ildir fəaliyyət göstərməyən supermarketin rəflərini və soyuducularını təmizləyərkən tapılıb.
Lakin cəsədin kimliyini, yaşı və cinsini o zaman müəyyən etmək mümkün olmayıb. Aylarla davam edən araşdırma, meyit üzərində aparılan yarılma və DNT testi nəticəsində cəsədin 10 il əvvəl yoxa çıxan Larri Eli Murillo-Monkada adlı işçiyə aid olduğu üzə çıxıb.
Ehtimal olunur ki, Murillo-Moncada supermarketdə soyuducuların üzərinə çıxıb, lakin təsadüfən soyuducunun arxasına düşüb və soyuducu ilə təxminən yarım metr aralıda olan divar arasında ilişib qalıb.
Larri Eli Murillo-Monkada yoxa çıxanda 25 yaşında idi. 28 noyabr 2009-cu ildə “No-Frills” adlı supermarketlər şəbəkəsində işləyərkən yoxa çıxan Murillo-Monkadanın işini araşdıran polis məmuru həmin vaxt fırtına olduğunu və onun ayaqqabılarını, corabını, açarını və ya avtomobilini götürmədən yoxa çıxdığını bildirib.
Cəsədin tapılmasından sonra aparılan araşdırma zamanı marketin keçmiş işçiləri gözdən uzaqlaşıb dincəlmək üçün anbar kimi də istifadə edilən soyuducuların üzərinə çıxdıqlarını bildiriblər.
Əməliyyatçılar belə nəticəyə gəliblər ki, Murillo-Monkada evdən çıxıb, sonra supermarketə gedib, soyuducunun üstünə çıxıb və sonra 3,5 metr hündürlükdən divarla soyuducu arasında yıxılaraq ölüb.
İstintaqı aparan polis məmurlarından Brandon Danielson bildirib ki, soyuducuların mühərrikləri yüksək səslə işlədiyi üçün Murillo-Moncadanın səsi yəqin ki, eşidilməyib.
Yarılma hesabatında heç bir travma əlaməti aşkarlanmayıb.
Onun ölümü təsadüfi kimi qiymətləndirilib və iş bağlanıb.
25 yaşlı gəncin hansı şəraitdə öldüyünü təsviretmək üçün qısa video da hazırlanıb.