Qəzənfər Abbasovdan Zeynəb Xanlarovanın parodiya edilməsinə reaksiya
"Zeynəb tək Azərbaycanın deyil, dünyanın Zeynəbidir. SSRİ Xalq artistidir. Dünyanın bütün ölkələrində konsertlər verib, sevib-sevilib. Özbəklər, tükmənlər, qazaxlar bizim qardaşımızdır. Hamısı Turana daxildir, biz bir millətik. Özbək qızının Zeynəb xanımı seviməsi təbii haldır. Mən o xanımın çıxışını alqışlayıram".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov Özbəkistanda özbək qızının Xalq artisti Zeynəb Xanlarovanın parodiya edilməsini əks etdirən videogörüntüdən danışarkən deyib. Xanəndə bildirib ki, Azərbaycan xalqı onun nəğmələriylə böyüyüb:
"Mahnılarımızı, musiqimizi, şeriyyatımızı sevmişik. Zeynəb sənətini təkrarlamaq istəyənlər, ona baxıb səhnəyə gələnlər özlüyündə böyük Zeynəb məktəbinin davamçılarıdır. Zeynəb xanım bütün xalqların dilində mahnılar oxuyub. Həmin xalqlar onu çox seviblər. Sovet dönəmində hamı Türkiyəyə kapitalist ölkəsi deyib "düşmən” kimi baxanda Zeynəb xanım verdiyi konsertlərdə türk mahnıları oxuyurdu, özü də türk ləhcəsində. Mahnıları ilə türkü bizə sevdirirdi. Onun haqqında saatlarla danışmaqla bitməz, tükənməz. Zeynəb xanım bir dəryadır, onu üzüb keçmək olmur. Onu Azərbaycan musiqisində novator müğənni hesab edirəm".
Qəzənfər Abbasov hesab edir ki, Zeynəb Xanlarova səhnəyə yeni ruh, yeni nəfəs, gözəllik, geyim, oxu mədəniyyəti gətirib:
"Qadınlar arasnda "Çahargah” dəstgahını ilk dəfə Zeynəb xanım ifa edib. Onun ifasında bir neçə muğamımız Azərbaycan Radiosunun qızıl fondunda qorunub saxlanılır".
Qeyd edək ki, Özbəkistanda "Talent show”da özbək qızı Xalq artisti Zeynəb Xanlarovanın "Sevirəm de" mahnısı sədalarında onu parodiya edib. Bu sosial şəbəkələrdə böyük rezonans doğurub.