Avropanın ən böyük atom elektrik stansiyasında yanğın baş verdi - VİDEO
Rusiyanın Ukraynadan ilhaq etdiyi Avropanın ən böyük atom elektrik stansiyası (AES) olan Zaporojyada yanğın baş verib.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Ukrayna ordusunun hücumu nəticəsində AES-də yanğın baş verdiyini açıqlayıb.
Ukraynanın hücumu nəticəsində Zaporojya AES-in soyutma sistemində yanğın baş verdiyi və stansiyanın fəaliyyəti ilə bağlı hər hansı təhlükənin olmadığı bildirilib.
Zaporojya vilayətinin qubernatoru Yevgeni Balitskiy elektrik stansiyasında və onun yerləşdiyi şəhərdə radiasiyanın normal səviyyədə olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Ukrayna Prezidenti Vladimir Zelenski isə yanğına görə Rusiya tərəfini ittiham edib.
Ukraynanın Nikopol vilayətinin Hərbi Administrasiyasının rəhbəri Yevgeni Yevtuşenko bildirib ki, elektrik stansiyasının ərazisində yanğın baş versə də, bu, Zaporojya AES-in fəaliyyətinə təhlükə yaratmayıb.
Ukrayna ərəfin rusların təxribat törətmək və panika yaratmaq məqsədilə yanğın törətdiyini bildirib.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojya AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Elektrik stansiyası 2022-ci ilin martında ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları olsa da, Ukrayna və Rusiya hücumlarda bir-birini günahlandırır.