Trampın qərargahı hakerlərin hücumuna məruz qalıb
ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahı hakerlər tərəfindən sındırılıb.
Paralel.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-a düşmən olan xarici hakerlər qərargahın daxili yazışmalarına icazəsiz giriş əldə ediblər.
Hücumda İrandan olan hakerlər şübhəli bilinir.
Jurnalistlər Trampın seçki kampaniyası ilə bağlı sənədləri iyulun 22-dən naməlum şəxslərdən almağa başlayıblar.
"Bu sənədlər 2024-cü il seçkilərinə müdaxilə etmək və bütün demokratik prosesə xaos yaymaq üçün ABŞ-a düşmən olan xarici mənbələrdən qeyri-qanuni yolla əldə edilib", ABŞ-ın keçmiş prezidentinin seçki kampaniyasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq bildirib.
O əlavə edib ki, Microsoft hesabatında iranlı hakerlərin 2024-cü ilin iyununda yüksək rütbəli amerikalı məmurun hesabını sındırdığını göstərib.
Bundan əvvəl Microsoft İrana bağlı haker qruplarının bu ilin noyabrında keçiriləcək ABŞ seçkilərinə müdaxilə kampaniyasına başladığını açıqlamışdı.