Bu müəssisələr sudan qanunsuz istifadə edirmiş - VİDEO
Bakının Nizami rayon Sukanal İdarəsi əməkdaşlarının sudan qeyri-qanuni istifadənin aşkarlanması və aradan qaldırılması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı bəzi obyektlərdə içməli sudan qanunsuz istifadə halları qeydə alınıb.
Bu barədə “Paralel.az ”a “Azərsu” ASC-dən məlumat verilib.
Belə ki, Ş.Mirzəyev küçəsi, ev 20 ünvanında yerləşən “Zil” restoranına avqustun 1-də baxış keçirilərkən məlum olub ki, həmin ərazidəki Şəhidlər parkına çəkilən xətdən götürülən su ilə restoranın həyəti suvarılır.
Avqustun 5-də restoranda aparılan təkrar yoxlama nəticəsində oxşar halın yaşandığı aşkara çıxıb. Restoran əməkdaşları sayğacaqədərki xəttə rezin boru birləşdirərək sudan qanunsuz istifadə ediblər.
M.Şərifli küçəsi 2593-cü məhəllə, ev 1/bTK, mənzil 0 ünvanında yerləşən “Su sexi”nə iyulun 24-də baxış zamanı da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Avqustun 5-də təkrar baxış keçirilərkən yenidən eyni hal qeydə alınıb. Quraşdırılan sayğacdan keçən su xətti kəsilərək birbaşa qoşulma ilə müəssisədə su təminatı qanunsuz yolla qarşılanıb.
C.Naxçıvanski küçəsi, ev 50/A ünvanında yerləşən “Şəki” kafesi, Ə.Kürçaylı küçəsi, ev 8 ünvanında yerləşən “Yuyucu” və R.Rüstəmov küçəsi, ev 41 ünvanındakı “Yuyucu” müəssisələrində avqustun 1-də aparılan yoxlamalar zamanı sudan qanunsuz yollarla istifadə halları müəyyənləşdirilib.
“Bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib, dəymiş ziyanlar əsasında akt tərtib olunub”, - məlumatda deyilir.