Səkilər daralır, məmurların cibləri genişlənir – Bakı küçələrində təhlükəli vəziyyət yaranıb
Bakının mərkəzi küçələrində səkilər əcaib şəkildə zəbt olunub. Bu halla paytaxtın bütün ərazilərində rastlaşmaq olur. Piyadalar yol gedərkən məcbur avtomobil yoluna çıxır. Bu da insanların həyatına təhlükə yaradır.
Bəs nə üçün bu məsələ həll edilmir? Aidiyyatı qurumlar şəkiləri niyə “işğaldan” azad etmir?
Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı təəssüflə bu kimi halların olduğunu qeyd edib.
O, həmin yerlərin icra hakimiyyətləri tərəfindən satıldığını bildirib:
“Bu kimi hallara icra hakimiyyətləri şərait yaradır. Təəssüf ki, Fövqəladə Hallar Nazirliyi (FHN) də belə şeylərə göz yumur.
Elməddin Muradlı
Həmin zirzəmilər sığınacaq kimi istifadə olunmalıdır, onların təyinatı tamam başqadır. Amma görünür, pul hərisliyi bəzi məmurların gözünü tutub və onlar ciblərini doldurmaq üçün bu cür obyektlərin olmasına şərait yaradırlar”.
E.Muradlı deyib ki, səkilərin kəsilməsi piyadaların narahatlığı üzərində qurulur:
“Yüzlərlə, minlərlə insan narahat olur, amma kimlərsə cibini doldurub, rahatlaşır. Ona görə də qanunsuz işlərin qarşısı alınmalı, belə hərəkətlərə yol verən şəxslər cəzalandırılmalıdır. Piyadalar üçün normal şərait yaradılmalıdır. Səkilərin kəsilməsi qəti yolverilməzdir. Onsuz da bu küçələrdə səkilər dardır. Çünki küçələr elə salınıb ki, orada geniş səki yaratmaq mümkün deyil. Üstəlik, səkilər satılanda da, kəsilib obyektlərin giriş-çıxışı kimi istifadə olunanda da belə bir xoşagəlməz mənzərə yaranır. Bunlar hamısı icra orqanlarının səhvləridir”.
Qeyd: Bakının Yasamal rayonunda səkilərin əksəriyyəti ticarət obyektləri tərəfindən tutulub. Rayonun icra başçısı Elşad Həsənov səkiləri satmaqla ciblərini doldurur camaat isə əziyyət çəkir və təhlükə ilə üzləşir.